Azərbaycanda tibbi kadr çatışmazlığı var?

Azərbaycanda tibbi kadr çatışmazlığı var?
19:14 30-06-2020 | icon 1033

“Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı yoxdur”. milletinsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, bu gün tibb işçiləri arasında ümumi kadr çatışmazlığı olmasa da, bəzi ixtisaslar üzrə bu vəziyyət mövcuddur:

“Pandemiyadan əvvəl də ölkədə vəziyyət belə olub. Bu, normal haldır, çünki bəzi ixtisaslar xüsusi dar çərçivələri əhatə edir. Bəzi dar ixtisaslı sahələr istisna olmaqla, Azərbaycanda ciddi kadr çatışmazlığı heç bir dövrdə olmayıb. 

Lakin Azərbaycanda həkimlərin hamısı infeksionist, anestezioloq deyillər. Bu gün təcili yardım xidməti üçün həkimlərin qəbulu elan olunub ki, işlərimizi optimallaşdıraq. Koronavirus simptomunu özündə hiss edən şəxslər qətiyyən poliklinikalara getməməlidir”. 

Onun sözlərinə görə, vətəndaşlar ərazi üzrə poliklinikalara getməklə yoluxmanı artıra bilərlər: “Koronavirus yüksək sürətlə yayıla bilən infeksiyadır. Koronavirus simptomu olan şəxs poliklinikaya getdiyi təqdirdə onu dərhal pandemiya əleyhinə xəstəxanaya yönləndirəcəklər. Orada ondan test götürüləcək. Daha sonra test cavabları bəlli olana qədər onunla bağlı zəruri izolyasiya tədbirləri görüləcək. 

Koronavirus testinin cavabı pozitiv olarsa, həmin şəxs aidiyyəti üzrə pandemiya xəstəxanalarından birinə yerləşdiriləcək və müalicəsinə başlanılacaq”.