Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”

Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”
15:35 22-11-2020 | icon 14177

“Türkiyə əsgəri istənilən halda Qarabağda olacaq”. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalındakı “Özəl Reportaj” proqramında gündəmdəki mövzulara dair sualları cavablandırarkən deyib.

“Danışıqların ilk mərhələsi tamamlandı. Rusiya tərəfi bizim fikirlərimizi öyrəndi. İndi onlara Kremldən lazımi göstərişlər veriləcək. Əsgərlərimiz, müdafiə, xarici işlər nazirlikləri və MİT aparır bu işləri. Qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacaq, kim hansı işi görəcək mövzularında müzakirələrin tamamlanmasını gözləyirik.

Türkiyə əsgərləri istənilən halda orada olacaqlar. Biz onsuz da oradayıq. Azərbaycanla olan çox özəl münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq anlaşmalarımız çox əvvəldən var. Bu mənada, biz onsuz da oradayıq. Qanun layihəsi də qəbul edildi. Müşahidəçi qüvvə olaraq da biz orada olmağa davam edəcəyik”, - deyə İ.Kalın bildirib.

Qalın Ermənistanla orta və uzunmüddətli perspektivdə münasibətlərin düzəlməsinin bütün bölgə üçün müsbət olacağını, bunun ən başda Ermənistanın mənafeyinə olduğunu söyləyib.

Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin vacibliyini qeyd edən İ.Kalın dəhlizin açılmasının ən azı Qarabağın azad edilməsi qədər qiymətli olduğunu vurğulayıb.

“Türkiyənin tarazlıq amili olaraq Qarabağda, Suriyada və Liviyada olması Aİ, NATO, Qərb ittifaqı üçün son dərəcə önəmlidir.  Qarabağ məsələsində bizə tənqidlər gəldi: “Razılaşma əldə olundu, ancaq Rusiya önə çıxdı. Rusiya əsgərləri orada 5+5 il olacaq”.

Mən də bu cür cavab verdim: “Rusiya əsgərinin varlığından narahat idinizsə, niyə bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı Rusiya hərbi bazalarını çıxartmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun, edin. Ermənistan çıxarsın oradakı Rusiya əsgərlərini”.

Rusiya əsgəri Qafqaza və ya Ermənistana yenicə gəlməyib ki, illərdir oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ bir atəşkəs təşəbbüsü irəli sürdü, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs iki gün çəkdi.

Bundan əlavə, Fransa, məsələn, hər hansı bir təkliflə çıxış etdimi? Avropadan, NATO-dan və ya Aİ-dən hansı tətbiq edilə biləcək təklif gəldi ki, biz də onu rədd etdik? Ancaq Rusiya ilə oturub bu 30 illik münaqişəni həll edəcək, 2-3 aydır davam edən əməliyyatları sonlandıracaq bir anlaşma üzərində razılığa gəldik.

İndi Türkiyə əsgəri də orada olacaq. Müşahidəçi qüvvə kimi orada olacaq. Bu, Qərb və Avropa üçün də strateji qazanc olaraq görülməlidir”, - deyə İ.Kalın bildirib.