Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib: “Füzuli işğaldan azad olundu”

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib: “Füzuli işğaldan azad olundu”
10:21 17-10-2020 | icon 14214

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib ki, Cəbrayılı istiqamətində ötən gün və bu gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb.

O bildirib ki, düşmən Cəbrayılı da təslim etmək istəmirdi, amma bu gün Azərbaycan ordusu ard-arda uğurlar qazanır: “Azərbaycan ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarla strateji yüksəklikləri tutub. Mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə hələlik ətraflı məlumat vermək istəmirəm.

Azərbaycan xalqının qarşısında heç kim dura bilməz. Bizim ərazi bötüövlüyümüz bərpa edilir və ediləcək. Hər kəs bilsin ki, bizim qarşısımızda heç kim dura bilməz. Yırtıcı Ermənistan bizim torpaqlarımızdan çıxdıqdan sonra atəşkəs elan edilə bilər. "

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə yeni azad edilən məntəqələri elan edib.

Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub: “Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır”.

Prezident bildirib ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir:

“Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz orada döyüşlər aparırdı. Təbii ki, bu, sirr deyil. Biz Füzulini hansı hərbi peşəkarlıqla, rəşadətlə işğaldan azad etdiyimiz heç kimə sirr deyil. Ondan əvvəl Cəbrayıl şəhəri, Hadrut işğaldan azad edildi.

Xocavənd, Cəbrayıl, o cümlədən, Füzulinin bir çox kəndləri işğaldan azad olundu. Məhz ondan sonra Füzuli şəhərini düşməndən azad etdik. Düşmən öz silahını yerə qoyub qaçmışdı. Mən tam əminliklə deyirəm ki, Azərbaycan ordusunun Füzuli əməliyyatı, eləcə də, digər əməliyyatları hərbi kitablara daxil ediləcək.

17 oktyabr nəinki Füzulilərin, eləcə də, Azərbaycanın tarixində əbədi yadda qalacaq. Bu, tariximiz ən parlaq səhifələrindən biridir. Ermənistanın baş naziri, “Qarabağ Ermənistandır” deyirdin, nə oldu? İndi gəl Cəbrayıla, Füzuliyə, Hadruta, orada de, “Qarabağ Ermənistandır”.

O bildirib ki, Ermənistanın baş naziri İrəvanda oturub bəyanatlar verməklə məşğuldur:

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərə gəl, orada “Qarabağ Ermənistandır” de. Hər gün dünya liderlərinin zəhləsini tökürsən. Niyə demirsən, “Qarabağ Ermənistandır”? Qorxursan? Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır” deyəndə cəsarətli idin.

Kimə arxalanırdın? Bilmirdin, gün gələcək, cavab verəcəksən? Həmin gün gəlir və gəlib. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir. Bunu nümayişkaranə etmələri qanunaziddir.

İndi baxım, görüm, kim gələcək Şuşada məskunlaşmağa? Cəbrayıla Ermənistandan yol çəkirdin ki, qanunsuz yollarla Azərbaycan torpağını zəbt edəsən. Nə oldu? Məqsəd bizim əzəli torpaqlarımızı erməniləşdirmək idi.

Füzuliyə eybəcər bir ad veriblər. O ad sizin başınıza dəysin, cəhənnəmə getsin. “Madagiz” adı da daha yoxdur. Biz bütün adları bərpa edəcəyik.

Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün. İndi köçür görüm, necə köçürəcəksən? Saxta quldur dəstə başçısının “andiçmə” məsasimi keçirdiyiniz yerə bax, darmadağın etmişik oranı. Yeddi şərt qoyurdun, nə oldu? Onun-bunun ətəyindən yapışıb imdad diləyirsən ki, Azərbaycanı dayandırın.

Rədd ol torpağımızdan, dayanaq. Hər gün bunu deyirəm. Sabah “Buradan çıxıram” de, Azərbaycan dayansın. Bizə qan tökmək lazım deyil, bizə torpaqlarımız lazımdır. Azərbaycan xalqını təhqir etmək Ermənistan rəhbərliyinə baha başa gəlir”.

Prezident bildirib ki, biz birlikdə bu şanlı tarixi yazırıq:

“Bu anları səbirsizliklə gözləyən insanlar vəfat edib. Lakin mən əminəm ki, onların da ruhu şaddır. Çünki onların dədə-baba torpaqları düşmən işğalından azad olunub”.

Dövlət başçısının müraciəti canlı yayımlanır: