Cüdo millimiz Avropa çempionatında daha iki medal qazandı

Cüdo millimiz Avropa çempionatında daha iki medal qazandı
20:49 21-11-2020 | icon 176

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan daha iki medal qazanıb.

Məmmədəli Mehdiyev (-90 kq) bürünc medal uğrunda görüşdə Sloveniyadan olan Türkiyə təmsilçisi Mixael Jqankı (Mikael Özərlər) məğlub edib. Bununla da Məmmədəli üçüncü dəfə (bunlardan biri komanda yarışında olub – S.M.) Avropa çempionatının bürünc medalını qazanıb. Rusiyadan olan legionerimiz Zelim Kotsoyev (-100 kq) isə Boris Georgiyevə (Bolqarıstan) qalib gələrək bürünc medala yiyələnib. Həmin çəkidə Elmar Qasımov isə bundan əvvəl Georgiyevə uduzaraq medal şansını itirib. Həmçinin gürcü legionerimiz Uşanqi Kokauri (+100 kq) ilk görüşündə Tamerlan Başayevə (Rusiya) uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl bir qızıl və bir bürünc medal qazanmış millimizin bu gün daha bir birincilik şansı var. Belə ki, ukraynalı legionerimiz İrina Kindzerskaya (+78 kq) finalda Roman Diko (Fransa) ilə qarşılaşacaq.

Səbuhi Musayev