Hərbçinin video paylaşımı Goranboy rayon icra hakimiyyətinin iç üzünü açdı - VİDEO

Hərbçinin video paylaşımı Goranboy rayon icra hakimiyyətinin iç üzünü açdı - VİDEO
10:47 20-11-2020 | icon 1817

Ötən günlərin birində yazıb bildirmişdik ki, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev kabinetindən bayıra çıxmır və rəhbərlik etdiyi rayonun kəndlərində, heç bir yaşayış məntəqəsində görünmür.

Düzdür, yerli sakinlər icra başçından onun döyüş gedən kəndlərə getməsini, sakinlərin hansısa problemi ilə maraqlanmasını gözləsələr də, təəssüflər olsun ki, belə bir istək heç bir halda baş tutmur. Çatdırılan məlumatlarda isə iddia olunur ki, atəşə məruz qalan Goranboyun kəndlərindən bixəbər olan Məhərrəm Quliyev, yerli sakinlərə təskinlik verməkdən belə çəkinir.

Yəni, o, heç olmazsa atəş altında olan kəndlərə baş çəkmir, kənd sakinləri ilə görüşmür, hansısa sakinin evində çay içmir, mənəvi dəstək olmur, şəkil çəkdirib özünü reklam etdirmir ki, hər kəs görsün ki, rayon rəhbəri sakinlərə həyan olur. Yalnız o, xidməti avtomobili ilə işə gedir, İH-dəki otağına daxil olur, nahar vaxtı restorana üz tutur, az sonra işə qayıdır və axşam saatlarında isə evinə yollanır.

Halbuki, bütün ölkə müharibəyə köklənib, ordumuz rəşadətlə döyüşür, düşmənə layiqli cavab verir, artilleriya atəşinə, raket hücumlarına məruz qalan cəbhə bölgələrinin mərd və dinc sakinləri düşməndən qorxmadan doğma yurd-yuvalarında yaşamağa davam edirlər. Belə ağır günlərdə mənəvi dəstəyə ehtiyacı olan insanlara icra başçısı hansısa formada dəstəyini ifadə etmir.

Bu cür tənqidlərimizin qarşılığında İH hansısa açıqlamanı vermək əvəzinə, bir "qadını" önə verməyi üstün tutur və bizi təhqir, təhdid etməyə qərar verir. Bugünlərdə şücaət göstərən bir goranboylu döyüşçünün video paylaşımı, bizi bir daha dəhşətə gətirdi.

Vətən savaşında iştirak etmək üçün könüllü döyüşə yollanan, evin tək övladı Goranboy rayon Nərimanlı kənd sakini Ələkbərov Amil video müraciət edərək bildirib ki,o vətən savaşında bir çox bölgələrdə, Hadrut, İlanlıdağ,Qırmızı bazar, Üçtəpə uğrunda döyüşlərdə iştirak edib, yaralanıb.

Ailəsinin maddi durumu çətin olduğu üçün rayon icra hakimiyyətinin birinci müavini Ceyhun Həsənovla əlaqə saxlayıb ailəsinə rayon rəhbərliyi səviyyəsində yardım göstərilməsini xahiş edib.

Rayon rəhbərliyi vətən savaşının iştirakçısı, qazi Ələkbərov Amilin ailəsi ilə maraqlanıb ailəyə əlli manat yardım edib.

Goranboy rayon rəhbərliyi Məhərrəm Quliyevə video müraciət edən əsgər əlli manatla ailə saxlamaq olarmı sualını ünvanlayıb. Hər halda yəqin Məhərrəm müəllim bir neçə vaxta bu suala cavab verər. Biz isə icra başçısı Məhərrəm Quliyevin diqqətinə başqa nüansları çatdırmaq istəyirik:

Hörmətli Məhərrəm müəllim, özünüz də gözəl bilirsiniz ki, icra başçısı olduğunuz Goranboy rayonu həmişə öz ziyalıları, şair-yazıçıları, elm və incəsənət xadimləri ilə tanınıb. Həmin ziyalılar günü bu gün də doğulduqları rayonla yanaşı bütün Azərbaycan adına sanballı töhfələr verməkdədirlər. Amma siz bu addımınızla qələbə əzmli xalqın qalib oğlunun ailəsini 50 manatla aşağıladınız. Bu döyüşdə ola bilsin nə oğlunuzu, nə yaxın qohumunuzu itirmədiniz, itirənlərə də təəssüf olsun ki, 50 manatla qiymət qoydunuz.

Qarabağ uğrunda canını, sağlamlığını güllənin qabağına verən bir qaziyə sizin qiymətiniz 50 manatdırsa sizin o vəzifədə qalmağa mənəvi haqqınız yoxdur. Ən azı yardım etməyə gücünüz yetmirdisə əaidiyyatı qurumlara müraciət edə bilərdiniz.

Niyə bu qələbənin mahiyyətini 50 manata ucuzlaşdırırdınız?

Çox təəssüf olsun ki, məmurlar, icra başçıları külli miqdarda rüşvət alırlar. Bu, rüşvət üstündə həbs edilən bir sıra başçıların əməlləri artıq xalqa sübut olunub. Ancaq müharibə qazisinə çatanda dilənçi pulu vermək qələbə qazanan xalqın adına yaraşmır.

Ölkə başçısının tapşırıqlarına məhəl qoymayan, yenə də xalqı aşağılayan, bax belə əməllərlə məşğul olan məmurlar haqda ciddi tədbirlərə yenə görünür ki, ehtiyac böyükdür.

Bu haqda uzun-uzadı danışmadan həmin video-paylaşımı hər kəsin diqqətinə çatdırırıq. Xahiş edirik ki, bu video paylaşımı diqqətlə izləyin və öz münasibətinizi bildirin.

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

MillətinSəsi.info