“Azərsu”da maaş böhranı – Ceyranbatan Su Anbarının işçiləri boykot qərarı verib

“Azərsu”da maaş böhranı – Ceyranbatan Su Anbarının işçiləri boykot qərarı verib
12:22 01-08-2020 | icon 816

“Azərsu” ASC-də dörd aydan artıqdır işçilərin maaşı kəsirlə verilir. Bu barədə AFN-ə “Azərsu” ASC-nin nəzdində fəaliyyət göstərən Ceyranbatan Su Anbarında çalışan bir qrup şəxs bildirib.

Onların sözlərinə görə, aprel ayından etibarən maaşlarında ixtisarlar edilib. Əsasən də yüksək maaş alan mühəndislərin maaşının yarıdan çox aşağı salınması onların ciddi narazılığına səbəb olub. Belə ki, 2000 AZN maaş alan mühəndislərin maaşı 800 AZN-ə, 1000 AZN maaş alan işçilərin maaşı isə 600-ə endirilib.

Bundan başqa, istər Abşeronda, istərsə də respublikanın müxtəlif bölgələrində “Azərsu”nun tabeçiliyində olan idarə və müəssisələrdə çalışanlara əməkhaqlarının vaxtı-vaxtında verilməməsi, gecikdirilməsi ciddi narazılığa səbəb olub.

Mənbəmizin sözlərinə görə, həyata keçirilən layihələrdə çalışan mühəndis qrupunun maaşı da vaxtında verilmir. Buna bəhanə olaraq isə koronavirus pandemiyası göstərilir. İşçilər bildirirlər ki, onlar artıq işdən çıxmaq və müəssisəni boykot etməyə hazırlaşırlar. Çünki maaşların bu qədər azaldılmasının qarşısında gördükləri iş olduqca ağırdır.

Qeyd edək ki, ölkəmizdə son aylar su qıtlığı problemi başlayıb. Ölkə prezidenti son müşavirəsində də bununla bağlı “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova öz iradını bildirmişdi.

“Axı, hər dəfə mən açılışlarda olanda siz mənə məlumat verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu ilə qədər artan əhalini nəzərə alsın. İndi isə deyirsən ki, əhali artıb 1000 ev orada tikilib, ona görə su çatmır. Bəs necə ola bilər ki, 30-cu ilə qədər siz bunu planlaşdırırdınız, indi 600 ev tikilib və su çatmır?” - deyə ölkə başçısı qeyd etmişdi.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı AFN-ə açıqlamasında məlumatı təkzib etdi: “Kökündən yanlış məlumatdır. “Azərsu” da maaşların kəsilməsi halı olmayıb. Ola bilsin kimsə daha aşağı vəzifəyə keçirilib, onunla əlaqədar maaşda azalma olub. Bəlkə kimsə bizə qarşı qərəzli məlumat yayır? O adamın adını bizə deyin araşdıraq bilək nə məsələdir. “Azərsu”da bu ayın maaşı növbəti ayda verilir, amma aylarla gecikmə olmayıb. Həm də birinci çalışırıq ki, regionlarda çalışanların əməkhaqqını verək. Bu məlumatlar yanlışdır”.