Azərbaycan QHT-ləri Ermənistan terroru ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri Ermənistan terroru ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb
11:14 17-10-2020 | icon 32

Azərbaycan QHT-ləri Ermənistan terrorunun dayandırılması və onların cəzalandırılması tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin Baş katibi Antonio Quttereşə müraciət ünvanlayıb. 

Müraciətdə deyilir: 

“17 oktyabr, gecə saat 01 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə SCUD/Elbrus ballistik raketlə hücum edib və nəticədə 13 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar, qadınlar və yaşlılar da var.

Son iki həftə ərzində artıq üçüncü dəfədir ki, Gəncə şəhəri  Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır və indiyə kimi bu hücumlar nəticəsində 27 nəfər mülki şəxs həlak olub, 100-dən çox insan yaralanıb.

Ermənistan hərbi və siyasi rəhbərliyinin münaqişə zonasından çox uzaqda yerləşən və heç bir hərbi zərurət olmadan 500 minlik Gəncə şəhərini bombalaması, qəsdən və məqsədyönlü şəkildə böyük dağıdıcı gücə malik SCUD kimi raketlərdən istifadə edərək, günahsız dinc əhalini  hədəfə alaraq öldürməsi tarixə XXI əsrdə insanlıq əleyhinə törədilimiş ən qanlı müharibə cinayəti kimi daxil olacaq.

Azərbaycan ictimaiyyətini üzən və dərindən narahat edən təkcə Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq və terror aktı deyil, bizi ciddi şəkildə hiddələndirən və narahat edən dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, məhz bunun üçün dünya birliyi tərəfindən yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırım və müharibə cinayətlərinə səssiz qalmasıdır.

Hamıya aydındır ki, Gəncənin dinc əhalisinin kütləvi şəkildə və qəsdən öldürülməsi əmrini şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyan və Müdafiə naziri David Tonoyan tərəfindən verilib və bu əmr dərhal icra olunub.

BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verən Paşinyan və Tonoyan, əmri icra edən digər hərbçilər hərbi cani elan olunmalı və onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılması üçün  BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir. 

BMT Təhlükəsizlik Şurasının Ermənistanın törətdiyi cinayətə bu dəfə də səssiz qalsa, bu təcavüzkar və uşaq qatili olan Ermənistanın tam müdafiəsi və onun törətdiyi beynəlxalq cinayətlərə haqq qazandırmaq və bu cinayətlərə şərik olmaq anlamına gələcək. Tarix isə bunu heç kimə bağışlamayacaq.

Ona görə də biz bu müraciətə imza atan Azərbaycan QHT-ləri BMT Təhlükəsizlik Şurasından tələb edirik ki, təcili toplanaraq ilk növbədə Ermənistanın insanlıq əleyhinə tərətdiyi cinayəti qəti şəkildə pisləsin, sahib olduğu mandatından istifadə edərək, Gəncəni bombalamaq əmri verən və  çoxlu sayda mülki əhalini öldürən təcavüzkar Ermənistanın Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atsın”.

Qeyd edək ki, müraciəti 531 QHT təşkilatı imzalayıb.