Novruz Novruzov çətin durumda: Şabrandakı fəaliyyəti yoxlanılır

Novruz Novruzov çətin durumda: Şabrandakı fəaliyyəti yoxlanılır
12:33 17-09-2020 | icon 329

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov istintaqa cəlb oluna bilər. 

Qlobal.az
-ın əldə etdiyi məlumata görə buna səbəb Novruz Novruzovun Şabran rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dönəmdə rayonun münbit torpaqlarını yuxarı vəzifədə çalışan şəxslərə “ənam” etməsidir.

Məlumata görə Şabranda münbit torpaqları əlində cəmləyən şəxslərdən biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev olub.

Ancaq ötən ay Şabran rayon məhkəməsi İlham Əliyevin Xaçmazın deputatı olduğu zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus ələ keçirdiyi torpaq sahələrinin sahiblərinə qaytarılmasına dair qətnamə çıxarıb.

Qərara əsasən keçmiş deputat İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb. Sabiq deputatın Şabrandakı torpaqlarını “Turaz” və “Dostluq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vasitəsilə idarə etdiyi deyilir.

Məlumata görə, hüquqi proses Şabran rayonunun keçmiş rəhbərliyini də əhatə etməkdədir. Artıq bəzi şəxslərin sözügedən məsələyə görə istintaqa çağırıldığı da deyilir.

Bu sırada adı ilk çəkilən şəxs Şabran rayonunun keçmiş icra başçısı Novruz Novruzovdur.

Mediada yayılan məlumatlara görə, son iki ildə Şabran rayonun abadlaşdırılması, inzibati, mülki binaların təmirinə üst-üstə 20 milyon manatdan çox vəsait ayrılıb.

Keçən il Şabranda bir neçə milyon manat dəyərində möhtəşəm Bayraq meydanının açılışı olub. Eyni zamanda Şabran şəhərinə və bir neçə qəsəbəyə yenidən içməli su çəkilib. Lakin bütün bunlar o demək deyil ki, Şabran inkşaf edib.

Əslində Şabranda inkşaf edənlər icra başçısı Novruz Novruzov və yaxın ətrafıdır. Çünki bu məmurlar dövlətdən oğurladıqları milyonların sayəsində müasir dəbdəbəli “inkşafa” layiq villalar tikdirməklə məşğuldurlar.

Novruz Novruzov keçən il Şabran şəhərininin təmiri, abadlaşdırılması və başqa işlər adında külli miqdarda qazanc əldə edib. İcra başçısı bu qazancı Şabran şəhəri üzrə icra nümayəndəsinin əli ilə qazanıb. Belə ki, Şabran şəhərinin işıqlandırılamasına 50 min, bəzək ağaclarının, gül kollarının alınmasına 30 min manat vəsait xərclənib. Amma bu vəsaitlər aysberqin sadəcə görünən tərəfdir. Yəni rayon daxili büdcəsindən ağac və gül kollarının alınmasına, əkilməsinə, sulanmasına və sair işlərinə az qala 200 min manatdan çox vəsait ayrılıb. Bu vəsaitin isə necə xərclənməsini Novruz Novrozov daha yaxşı bilir.

Onu da qeyd edək ki, Novruz Novruzovun bəzək ağaclarının saxlanılmasına sərf etdiyi vəsait onlarla imkansız ailəninin problemlərinin həllinə yetərlidir. Amma şair və filoloq icra başçısı üçün insanlar deyil, dekorasiyalar daha önəmlidir. O, dekorasiyadan külli miqdarda qazanc əldə edildikdə isə, daha önəmlidir.


Bundan başqa daxil olan məlumatda bildirilir ki, Şabran şəhərində küçə və yolların əsaslı təmir edilməsi üçün QYŞ İstehsalat Kommersiya firmasına 620 min manat vəsait köçürülüb. Mənbə bildirir ki, adı çəkilən şirkətin Şabran küçələrinə qoyduğu asvalt örtüyünün qalınlığı 4 sam keçmir. Halbuki sənədləşdirmədə və Şabaran şəhər icra nümayəndəsi yolları təhvil aldığı zaman asvaltın qalınlığının 10-12 sm olduğu qeyd olunub. Şəhər yollarına təmiri üçün ayrılmış 620 min manat vəsaitin yarısının icra Başçısı Novruz Novruzov tərəfindən mənimsəildiyi bildirilir.

Həmçinin, məlumata əsasən Şabran şəhərində abadlıq işləri aparılması üçün 11 nömrəli Kənd Tikinti Trestinə 580 min manat vəsait köçürülüb. Həmin Trest isə abadlaşdırma işlərini kosmetik olaraq həyata keçirib. Yenə də mənbəninin iddasına görə abadlıq işlərinə ayrılan vəsaitin böyük bir hissəsi icra başçısına çatıb. Əvəzində isə icra başçısı şəhərin təmir olunacaq yerlərini rayonun büdcə təşkilatlarının rəhbərləri arasında bölüb. 

Bundan başqa rayonun daxili büdcəsindən səkilərin, arxların təmirinə ayrılan 500 min manatdan çox vəsaitin də yenə həmin qayda ilə mənimsənildiyi qeyd olunur.

Qeyd edək ki, Novruz Novruzov akademik Ramiz Mehdiyevə yaxın şəxs kimi xarakterizə olunur.

Ramiz Mehdiyevin Novruz Novruzovun 1995-ci ildə Lerik rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinə köməklik etdiyi deyilir. Daha doğrusu N.Novruzovun bu təqdimatı Ramiz Mehdiyevin təşəbbüsü ilə baş tutub.

İddialara görə o zamandan indiyədək N.Novruzovun müxtəlif rayonlarda İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışması R.Mehdiyevin himayəliyi ilə mümkün olub.

Məlumatda Lerik, Goranboy, Şabran və hazırda da Siyəzənə rəhbərlik edən Novruz Novruzovun hər zaman “hazırın naziri” olduğu bildirilir.

Xatırladaq ki, 25 illik icra başçısı vəzifəsində çalışan Novruz Novruzovun çoxsaylı villalarının, fermalarının və şadlıq evinin olduğu barədə mətbuatda dəfələrlə yazılıb.