Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb: İki helikopter cəlb edildi

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb: İki helikopter cəlb edildi
15:14 31-07-2020 | icon 113

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bundan başqa, Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.

İyulun 31-də saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında baş vermiş yanğın nəticəsində 1959-cu il təvəllüdlü Nizami Qanbayev və 1970-ci il təvəllüdlü Cahangir Zeynalovun ölmələri barədə məlumat daxil olub.

Siyəzən Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yerinə prokurorluq, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.