Tərtər sakini icra başçısının onun torpağını mənimsədiyini deyir

Tərtər sakini icra başçısının onun torpağını mənimsədiyini deyir
16:31 31-07-2020 | icon 537

“Gedirəm Prezident Administrasiyasına, girirəm Zeynal Nağdəliyevin qəbuluna, sənədlərimə baxır, deyir: “Bu, nə özbaşınalıqdır?” Dəstəyi götürüb başçıya zəng vurur, deyir: “Camaatın torpağını qaytar özünə”.

Başçı da xəttin o başından deyir “baş üstə”... Rayona qayıdıb gedirəm başçının yanına, deyir: “Sən kimsən ki, gedib mənə oralardan zəng etdirirsən? Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur, özünə əziyyət verib gedib oralardan zəng etdirmə, nə qədər ki, bu rayondayam, o torpaq mənimdir””. Bunu Tərtər rayonunun Hacıqərvənd kənd sakini Nazdı Mehdiyeva deyir.

Nazdı Mehdiyeva 2013-cü ildə təsərrüfatını genişləndirmək üçün Tərtər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla icarə müqaviləsi bağlayaraq “boz irəmə” adlanan ərazidən 265 hektar əkinə yararsız torpağı 25 illik icarəyə götürüb. Həmin sahədə heyvandarlıq təsərrüfatı qurub və 20 ailəni bu təsərrüfata cəlb edib. Ancaq deməsinə görə, insanlar bu təsərrüfatdan cəmi üç il dolana biliblər. Belə ki, Ceyhun Səfərovdan sonra icra hakimiyyətinə başçı təyin olunan (2014-cü il) Müstəqim Məmmədov 2016-cı ildə heyvandarlıq təsərrüfatına əl qoyub.

 

“4 ildir ki, 20 ailə ac qalıb”

 

Nazdı Mehdiyeva danışır: “İcarəyə götürdüyüm torpağın vergisini vaxtında ödəyirdim, bütün qanun-qaydalar çərçivəsində hərəkət edirdim. O təsərrüfatdan dolanan ailələr şəhid, müharibə əlili, müharibə veteranı ailələri idi. Mənim özümün iki qardaşım və digər yaxın qohumlarım şəhid olub. 20 ailə o torpaqda öz işlərini qurub, çörəyini qazanırdı. Başçı hamımızı o torpaqdan uzaqlaşdırdı. 4 ildir ki, mən də daxil olmaqla o 20 ailə ac qalıb. Torpağa yaxın gedən kimi başçı polisləri ora töküb bizi döydürür”.

Nazdı xanım deyir, başçı ərazini ayrı-ayrı adamlara qanunsuz icarəyə verib: “Biz orada min əziyyətlə heyvan yataqları, çobanlar üçün daldalanacaq otaqlar düzəltmişdik. 4 ildir ki, başçı bizim əizyyətlə qurub-yaratdıqlarımızı halal malı kimi icarəyə verir, pul qazanır. Əkinə yararsız yeri “Patron” şirkətinə illiyi 10 min manata icarəyə vermişdi. O şirkət də əkdi, heç nə bitmədi, növbəti il daha icarə müqaviləsi bağlamadı. Çox gec anladılar ki, o torpaq sahələri yalnız heyvandarlığa yarayır, əkinə yararsızdır”.

 

“Adam nə Prezidenti, nə də vitse-prezidenti sayır”

 

Nazdı Mehdiyevanın icarə müqaviləsinin bitməsinə 18 il qalıb. Aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, torpağı hələ də özünə qaytarılmayıb və təsərrüfatını bərpa edə bilməyib: “Bu adam nəinki Prezident Administrasiyasını, heç Prezidenti, Birinci vitse-prezidenti də saymır. Birinci vitse-prezident Mehriban Əliyevanın qəbulunda olmuşam, özü qəbul etməyib, müavini qəbul edib, dinləyib, deyib, təsərrüfatınız özünüzə qaytarılacaq. Prezidentə dəfələrlə yazmışam.

Prezidentin ərazi-təşkilatı məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olmuşam. Kişi sənədlərimə baxdı, dəstəyi götürüb başçıya zəng vurdu, dedi, adamların təsərrüfatını özünə qaytar, o da o tərəfdən “baş üstə”, dedi. Ancaq rayona qayıdandan sonra qəzəbini mənim üstümə tökdü, dedi, nə var məndən Bakıya şikayətə gedirsən?

Onsuz da xeyri yoxdur, nə qədər ki, mən bu rayondayam, o torpağa yaxın gedə bilməyəcəksən. Hara getsən də, buranın xanı mənəm. İnanın ki, hansı qapılara gedirəm, haralardan bu adama zəng vururlar, bu adam heç kimi saymır”.

 

“Cənab Prezident, maskalıları biz tərəfə göndərin”

 

Nazdı xanım sonda üzünü ölkənin başçısına tutur. O, İlham Əliyevdən həm də başçının fəaliyyətinin araşdırılmasını istəyir:

“Cənab Prezident, Tərtər cəbhə bölgəsidir. 30 ildir ki, erməni işğaılıçarı bu rayonu zəbt edə bilmir. Ancaq gördüyünüz ki, Müstəqim Məmmədov rayonu təkbaşına zəbt edib. Tərtərdə YAP binasının milyonlarla dəyəri olan əmlakını özəlləşdirib, özünə şəxsi villa edib.

Şəhərdə ticarət obyektləri, aptekləri, bahalı şəxsi maşınları, Göygöldə və başqa rayonlarda dəyəri mlyonlara gəlməyən mülkləri, elə mənim icarəmdə olan torpağın üst hissəsində qaynanasının 250 hektar sahəsi var. Adam o nə qədər acgöz olmalıdır ki, şəhidin, müharibə əlilinin ailəsinin heyvandarlıq təsərrüfatına da əl qoya... 

Biz tək erməninin basqısı altında deyilik, biizm ermənidən daha qorxulu yerimiz var – icra başçımız... Sizdən tək istəyimiz odur ki, o qara maskalı DTX əməliyyatçılarını biz tərəfə də göndərin. Başçının otağında kamera quraşdırsınlar, sonra oturun, o kamera görüntülərinə baxın, görün bizim rayonun başçısı vətəndaşla necə davranır – küçə söyüşləriylə qarşısındakı vətəndaşı necə aşağılayır.

Deyəndə ki, mən şəhid ailəsiyəm, deyir, qardaşların mənə görə ölməyib ki... Sizə ümidimizi bağlayıb müraciət etdik. Hər zaman özünüz çıxışlarınızda deyirsiz ki, vətəndaşlar mənə müraciət etsin, buyurun. Biz 20 ailə ümid edirik ki, tezliklə başçı ilə bağlı lazımi tədbirlər görüləcək, 20 ailə heyvandarlıq təsərrüfatına – çörəyinə, ruzusuna, işinə dönəcək”.

Tərtərin İcra Hakimiyyətindən bildirilib ki, sualları yalnız icra başçısı cavablandıra bilər. Lakin Müstəqim Məmmədovla danışmaq mümkün olmayıb.

sikasika2

Torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətindən redaksiyamıza məktub daxil olub. Tərtər Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

"31 iyul 2020-ci il tarixdə “Milletinsesi.info” saytında “Tərtər sakini icra başçısının onun torpağını mənimsədiyini deyir” başlığı altında verilmiş yazı ilə bağlı bildiririk ki, Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızına Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ilə Çaylı kəndi ərazisindən dövlət mülkiyyətində olan torpaq sahəsindən heyvandarlığın inkişafı ilə bağlı 215 hektar, kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün 50 hektar olmaqla 265 hektar torpaq icarəyə verilmişdir.

Lakin Nazdı Mehdiyeva onun icarəsinə verilmiş 215 hektar örüş sahəsindən və 50 hektar əkin sahəsindən təyinatı üzrə istifadə etməmiş, icarəyə götürdüyü torpaq sahəsini ayrı-ayrı vətəndaşlara icarəyə verərək gəlir mənbəyi kimi istifadə etmiş, ancaq dövlət rüsumunu ödəməmişdir.

İcarəyə verilmiş torpağı təyinatı üzrə istifadə etməyərək, ayrı-ayrı vətəndaşlara icarəyə verdiyini və rayon sakinlərinin örüş-otlaq sahəsinə olan ehtiyaclarını nəzərə alaraq 30 iyun 2016-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 69 saylı sərəncamı ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilmişdir.

Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın III bölməsinin 13 maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış, otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə, bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı ilə xitam verildiyi vətəndaşa izah olunmuşdur.

Məlumat üçün bildiririk ki, 2019-cu il tarixində Hacıqərvənd kənd İƏD nümayəndəliyinin 4 nömrəli Təsərrüfatbaşına uçot kitabında 15-ci səhifədə Mehdiyeva Nazdı Qəmbər qızının adına heç bir iri və xırda buynuzlu heyvan yoxdur.

2020-ci ilin Təsərrüfatbaşına uçot kitabında isə Mehdiyeva Nazdı Qəmbər qızının adına 104 baş xırdabuynuzlu heyvan vardır.

Əlavə olaraq bildiririk ki, Çaylı kəndi təmas xəttinə yaxın yerləşir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin rəhbərliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneəçilik törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri yerli İcra hakimiyyəti nümayəndəliyi və bələdiyyə tərəfindən müvəqqəti istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin dayandırılması və bağlanılması, eləcə də hərbi hissə şəhərciklərinə və nəzarət buraxılış məntəqələrinə yaxın yerlərdə (giriş və çıxışlarda) taksi kimi fəaliyyət göstərən mülki şəxslərin uzaqlaşdırılması üçün birləşmə və hərbi hissə komandanlıqlarına köməklik göstərilməsi xahiş edilmişdir. Mehdiyeva Nazdı Qəmbər qızının istifadəsində olan torpaq sahəsi də həmin kateqoriyadandır.

Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyəti başçısı, onun müavinləri, Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş, ona müraciəti ilə bağlı qanunamüvafiq izahat verilmişdir.

Mehdiyeva Nazdı Qəmbər qızının israrlı müraciətini nəzərə alaraq ona Çaylı kəndi ərazisindən heyvandarlğın inkişafı üçün 90 hektar icarəyə torpaq verilməsi üçün sənədlərin hazırlanmasına başlanılmış, lakin onun adına Təsərrüfatbaşına uçot kitabında olan heyvanların sayı ilə ona ayrılacaq torpaq sahəsinin arasında uyğunsuzluq var. Belə ki, Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyinin

təsərrüfatbaşına uçot kitabında Mehdiyeva Nazdı Qəmbər qızının adına cəmi 104 baş xırdabuynuzlu heyvan olduğu üçün ona heyvandarlığın inkişafı üçün 26 hektar torpaq icarəyə verilə bilər. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı tərəfindən ona ətraflı izahat verilmişdir.

Yazıda rayon icra hakimiyyətinin başçısı haqqında deyilənlər əsassızdır."