Tahir Budaqov beynəlxalq təşkilatlara və dünya ölkələrinin statistika qurumlarına müraciət edib

Tahir Budaqov beynəlxalq təşkilatlara və dünya ölkələrinin statistika qurumlarına müraciət edib
12:23 16-10-2020 | icon 1412

Məlum olduğu kimi, BMT Baş Assambleyasının 69/282 saylı Qətnaməsinə uyğun olaraq 2020-ci il 20 oktyabr tarixində bütün dünya statistikləri hər beş ildən bir keçirilən “Ümumdünya Statistika Günü”nü təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar.

Qeyd etmək istərdik ki, son illər ərzində dünyada statistikanın əhəmiyyətinin xeyli dərəcədə yüksəlməsi fonunda istər beynəlxalq, istərsə də milli səviyyədə rəsmi statistikanın inkişafı naminə böyük işlər görülmüş, statistikanın modernizasiyası, kadr potensialının inkişafı, metodoloji bazaların təkmilləşdirilməsi və s. istiqamətlərdə ciddi uğurlar əldə edilmişdir.

Statistika qurumları hazırda olduqca çətin şəraitdə - bəşəriyyət üçün fəlakətə çevrilmiş COVİD-19 pandemiyası və iqlim dəyişiklikləri nəticəsində getdikcə dərinləşən ekoloji problemlər, qlobal siyasi, iqtisadi təlatümlər, artan silahlı münaqişələr, humanitar böhranlar dövründə fəaliyyət göstərirlər, cəmiyyətin inkişafı və gələcək nəsillərin firavanlığı naminə fədakarcasına çalışaraq milli və beynəlxalq səviyyədə daha dəqiq qərarların verilməsi üçün statistik informasiya təminatının fasiləsizliyini təmin edirlər.

Böyük təəssüf hissi ilə bildiririk ki, yuxarıda qeyd olunanlara şahidlik etdiyimiz bir zamanda Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı növbəti hərbi təcavüzü, Azərbaycan Respublikasının yaşayış məntəqələrini ağır artilleriyadan, ballistik raketlərdən atəşə tutması, mülki əhalini hədəfə alması, onlarla dinc sakinin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, minlərlə yaşayış evlərinin və sosial obyektlərin dağıdılması nəticəsində yaranmış vəziyyət Azərbaycanda statistiklərin böyük səbirsizliklə gözlədiyi “Ümumdünya Statistika Günü”nün qeyd edilməsini mənəvi prinsiplər və etik normalar baxımından mümkünsüz etmişdir.

Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini bu günədək icra etməyən, beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqda davam edərək beynəlxalq təşkilatların münaqişənin sülh yolu ilə həllinə dair çağırışlarına məhəl qoymayan Ermənistanın silahlı qüvvələri son iyirmi gündə döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Mingəçevir və Naftalan şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər və Yevlax rayonlarının yaşayış məntəqələrini, ölkənin ən iri su elektrik stansiyasını, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərini hədəfə alaraq intensiv şəkildə atəşə tutmuş, humanitar məqsədlərlə oktyabrın 10-da əldə edilmiş atəşkəs razılığına da əməl etməmişdir. Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti dəfə ballistik raketlər atmış, yalnız bu vandalizm aktı nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış, 3 azyaşlı uşaq hər iki valideynini itirmiş, 3 yaşayış binası tamamilə dağıdılmış, onlarla çoxmənzilli yaşayış binasına və sosial təyinatlı müxtəlif obyektlərə ziyan dəymişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanda “Ümumdünya Statistika Günü”nün qeyd olunmayacağına dair qərarımıza hörmət və anlayışla yanaşacağınıza ümid edirik. Hesab edirik ki, BMT-nin bütün qərarları, o cümlədən Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələri icra olunmalı, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe sərgiləməli, Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti dayandırılmalı, onun işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini tərk etməli, 1,2 milyon qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmaları təmin edilməlidir.

Hörmətli həmkarlar,

Bütün bunlara baxmayaraq Azərbaycanın statistikləri öz nikbinliyini itirmir və dünyamızın daha yaxşı gələcəyinə əminliyini ifadə edərək “Ümumdünya Statistika Günü” münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik, ölkənizə sülh və firavanlıq arzu edir.

Azərbaycan Respublikası

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov