“Mak Marin LTD“ şirkəti işə düzəltmə adı ilə vətəndaşları aldadır?

“Mak Marin LTD“ şirkəti işə düzəltmə adı ilə vətəndaşları aldadır?
11:40 16-09-2020 | icon 232

Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlərin neqativ fəaliyyəti, qanunlardakı boşluqlardan və insanların savadsızlığından sui-istifadə edərək müxtəlif maxinasiyalarla məşğul olması barədə dəfələrlə yazılıb.

Əsasən maddi-sosial səviyyəsi yaxşı olmayan, savadsız insanları işə düzəltmək adı ilə “qarmağına” keçirib onların əllərində olan 5-10 manatı da alan bu cür şirkətlərə təəssüflər ki, “dur” deyən yoxdur.

AzFakt.com-a verilən məlumata görə insanları “tovlayan” şirkətlərdən biri də “Mak Marin LTD” adlı şirkətdir.

Belə ki, “MAK MARİN LTD”-nin digər şirkətlərdən fərqi budur ki, bu şirkət insanları peşə vermək, daha sonra isə işlə təmin etmək adı ilə cəlb edir.

Ötən ilin sentyabr ayında fəaliyyət başlayan “Mak Marin LTD” şirkətinin təsisçi və direktoru Mətanət Süleymanzadədir. Şirkət təsis edilən zaman məqsədlərinin dövlətin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində apardığı siyasətə dəstək vermək olduğunu bildirən şirkət rəhbərliyinin adı çox keçmədən mətbuatda yeni fırıldaqlarda hallandırıldı.

Belə ki, 2020-ci ilin fevral ayının 11-də “MAk MArin LTD” şirkətinin rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə ittiham edilirdi. Mətanət Süleymanzadənın insanları SOCAR, Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsədiyi və komandası ilə birlikdə aradan çıxdığı yazılırdı. Aldadılan insanların köməkliyi ilə yeri aşkar olunan və polisə təslim edilən M. Süleymanzadə sonradan müəmmalı formada fəaliyyətini yenidən davam etdirdi.

AzFakt.com-a daxil olan məlumatda “Mak Marin LTD” şirkətinin rəhbərliyinin arxasında əslən Naxçıvandan olan SOCAR-ın rəhbərliyinə yaxın şəxslərin dayandığı deyilir.

Bu şəxslərin əvvəllər “Topstaf” adlı şirkət vasitəsilə insanlardan milyonlarla vəsait aldığı bildirilir.

AzFakt.com məsələyə aydınlıq gətirmək üçün “Mak Marin LTD” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirdilər ki, sözügedən məsələ bir neçə ay öncə baş vermiş hadisədir. Xanımın adından istifadə edən bir qrup şəxs bu işə əl atıblar.

Məsələyə hüquq mühafizə orqanlarında baxılıb, qiymət verilib və məsələ bağlanıb. Şirkətin rəhbərliyi və əməkdaşları heç bir yerə qaçmadan işlərinin başında fəaliyyətlərini davam etdirirlər.

Şirkətin arxasında dayanan şəxslərlə bağlı iddialara isə şirkətdən bu məlumatın da həqiqəti əks etdirmədiyini bildirdilər.