Azərbaycanda aqroturizmlə bağlı VACİB ADDIM

Azərbaycanda aqroturizmlə bağlı VACİB ADDIM
15:56 11-01-2021 | icon 305

Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizmyönümlü fəaliyyətlərin birləşməsindən yaranan aqroturizm imkanlarından istifadəni təşviq məqsədilə “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı” hazırlanıb.

Agentliyin nümayəndəsi Könül Nuriyeva bu barədə milletinsesi.info-a məlumat verib.

Onun sözlərinə görə, aqroturizm kənd təsərrüfatı və turizmyönümlü fəaliyyətlərin birləşməsindən yaranan xidmət sahəsi olub:

“Fermerlər üçün böyük investisiya tələb etməyən, maddi və qeyri-maddi turizm resurslarından istifadə edərək, yeni gəlir mənbəyi yaratmaq vasitəsidir.

Aktiv şəkildə kənd təsərrüfatı ilə məşğul olan fermerlər, bağbanlar və digər kənd təsərrüfatı subyektləri və öz təsərrüfatlarını həm də  aqroturizm destinasiyası kimi təşkil etmək istəyən və hazırda aqroturizm xidmətləri təqdim edən sahibkarları düzgün istiqamətləndirmək üçün “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə Bələdçi kitabı”nın hazırlanmasına qərar verildi. 

Kitabın hazırlanmasında dünya təcrübəsi və bu sahə üzrə ixtisaslaşmış ölkələr nəzərdən keçirilib, Lənkəran, Gədəbəy, Daşkəsən, Tovuz və Göygöl rayonlarından ümumilikdə 10 kənd olmaqla, 15 fermerlə müzakirələr aparılıb. 

“Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl sektorun inkişafına dəstək layihəsinin maliyyə dəstəyi və Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib”.

O qeyd edib ki, kitab ilkin halda 100 ədəd çap edilib, fermerlərə paylanılması nəzərdə tutulub. 

“Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı”nı əldə etməklə fermerlər qeyd olunan istiqamətlər üzrə maariflənmiş olacaqlar:

- Aqroturizm nədir və onun faydaları nədən ibarətdir?

- Aqroturizm fəaliyyətinə kimlər başlaya bilər?

- Turistlərin aqroturizmi seçməsində əsas təsir edən amillər hansılardır və turistlərin davamlılığını necə qorumaq lazımdır?

- Aqroturizm fəaliyyətinə başlayan zaman mövcud kənd təsərrüfatı və turizm resursları necə qiymətləndirilməlidir?

- Öz təsərrüfatımızın GZİT və TİZG təhlilini necə aparmalı?

- Aqroturizm fəaliyyəti göstərən zaman yerləşdirmə vasitələrini necə təşkil etməli və bilməli olduğumuz əsas etiket qaydaları hansılardır?

- Öz təsərrüfatımızın/biznesimizin tanıtımını, marketinqini necə aparmalı, sosial media vasitələrindən necə istifadə etməli?

- Aqroturizm fəaliyyəti zamanı müştəri məmnuniyyətini necə yüksəltməli və təhlükəsizlik qaydalarına riayət etməli?

- Aqroturizm fəaliyyətinə başlayarıqsa, dövlət tərəfindən hansı güzəşt və dəstək əldə edə bilərik.

K.Nuriyeva əlavə edib ki, eyni zamanda, kənd turizminin inkişaf etdirilməsi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş öhdəliklər sırasındadır:

“Kənd təsərrüfatı və turizm sektorları regionların sosial, həm də iqtisadi inkişafında, eləcə də, iqtisadiyyatın diversifikasiyasında mühüm rol oynadığından layihənin fermerlər arasında tanıtımı və tətbiqindən gözlənilən nəticələr onların maddi rifah halının yüksəlməsi, alternativ gəlirlər əldə etməsinə imkanların yaradılması, regionun və az tanınan destinasiyaların geniş turist kütləsi arasında tanıdılması olacaq”.