Praqada koronavirus məhdudiyyətlərinə qarşı azarkeşlərin aksiyası zor gücünə dağıdıldı - VİDEO

Praqada koronavirus məhdudiyyətlərinə qarşı azarkeşlərin aksiyası zor gücünə dağıdıldı - VİDEO
22:07 18-10-2020 | icon 42

Çexiyanın paytaxtı Praqanın mərkəzində koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə qarşı nümayiş zamanı polislə qarşıdurma baş verib.

Lenta.ru xəbər verir ki, ümumilikdə Köhnə Şəhər Meydanında iki mindən çox insan toplaşıb.

Dinc aksiya başladıqdan təxminən bir saat sonra polislə qarşıdurmaya çevrilib. Toplananların bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, onlara daş, konserv və fişəng atmağa başlayıb.

Bundan sonra şəhərin mərkəzinə hüquq mühafizə orqanlarının əlavə qüvvələri göndərilib, təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və təzyiqli su şırnağından istifadə ediblər. Toplananlar arasında aqressiv futbol və xokkey azarkeşlərinin olduğu qeyd olunur.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlardan beşinə yerində yardım göstərildikdən sonra sərbəst buraxılıb. Əsasən göz yaşardıcı qaz səbəbindən baş zədələri, kəsiklər və ya nəfəs almaqda çətinlik yaranıb.

Bundan əlavə bir neçə şəxs də saxlanılıb.

Qeyd edək ki, sentyabr ayında Çexiyada yeni koronavirus dalğası səbəbindən fövqəladə vəziyyət elan edildi. 14 oktyabrdan etibarən məhdudiyyətlər sərtləşdirildi. Belə ki, yeni qaydalara əsasən, altı nəfərdən çox insanın toplaşması qadağan edildi, məktəblər, restoranlar və klublar bağlandı.