Londonda saxladığı milyonları Zamirə Hacıyevadan niyə ala bilmədik?!

Londonda saxladığı milyonları Zamirə Hacıyevadan niyə ala bilmədik?!
12:22 16-09-2020 | icon 666

Azərbaycan yarıdan çoxu dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankını “xortumlamaq”da təqsirli bilinərək həbsə alınan Cahangir Hacıyevdən milyonları alıb ölkəyə qaytara bilər.

Hazırda Cahangir Hacıyev həbsdə olsa da, həyat yoldaşı Zamirə Hacıyeva azadlıqdadır. Belə iddialar var ki, Cahangir Hacıyev vaxtilə sədri olduğu Beynəlxalq Bankdan “xortumladığı” milyardları xaricə transfer edib. Pulların böyük hissəsinin onun Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevada olması haqda ittihamlar var.

Zamirə Hacıyevaya Britaniyada 2017-ci ildən tətbiq edilən “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ilk hədəfi olub. 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır – o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur. Zamirə Hacıyevanın 2018-ci ilin noyabrında həbsi isə Azərbaycanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub və sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya edilməyəcək. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Bundan başqa, o, 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq, Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb. Dükanlarda xərclənən vəsait hüquq-mühafizə orqanlarını və məhkəməni maraqlandırmasa da, “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən o, on milyonlarla dollar hesabına Londonun Kinghtbridge səmtində və Askot kəndində aldığı on milyonlarla dollar dəyərində əmlakını hansı pullarla aldığını göstərə bilməyib.

Aydındır ki, Gülnarə Kərimovanın işində olduğu kimi Zamirə Hacıyevanın işində də pullar biznesdən əldə edilməyib. Bu halda pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir.

Bu pulların geri qaytarılması mexanizmindən danışan tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Zamirə Hacıyeva istəsə belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməz: “Çünki Zamirə Hacıyeva işsiz-gücsüz qadındır. Onun həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır”.

Hüquqşünas deyir ki, Azərbaycan dövləti iqtisadi maraqları nöqteyi-nəzərindən Zamirə Hacıyeva ilə əqd bağlaya bilər: “Əqddə Azərbaycan dövləti təsdiqləyir ki, əmlak qanunidir. Bunun müqabilində isə Zamirə Hacıyeva Azərbaycan dövlətinə əmlakın 60-70 faizini qaytarır. Bu əqdin bir bəndi kimi Cahangir Hacıyevin azad edilməsi də ola bilər. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır.

Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı”nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz. Azərbaycan qanunları Zamirə Hacıyeva ilə dövlətimiz arasında əqd bağlanılmasını qadağan etmir”.