İlqar Rəhimov: “Qazilərimiz də abilimpiya hərəkatından faydalana biləcək” 

İlqar Rəhimov: “Qazilərimiz də abilimpiya hərəkatından faydalana biləcək” 
16:07 30-11-2020 | icon 1457

Bir çox aparıcı ölkələrdə fiziki məhdudiyyətli şəxslərin məşğulluq və özünüməşğulluq proqramlarında iştirakı üçün lazım olan şəraitin yaradılması dövlətin sosial siyasətinin prioritet məsələlərindən sayılır. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi, onların yeni peşələrə sahib olması, cəmiyyətə inteqrasiyası Azərbaycanda da dövlət siyasətinin əsas prioritetlərindən biridir. 

Dövlət bu sahədə bütün lazımi işləri həyata keçirir. Dövlətə bu sahədə dəstək göstərmək, işlərin mütəşəkkil aparılması məqsədilə ölkəmizdə Milli Abilimpiya Federasiyası təsis olunub və müvafiq qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçib. Təsis konfransında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov eyni zamanda Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının prezidenti seçilib.

Beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi və Federasiyanın gələcək planları barədə Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimovla müsahibəni təqdim edirik.

– Məlum olduğu kimi, ölkəmizdə xeyli istedadlı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar var. Bu sahədə onlara dəstək verilməsi və üzə çıxarılması sahəsindəki mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Bəli, ölkəmizdə xeyli istedadlı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar var və bu insanlar müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Ölkəmizdə aparılan sosial siyasətin inkişafında 25 ildən artıq fəaliyyət göstərən şəxs kimi qeyd etməliyəm ki, hökümətimiz uğurlu dövlət siyasəti həyata keçirir, gerçəkləşən uzunmüddətli dövlət proqramlarında sosial siyasətin ön planda olması və davamlı olması görülən işlərin daha səmərəli, keyfiyyətli və təkmilləşdirilməsinə şərait yaradır. Əlilliyi olan insanlarla bağlı görülən işlər də bu dövlət siyasətinin tərkib hissəsidir, xüsusi ilə də dövlət təminatı, əlçatan təhsi, məşğulluq və s. sosial sahələri əhatə edir. Bu qəbildən olan insanların, xüsusəndə sağlamlıq imkanları məhdud uşaqların və gənclərin peşəyə yiyələnmələri və ixtisaslarını təkmilləşdirmək məqsədi ilə həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən müəyyən işlər görülür. Ölkə başçısı cənab İlham Əliyev bununla bağlı tapşırıqlar verib, Birinci vitse-prezident, hörmətli Mehirban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan insanlarla bağlı ölkəmizdə böyük miqyaslı işlər reallaşdırlır, əhəmiyyətli layihələr icra edilir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi tərəfindən qeyd etdiyim dövlət proqramları uğurla icra olunur, bu istiqamətdə mühüm işlər görür.

Bütün bunlarla yanaşı qeyd edim ki, əlilliyi olan insanların peşə bacarıqlarına yiyələnmələri, mövcud potensiallarını inkişaf etdirmələri və öz bacarıqlarının cəmiyyətə təqdim etmələri sahəsində daha çox geniş miqyaslı və səmərəli işlərin görülməsinə, istedadlı insanların mövcud potensialları istiqamətində məşğulluğunun artırılmasına ehtiyac var. Ölkəmizdə yüzlərlə bacarıqlı əlilliyi olan insanlar var, onların bir qismi idman sahəsində fəaliyyət göstərsələrdə, böyük əksəriyyəti isə peşə fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən əlilliyi olan şəxslərdir ki, onların ya əlillik səbəbləri idman üçün yararlı olmadığına görə bu sahədə fəaliyyət göstərə bilmirlər və ya öz istəklərinə görə fəaliyyət göstərmək istədikləri digər peşə sahələri var. Milli Paralimpiya Komitəsi olaraq ölkənin bütün bölgələrindən əlilliyi olan vətəndaşlarımız və yaxud onların valideyinləri tərəfindən bizə müraciətlər edilir. Bu müraciətləri araşdıranda bir çox hallarda müəyyən etmişik ki, idmanla məşğul olmaq istiyən əlilliyi olan şəxslərin əksəriyətini təşkil edən çoxluq fiziki durumu səbəbindən idmanla məşğul ola bilməsədə digər peşə sahələrində daha uğurlu fəaliyyətlə məşğul ola bilər. Heydər Əliyev Fondunun dəstəyi ilə Paralimpiya Komitəsi tərəfindən 2019-cu ildə həm idman, həm də incəsənət mövzusunda “Yenilməzlər” adlı QALA konserti təşkil olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və bir çox nazirlərin, səfirlərin qatıldığı bu tədbirdə bir daha şahidi olduq ki, ölkəmizdə çox sayda istedadlı, bacarıqlı əlilliyi olan vətəndaşlarımız var, onların bu potensialından dövlətimiz, cəmiyyətimiz yararlanmalıdır. Bunun üçün onları bacarıqları sahələrə düzgün istiqamətləndirmək, fəaliyyətlərinin inkişafina dəstək olmaq və onları məşğul olduqları sahənin peşəkarına çevirmək lazımdır. Bu sahədə uğurlu nəticə əldə etmək üçün paralel olaraq bütün infrastruktur sahələrdə ilk növbədə müəssərlik problemi həll olunmalıdır ki, bu qəbildən olan insanlar maneəsiz həyat tərzi yaşasınlar, fəaliyyət göstərsinlər, cəmiyyətimizə faydalı olsunlar. 

Bütün bu zəruri halları nəzərə alaraq Milli Paralimpiya Komitəsi bu boşluğun aradan qaldırılması məqsədi ilə araşdırma apardı və nəticədə məlum oldu ki, dünyada bu sahədə fəaliyyət göstərən Abilimpiya hərəkatı mövcuddur ki, bir çox böyük dövlətlər bu hərəkata qoşulub. Bizdə bu hərəkata qoşulmağı qərara aldıq. Bu məqsədlə Milli Paralimpiya Komitəsi Beynəlxalq Abilimpiya təşkilatı ilə danışıqlara başladı, ilkin əməkdaşlıq istiqamətlərini müzakirə etdi. Sonra Milli Paralimpiya Komitəsinin nümayəndə heyətinin keçən il Yaponiyaya səfəri zamanı Beynəlxalq Abilimpiya Komitəsinin rəhbərliyi ilə görüş keçirdi, əməkdaşlıq memorandumu imzaladı və Milli Paralimpiya Komitəsi Beynəlxalq Abilimpiya təşkilatlarının üzvlüyünə qəbul olundu.  

Düşünürəm ki, ölkəmizdə də Abilimpiya hərəkatının təşkilatlanmasına ehtiyac var və sevindirici haldır ki, Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda Abilimpiya hərəkatı yaradıldı. Artıq bu istiqamətdə görülən işlərin nəticəsi kimi Milli Paralimpiya Komitəsinin təsisçiliyi ilə həm Azərbaycan Milli Abilimpiya Federasiyası, həm də “Müəssərliyin Qiymətləndirilməsi Mərkəzi” MMC öz fəaliyyətinə başlayıb. 

– Xahiş edirəm ki, hərəkat haqqında ətraflı məlumat verərdiniz.

– Abilimpiya əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar  arasında peşə sahəsində Beynəlxalq Müsabiqələr (yarışlar) sistemidir. Bu hərəkat 1972-ci ildə Yaponiyada yaradılmış və ilk Beynəlxalq Abilimpiya Musabiqələri 1981-ci ildə Tokio şəhərində  keçirilib. Abilimpiya hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Abilimpiya Hərəkatına 50-yə yaxın ölkə qoşulub: Yaponiya, Avstraliya, Çin, Hindistan, Fransa, Cənubi Korea, Çexiya, İran İslam Respulikası, Rusiya və sair. 2021-ci ildə X Beynəlxalq Abilimpiya çempionatının Rusiya Federasiyasının Moskva şəhərində keçirilməsi planlaşdırılır və Azərbaycan milli komandası da ilk dəfə olaraq  bu çempionatda iştirak edəcək.

– Azərbaycan Milli Abilimpiya Federasiyasının yaradılmasında əsas məqsəd nədən ibarətdir və hansı peşə sahələri Abilimpiya yarışlar sisteminə daxildir?

– Ümumiyyətlə Abilimpiya yarışlar sisteminə 100-ə qədər peşə sahələri daxildir. Ölkəmizdə yaşayan əlilliyi olan insanlar arasında ən çox aktuallığı ilə seçilən və Beynəlxalq Abilimpiya Müsabiqələrinin əhatə etdiyi peşə sahələrinə uyğun olan elm, incəsənət və xidmət sahələrini əhatə edən bir çox peşə sahələridir. Qeyd edim ki, yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyasının əsas məqsədi müvafiq təşkilatlarla birlikdə ölkə daxili və beynəlxalq müsabiqələrin təşkil edilməsi və yarışlarda iştrakçılığın təmin edilməsi ilə yanaşı ölkəmizdə əlilliyi olan insanların əmək reabilitasiyasına və mükəmməl peşə ixtisaslarına cəlb etməklə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir. Federasiyanın fəaliyyətinin digər əsas istiqamətlərindən biri də ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərlə və dövlət qurumlarıyla əməkdaşlıq etməklə əlilliyi olan peşə sahiblərinin aidiyyatı üzrə işlə təminat məsələsidir. Bütün bunlarla yanaşı düşünürük ki,  Azərbaycanın musiqi, xalçaçılıq, təkəlduzçuluq və s. kimi milli sənət nümunələrini Beynəlxalq Abilimpiya peşə siyahılarına əlavə edilməsi yönündə gələcək fəaliyyətimiz xalqımızın milli irsinin abilimpiya hərəkatı vasitəsi ilə də dünyada təbliğ edilməsi baxımından əhəmiyyətli olacaq.

– Xahiş edirəm ki, yeni yaradılmış federasiyanın ilkin addımları barədə məlumat verərdiniz.

– Artıq Azərbaycan Milli Abilimpiya Federasiyası olaraq bu sahədə aidiyyatı dövlət qrumları, nazirliklər və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edirik. Əmək və Əhalinin sosial Müdafiə naziri hörmətli Sahil Babayevlə abilimpiya mövzusunda görüşümüz oldu, geniş fikir mübadiəsi apardıq. Fikirlərimiz və təkliflərimiz cənab nazir tərəfindən yüksək qiymətləndirildi, abilimpiyaçıların fəaliyyət göstərdikləri peşə istiqamətləri üzrə nazirliyin həyata keçirdiyi özünüməşğulluq dövlət proqramı vasitəsi ilə onlara dəstək olunacağı vurğulandı. Ümumiyyətlə Milli Abilimpiya Federasiyasının fəaliyyəti sosial sahəni əhatə etdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlıq edəcəyik. İlk fəaliyyət olaraq nazirliyin nəzdində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq edirik. Gələcəkdə bu mərkəzlə abilimpiya peşə sahələrinin inkişafı və bu peşə sahələrinin abilimpiya qaydalarına uyğun təlim ediməsi yönündə əməkdaşlıq edəcəyik.

Gənclər və İdman Nazirliyi ilə də sıx əməkdaşlıq edirik. Azərbaycan Milli Abilimpiya Federasiyasının yaradılmasında cənab nazir Azad Rəhimov bizə yaxından mənəvi dəstək oldu, fəaliyyətimizlə maraqlandı, Azad müəllimlə görüş zamanı bu barədə geniş fikir mübadiləsi apardıq. Hörmətli Azad müəllim Azərbaycan Milli Abilimpiya Federasiyasının həyata keçirdiyi layihələrə nazirlik tərəfindən hər zaman dəstək olacaqlarına hazır olduğunu vurğuladı. Qeyd edim ki, Azərbaycan Milli Abilimpiya Federasiyasının fəaliyyəti gənclərlə də bağlı olduğu üçün Gənclər və İdman Nazirliyi ilə səmərəli əməkdaşlıq etmək fəaliyyət planımıza daxildir.

Təhsil Nazirliyi ilə əməkdaşlığımız nəzərdə tutulub. Gələcəkdə abilimpiyaçıların peşə ixtisaslarına yiyələnməsi və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin nəzdində olan peşə məktəblərinə əlilliyi olan şəxslərin cəlb edilməsinə, eyni zamanda Abilimpiya peşə sahələrinin bu məktəblərdə tətbiq olunması məqsədi ilə əməkdaşlıq edəcəyik. Bu həm də regionlarda yaşayan əlilliyi olan insanların peşəyə yəyələnməsinə və bu qəbildən olan insanların məşğulluğunun artırılmasına təkan verəcək. Bunun üçün regionlarda fəaliyyət göstərən mövcud peşə məktəbləri əsas baza kimi nəzərdə tutulur. Bu fəaliyyət öz növbəsində əlilliyi olan şəxslərin təhsildən kənarda qalmamasına və inkuliziv təhsilin inkişafına xidmət edəcək. Təhsil Nazirliyi ilə əməkdaşlığımızın təhsil müəssələrində müəssərliyin əlçatan olması baxımından da əhəmiyyətli olacağını düşünürəm.

Avropa Birliyi ilə əməkdaşlıq edirik. Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdük, abilimpiya hərəkatının yaradılması və fəaliyyəti barədə əhəmiyyətli fikir mübadiləsi apardıq. Azərbaycan Milli Abilimpiya Federasiyası ilə gələcəkdə Avropa Birliyi ilə əməkdaşlıq istiqamətləri müəyyən olundu və bu istiqamətlər İqdisad İnkişaf Nazirliyi tərəfindən təsdiq olunaraq Avropa Birliyinin Azərbaycan nümayəndəliyinə təqdim olundu.

UNICEF-lə artıq konkret istiqamətlər üzrə əməkdaşlığımız var. Birgə layihələr üzərində işləyirik və əməkdaşlıq gələcəkdə bir neçə istiqamətlərdə davamlı olacaq. UNICEF-in dəstəyi ilə abilimpiya üzrə beynəlxalq ekspertlərin Azərbaycana səfəri nəzərdə tutulur ki, bu da öz növbəsində ölkəmizdə ilk dəfə olaraq yaradılan abilimiya hərəkatının inkişafı üçün çox əhəmiyyətlidir.

Russiya Milli Abilimpiya Federasiyası ilə əməkdaşlıq barədə görüşlərimiz və müzakirələrimiz olub. Fəaliyyətimizi alqışlayıblar, bizlə əməkdaşlıqdan məmnun olduqlarını və təcrübələrini bizimlə bölüşməyə hazır olduqlarını bildiriblər. Abilimpiya üzrə təcürbəli mütəxəsislərin ölkəmizə gəlmələri barədə Russiya Milli Abilimpiya Federasiyası ilə danışıqlar gedir. Dəvət olunan mütəxəsisslər ölkəmizdə abilimpiya qaydalərı əsasında peşəkar təlimçilərin, ekspertlərin hazırlanması, yarışlarda iştrakçıların seçim qaydalarını öyrədəcəklər. Bununla yanaşı Russiya Milli Abilimpiya Federasiyası bizim nümayəndə heyətini bu il Rusiyada keçiriləcək Ümumrusiya Abilimpiya yarışlarına dəvət edib. Təcürbə üçün bu dəvət də bizim üçün əhəmiyyətlidir.

Ümumiyyətlə qeyd edim ki, abilimpiya hərəkatı bütün kateqoriyadan olan əilliyi olan vətəndaşlarımızın özfəaliyyətin inkişaf etdirərək layiqli həyat yaşamalarına çox şaxəli və konkret istiqamətlər üzrə  dəstək olmaq, onların işlə təmin olunması məsələlərində, təhsil və peşə sahəsində dövlət və qeyri-dövlət qrumları ilə proqramlı şəkildə fəaliyyət göstərəcək. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın Vətən müharibəsində sağlamlıq imkanlarını itirmiş qazilərimiz də abilimpiya hərəkatından faydalana biləcəklər. Artıq Azərbaycan Milli Abilimpiya Federasiyasının illik fəaliyyət planı qəbul olunub ki, bu da gələcəkdə fəaliyyətimizin konkret istiqamətini müəyyən edir. Ölkəmizdə yaşayan əlilliyi olan insanları, xüsusəndə 1 saylı Sağlamlıq İmkanları Məhdud Olan Gənclərin Peşə Reabilitasiyası Mərkəzinin məzunlarını abilimpiya hərəkatına cəlb etməklə federasiyanın iştrakçı bazasını yaratmışıq. Bu ilin sonunda abilimpiya peşə sahələri üzrə ölkədaxili yarışın keçirilməsi və mili komandanın təşkil olunması nəzərdə tutulur. Bu yarışda seçilmiş milli komanda gələn il Moskvada keçiriləcək Beynəlxalq Abilimpiya yarışlarında iştrak edəcək. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz 2021-ci ildə iki böyük beynəlxalq yarışa qatılacağıq. Həm gələn il Tokioda keçiriləcək Beynəlxalq Paralimpiya yarışlarında, həm də Moskvada keçiriləcək Beynəlxalq Abilimpiya yarışlarında hər iki milli komandamızı gərgin, eyni zamanda şərəfli mübarizə gözlüyür. Bunun üçün pandemiya dövrü olsa da, peşəkar işçi heyətimizlə əzmlə çalışırıq. Həmişə olduğu kimi, bu yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəyimizə əminəm.