Azərbaycan gəncləri düşmənin Gəncəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət etdilər

Azərbaycan gəncləri düşmənin Gəncəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət etdilər
16:28 17-10-2020 | icon 30

Azərbaycan gəncləri düşmənin Gəncəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“2020-ci il oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 13 mülki şəxs, o cümlədən, iki uşaq həlak olub və 50-dən çox insan yaralanıb. Allahdan ölənlərə rəhmət, yaralılara şəfa diləyirik!

Ermənistan Gəncəyə növbəti raket hücumu ilə özünün faşist, terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bu dövlət dinc əhalini hədəfə almaqla beynəlxalq humanitar hüquqa, sivil dünyanın qayda-qanunlarına məhəl qoymadığını bir daha açıq şəkildə bəyan etdi.

Gəncəyə hücum müharibə cinayətidir və cinayətkar Ermənistan bu hücuma görə ədalət mühakiməsinə cəlb edilməlidir. 

Gənclər Təşkilatları Milli Şurası Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasını, Ermənistanın terror fəaliyyətini şiddətlə qınayır və aşağıdakıları bəyan edir: 

- Gəncəyə hücum Ermənistan tərəfindən törədilmiş müharibə cinayətidir, bu dövlətin terrorçu mahiyyətinin təzahürüdür. Ermənistan bu cinayətə görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcək və biz - gənclər Ermənistanın bu cinayətə görə məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik;

- Gəncə cinayəti Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusunun döyüş meydanında düşmənə yaşatdığı ard-arda məğlubiyyətlərin əvəzini mülki əhalidən çıxmaq barədə qeyri-insani niyyətin, Ermənistan hakimiyyəti və ordu sıralarında hökm sürən ruh düşkünlüyünün, Ermənistan tərəfində məğlubiyyətin qaçılmazlığının dərk edilməsinin göstəricisidir; 

- Bölgədə sülhün bərpa edilməsinin yeganə yolu BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxmasıdır; 

- Gəncəyə hücumla mənfur düşmən Azərbaycanın xalqının iradəsini qıra bilməz. Gənclər Ali Baş Komandan ətrafında daha da sıx birləşib və torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəni axıra qədər davam etdirmək əzmindədirlər. 
Qarabağ Azərbaycandır!”