Vladimir Putin: “Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz” - VİDEO

Vladimir Putin: “Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz” - VİDEO
21:14 20-11-2020 | icon 141

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlər ki, bunun alternativi yalnız müharibədir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı iclasda bildirib.

O qeyd edib ki, belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq: “Hər kəs bunu dərk etməlidir və öz-özünə bununla bağlı hesabat verməlidir”.

Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrin tənzimlənmə məsələsində bundan sonra da irəliləməyə kömək edəcəyinə ümid etdiyini açıqlayıb.

Qarabağda Rusiyanın sülhməramlı əməliyyatları barədə iclasda çıxışı zamanı Vladimir Putin qeyd edib ki, Azərbaycan və Ermənistandan olan həmkarları ilə yaxın vaxtlarda hər iki ölkəyə Rusiyanın qurumlararası nümayəndə heyətinin göndərilməsi üçün razılıq əldə olunub.

Rusiya Prezidentinin sözlərinə görə, nümayəndə heyətinin vəzifəsi – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabrda atəşkəsə dair üçtərəfli bəyanatının icrasının aktual, ən vacib məsələlərinin nəzərdən keçirilməsidir.

“Ümid eidrəm ki, keçiriləcək məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyiş əldə etməyə kömək edəcək”, - deyə V.Putin bildirib.

Dağlıq Qarabağdakı kimi münaqişələr və onların tənzimlənməsi Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir: “Bizim üçün, Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi dəyər və xüsusi əhəmiyyət daşıyır, xüsusi rol oynayır”, - deyə V.Putin qeyd edib.

Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.

“Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Bizi bu respublikalarla çox əsrlik bağlar birləşdirir. Bu mənada bizim üçün daxili-siyasi ölçü də var və daxili təhlükəsizliyin təmin edilməsi, siyasət baxımından çox böyük maraq doğurur”, - deyə V.Putin qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevin həm azərbaycanlılar, həm də ermənilər üçün Dağlıq Qarabağdakı abidələrə və ziyarətgahlara maneəsiz girişi təmin edəcəyinə söz verdiyini bildirib.

“Eyni şey həmçinin tarixi, mədəni, dini irs obyektlərinə də aiddir. Mən İlham Əliyevlə danışmışam, o da Azərbaycan hökumətinin hər şeyi nəzarətə alacağı və bu dini obyektlərə erməni və azərbaycan tərəfinin nümayəndələrinin girişinin təmin ediləcəyi mövqeyindən çıxış edir”, - deyə V.Putin bildirib.

Rusiya lideri həmçinin Dağlıq Qarabağdakı sülhməramlı əməliyyata həsr olunmuş iclasda çıxışı zamanı bu əməliyyata rəhbərlik edən general-leytenant Rüstəm Muradova da müraciət edib:
“Onlardan biri - ən qədim xristian monastırlarından biri sizin nəzarət zonanızdadır. Burada da həm ermənilərə, həm də azərbaycanlılara giriş təmin etmək lazımdır. Azərbaycanda da xristianlar var və bu da qədim xristian kilsələrindən biridir. Bütün bunlar nəzərə alınmalı və lazımi iş rejimi hər iki tərəflə təmas şəraitində qurulmalıdır”

Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları məişət zəminində münaqişlərə yol verməmək üçün Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında əlaqəni yoluna qoymağa çağırıb.

“Erməni birləşmələrinin bir sıra rayonlardan, o cümlədən Ağdam və Laçından çıxmasından sonra orada dinc erməni əhalisi qalacaq. Aydındır ki, sülhməramlılarımız ayrılma xəttində dayanır”, - deyə V.Putin bildirib.

O, qeyd edib ki, sülməramlılarla həm Azərbaycan, həm də erməni tərəfi arasında yaranmış xoş münasibətdən xəbərdardır.

“Ermənistan ordusunun boşaltdığı yerləri tutan insanlar - bəli, əlbəttə, bunlar münaqişə tərəfləridir, amma münaqişə bitdi. Axı bunlar mədəni insanlardır və bilirəm ki, əhval-ruhiyyələri ümumiyyətlə xeyirxahdır. Ancaq hər iki tərəflə - bu halda Azərbaycan tərəfi ilə əlaqə qurmaq lazımdır ki, azad edilmiş rayonlarda vəziyyət stabil olsun və hər iki millətin insanlarının məişət zəminində heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaradacaq şəkildə olsun”, - deyə V.Putin bildirib.

“Əlbəttə ki, bu artıq sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Ancaq mən Azərbaycan Prezidentinin yanaşmasını bilirəm – o, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqedən yanaşır”, - deyə V.Putin əlavə edib.