Pirşağının “köpüklü hamamı”: Qurumlar problemin həllinə laqeyd yanaşır - VİDEO

Pirşağının “köpüklü hamamı”: Qurumlar problemin həllinə laqeyd yanaşır  - VİDEO
13:14 12-01-2021 | icon 310

Sabunçu rayonu ərazisində kanalizasiya suları təmizlənmədən birbaşa Pirşağı çimərliyinə axıdılır. Kanalizasiya sularının üfünət qoxusundan əraziyə yaxınlaşmaq mümkün deyil. Həmçinin suların təmizlənmədən axıdılması Xəzər dənizinin çirkləndirilməsinə səbəb olur ki, bu da insanlar üçün təhlükə mənbəyidir. 

Çimərliklərin monitorinqi ilə bağlı 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, Pirşağı çimərliyi ərazisində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır. Amma deyəsən, nazirlik manitorinq apararkən yolunu bu ərazidən salmayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələ ilə bağlı artıq araşdırma aparılır.

Uzun illərdi Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayışın olmasına baxmayaraq, “Azərsu” ASC-i hələ də bu ərazilərə su təchizatı, tullantı sularının axıdılması sistemlərinin qurulması işlərini həyata keçirməyib. Məhz buna görə də çirkab suları birbaşa təmizlənmədən dənizə axıdılır. 

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, bu istiqamətdə mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulmayıb:

“Bu səbəbdən çirkab suları birbaşa dənizə axıdılır. Amma baş planda Pirşağı və ətraf qəsəbələr üçün müasir tipli bioloji tullantı təmizləyici qurğusunun qurulması planlaşdırılır. Tezliklə qurğu 11 qəsəbənin çirkab sularının təmizləməsinə xidmət edəcək”.