Rusiyalı ekspert: “Çox gözləmək lazım gəlməyəcək, Qarabağ münaqişəsi tezliklə həll olunacaq” 

Rusiyalı ekspert: “Çox gözləmək lazım gəlməyəcək, Qarabağ münaqişəsi tezliklə həll olunacaq” 
12:07 17-09-2020 | icon 1283

Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini canlandırmağa çalışsalar da, erməni tərəfi dərhal bu təşəbbüsü pozdu.

Həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə telefon danışığı zamanı ilkin şərt qoymadan ciddi danışıqları davam etdirmək və mövqelərini aydınlaşdırmaq üçün nazirləri yaxın həftələrdə şəxsi görüşə dəvət etdilər.

Dərhal bu hadisəyə reaksiya göstərən Qarabağ separatçıları, bir neçə şərt irəli sürərək münaqişənin sülh yolu ilə həll olunmasına hazır olduqlarını bildirdilər.

Dünyada heç bir dövlət tərəfindən tanınmayan qurum danışıqlar prosesində “ərazi bütövlüyü” çərçivəsində iştirakda israrlıdır (separatçıların “konstitusiya”sına, Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayon da daxil edilib).

Sülhdən bəhs edən erməni tərəfi eyni zamanda Azərbaycana əks hücum təşkil etməyə, həmçinin hərbi əməliyyatları ərazilərimizə köçürməyə hazır olduğunu bəyan edir.

Rusiyalı ekspert, Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy Media.Az-a müsahibəsində Qarabağ nizamlanması ətrafında yaranmış vəziyyəti dünyada gedən qlobal proseslərlə əlaqələndirdi.

Aydın məsələdir ki, Ermənistan tərəfinin irəli sürdüyü şərtlər nəzərə alınmaqla danışıqlar prosesinin davam etdirilməsi praktiki olaraq qeyri-mümkündür. Aydındır ki, onlar fəaliyyətlərini Baş naziri Nikol Paşinyanla razılaşdırıblar, çünki Qarabağ separatçılarının lideri indi onun təyin etdiyi Arayik Arutyunyandır. Sadə bir sual verək: nə etməli?

Dünya xaosa doğru yaxınlaşır və belə bir vəziyyətdə Azərbaycanın özünü gücləndirməsi lazımdır. Görün Belarusda, ABŞ-da, Avropada, Cənubi Qafqazda və Yaxın Şərqdə nə baş verir. Almaniyanın Kansleri Angela Merkel Aleksey Navalnının (rusiyalı müxalif siyasətçi - Red.) zəhərlənməsindən danışır, amma onun ölkəsində vətəndaşlar Reyxstaqa (Almaniya parlamentinin binası) hücum edir. Çox nümunələr gətirmək olar. Bütün bunlar vahid prosesdir. Dünya mövcud konfiqurasiyada mövcud ola bilməz.

Bakının, dediyim kimi, bir yolu var - güclü olmaq. Qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu postsovet məkanında siyasi və iqtisadi sabitlik baxımından ən uğurlu layihələrindən biridir. Elə bir an gələcək ki, bəlkə də döyüşməyə ehtiyac qalmayacaq. Ən güclülər qalacaq.

Ermənistanda isə vəziyyət bir o qədər də yaxşı deyil. İqtisadi bir layihə olaraq bu ölkənin çox zəif olduğu ortaya çıxdı. Hakimiyyət dəyişikliyi (2018-ci ildə - Red.) yaxşılaşmağa doğru deyil, əksinə vəziyyətin pisləşməsinə gətirib çıxardı. Müəyyən bir anda onlar nəinki Qarabağ, heç öz ərazilərinə nəzarət edə bilməyəcəklər.

Bəzi rusiyalı ekspertlər Azərbaycan və Ermənistanı təkbətək qoymağı təklif etdilər...

Bəli, müxtəlif analitiklər illərdir bu barədə danışırlar. Lakin tərəfləri “təkbətək” buraxmaq mümkün olmayacaq. Xarici amillər həddindən artıq çoxdur. Mən başa düşürəm ki, siz münaqişənin hərbi yolla həllini nəzərdə tutursunuz. Amma, mənə elə gəlir ki, müharibəsiz də keçinmək mümkündür, bir az gözləmək kifayətdir.

Yəni “alma özü ağacdan düşəcək”?

Bəli və çox gözləməyə ehtiyac qalmayacaq.