Vladimir Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

Vladimir Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”
17:49 22-11-2020 | icon 14207

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olub və indi də elədir”. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağın ərazi mənsubiyyəti barədə sualı cavablandırarkən deyib.

Vladimir Putin qeyd edib ki, KTMT üzvlüyü şərtləri Rusiyanı münaqişəyə qarışmaq məcburiyyətində qoymayıb. “KTMT müqaviləsi, bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım nəzərdə tutur.  Ermənistan Respublikası ərazisinə heç kim müdaxilə etməyib və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etməklə bağlı heç bir hüquq vermir. 

Rusiya Dağlıq Qarabağla bağlı razılaşmanın əldə olunmasında yalnız vasitəçi rolunu oynadı və öz üzərinə tərəflərin sülh yolu ilə aralanması üçün öhdəliklər götürdü. Rusiya sadəcə vasitəçi rolunu icra edib və bu sənəd üzrə tərəflərin sülh yolu ilə aralanmasını həyata keçirmək məsuliyyətini öz üzərinə götürüb. Biz hazırda elə bunu edirik”, - deyə V.Putin bildirib.

Rusiya lideri qeyd edib ki, müqavilənin müəllifləri üç tərəf – Rusiya, Azərbaycan və Ermənistan olub: “Mətnin özünə gəldikdə isə bunu biz üçümüz etdik – mən, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyan. Başqa cür ola bilməzdi, çünki mahiyyətcə bu, iki tərəf arasındakı razılaşma idi”.