İsgəndər Xəlilovun qardaşına aid "Sweethouse" şirkətinin əmlakına həbs qoyuldu

İsgəndər Xəlilovun qardaşına aid "Sweethouse" şirkətinin əmlakına həbs qoyuldu
13:07 17-09-2020 | icon 336

"Sweethouse" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının üzərinə həbs qoyulması barədə məhkəmə qərardad çıxarıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, borculu "Sweethouse” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 65.173,61 manat, vurulmuş mənəvi zərərə görə 1.000 manat və 11 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkarın xeyrinə ödənilməsi barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilib.

Tələbkar 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə borclu MMC-nin borcunun ödənilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə müraciət edib.

 "Sweethouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 59 saylı mənzil qeydiyyatdan keçib.

Həmin mənzilin üzərinə həbs qoyulması üçün Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Binəqədi rayon Məhkəməsinə təqdimatla müraciət edib.

Təqdimatda MMC-yə məxsus həmin mənzilin üzərinə həbs qoyulması və hərrac yolu ilə satılması, tələbkara dəymiş ziyanın ödənilməsi istənilib.

Hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə baş tutan iclasda təqdimat qismən təmin edilib.

MMC-yə məxsus Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 59 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilib.

Qeyd edək ki, "Sweethouse” Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxtda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur. Şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Cavanşir Xəlilov məşhur milyarder İsgəndər Xəlilovun qardaşıdır. Məlum olub ki, “Sweethouse” MMC tikinti aparmaq üçün dövlət qurumlarından razılıq almayıb. İddiaçılara qeyri-rəsmi şəkildə deyilib ki, şirkətin əsas sahibi sayılan İsgəndər Xəlilov Bakıya gəldikdən sonra pullar qaytarılacaq.