“Bakubus”un avadanlıqlarındakı qüsurları “Azərenerji” prezidentinin qardaşı aradan qaldıracaq

“Bakubus”un avadanlıqlarındakı qüsurları “Azərenerji” prezidentinin qardaşı aradan qaldıracaq
19:06 20-11-2020 | icon 1142

“Bakubus” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Bakelektro” ASC olub.

“Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Cəmiyyətin balansında olan 35/10 kV-luq yarımstansiyalarında elektrik avadanlıqlarının sınaq-test zamanı aşkar edilmiş qüsurları aradan qaldırılması xidmətlərini həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 17 min 34 manat 48 qəpik alacaq.

Qeyd edək ki, “Bakelektro” ASC “Bakubus”a məxsus 35/10 kV-luq yarımstansiyalarında elektrik avadanlıqlarının sınaq-test zamanı aşkar edilmiş qüsurları bir il ərzində - 18.11.2020-18.11.2021-ci il tarixlərində aradan qaldıracaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətin rəhbəri “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin prezidenti Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 04.03.1998-ci tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 61 min 608 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. 

Onu da bildirək ki, “Azərenerji” prezidentinin digər qardaşı Rahib Rzayev isə 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC-nin qanuni təmsilçisidir. “Bakelektro” ASC ilə eyni hüquqi ünvanda - Nərimanov rayonu, Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşən "Göknur Bakı LTD"nin nizamnamə kapitalı 6 milyon 349 min manat təşkil edir.

Mənbə Yeniavaz.com