Bakıda sürücü yol polisinə rüşvət verib? 

Bakıda sürücü yol polisinə rüşvət verib? 
13:35 17-09-2020 | icon 106

Dünən sosial şəbəkələrdə Xırdalan şəhərində 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşlarının taxta materialları daşıyan yük maşınını saxlamaları ilə bağlı videogörüntülər yayılıb.

Görüntülər səssiz olduğu üçün videonun müəllifi “Bura qədər hər şey qaydasındadır, amma uzun sürən danışıqlardan sonra vətəndaş polis maşınına nəsə qoyur” sözləri ilə polisin sürücüdən rüşvət aldığını iddia edib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan videogörüntülərlə əlaqədar Dmüvafiq araşdırma aparılıb:

“Müəyyən edilib ki, 15.09.2020-ci il tarixdə saat 10:20 radələrində Xırdalan şəhərinin H.Əliyev prospektində Bakı şəhər sakini Quliyev Namiq Adil oğlunun idarə etdiyi “Qaz-3302” markalı 10-NC-083 dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan yükün nəqliyyat vasitəsinin arxa xarici işıq siqnallarının üstünü tutduğuna görə 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Abşeron rayon polis idarəsinin DYP şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılıb və sürücüdən sənədlərinin təqdim edilməsi tələb edilib.

Sürücü N.Quliyev müvafiq sənədləri təqdim etdikdən sonra barəsində İXP 3535007 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hərəkətinə icazə verilib.

Araşdırma zamanı izahat verən sürücü Namiq Quliyev həqiqətən də yük daşıma qaydalarını pozduğu üçün həmin vaxt saxlandığını və barəsində sənədləşmə aparıldıqdan sonra hərəkəti davam etdiyini, eləcə də ondan rüşvət alınması və ya istənilməsi kimi neqativ halların ehtimal edilməsinin yanlış olduğunu bildirib”.

Bundan başqa, dünən İlkin Muradov adlı şəxs “Facebook” sosial şəbəkəsindəki səhifəsində yaşadığı Füzuli rayonunun Qayıdış qəsəbəsindən canlı yayım açaraq, idarə etdiyi avtomobilin əsassız olaraq polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildiyini, özünün isə rayon Polis Şöbəsinə aparıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu baş vermiş hadisəyə aydınlıq gətirib. 

“İlkin Muradov anası Gülfüyyə Əliyeva ilə birlikdə yaşayır. Dəfələrlə anası DİN-in “102 - Zəng Mərkəzi”nə və Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək, oğlu tərəfindən döyüldüyünü bildirib.

Onunla aparılan profilaktiki söhbətlər zamanı İlkinin psixi durumunun yerində olmadığı, əsəb gərginliyindən əziyyət çəkdiyi açıq-aşkar hiss olunub. Ona görə də 2019-cu ilin fevral ayının 25-dən ailə münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki tədbirlər aparılıb. Lakin bütün bunlardan nəticə çıxarmayan İlkin anasını döyməkdə davam edib. Məhz anasının şikayəti əsasında o, bu il yanvarın 13-də məhkəmənin qərarı ilə 20 gün, mayın 5-də isə 30 gün inzibati qaydada həbs olunub.

Sentyabrın 14-də İlkin Muradovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. İki gündən sonra anası Gülfüyyə Əliyeva yenidən “102 - Zəng Mərkəzi”nə müraciət edərək oğlu İlkin tərəfindən döyüldüyü bildirib. Onların hər ikisi RPŞ-yə dəvət olunub. Lakin sonradan ana oğlunun bağışlanması üçün ərizə yazıb.

Odur ki, belə psixi pozğunluğu olan, doğmaca anasını döyən birisinin nə danışığına, nə də iddialarına inanmaq, dediklərini ciddiyə almaq sadəlövlük olardı”, - Mətbuat Xidmətindən bildirib.