Xüsusi karantin rejimi iki həftə uzadıla bilər 

Xüsusi karantin rejimi iki həftə uzadıla bilər 
18:14 30-06-2020 | icon 431

“İyulun 5-dən sonra xüsusi karantin rejiminin daha iki həftə uzadılması barədə fikirlər var”. 

milletinsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, bu gün ölkədə pandemiya ilə bağlı vəziyyət ölkə başçısının və Birinci vitse-prezidentin nəzarətindədir:

“Fikir var ki, sərt karantin rejimi 5 iyul tarixindən sonra daha iki həftə müddətinə uzadılsın. Bu barədə qəbul ediləcək qərarlar qarşımızdakı günlərdə ictimaiyyətə elan ediləcək”.

Ev şəraitində müalicə olunacaq yüngül simptomlu xəstələrə dövlət tərəfindən yardım paketlərinin hazırlanmasına dair fikir mübadiləsi aparılır”. 

Onun sözlərinə görə, vətəndaşların çətin vəziyyətdə psixoloji durumları da nəzərə alınaraq, bu xəstələrə sosial yardım paketlərinin hazırlanması istiqamətində danışıqlar gedir: “Beynəlxalq səviyyədə həmrəylik olduğunu deyə bilmirik”. 

Onun sözlərinə görə, bu gün koronavirusdan ölənlərin sayı qlobal səviyyədə artıb: “Altı aydan çoxdur ki, ilk koronavirusa yoluxma faktı qeydə alınıb. Bu vaxta qədər heç bir təşəbbüs olmamışdı. Bu da pandemiyanın geniş yayılmasına şərait yaradan məqamlardan biridir. 

Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə BMT-nin Baş Assambleyası qarşısında bu məsələ qaldırıldı. 15 gün ərzində digər ölkələrə bununla bağlı məlumat verildi. Bütün ölkələr pandemiya ilə mübarizəyə cəlb olunub. Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan həmvətənlərimiz həmin ölkənin qayda-qanunlarına riayət etməlidir”.

O bildirib ki, hər hansı zorakılıq xarakteri daşıyan addımlardan çəkinmək lazımdır: “Bu, çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar. İnsanlar karantin qaydalarını pozmağı özünə fəxr bilir”. 

Onun sözlərinə görə, bu davranışlara yol verən vətəndaşlar həm özlərini, həm də digər insanları risk qarşısında qoyur: “Bu məsuliyyətsizlik fəxr hesab edilə bilməz. Bununla vətəndaş dövləti, sizi, bizi yox, özünü aldadır. İnanmayan şəxslər varsa, vətəndaşlar ictimai qınaq formalaşdırmalıdır. Biz birlikdə güclüyük. Bu, üçüncü dünya müharibəsi kimi xarakterizə olunan xəstəlikdir”. 

Onun sözlərinə görə, bu gün bütün ölkələrdə vəziyyət çətindir: “İstər iqtisadi, istər sosial cəhətdən çox çətin vəziyyət yaşanır. Bəzən digər dövlətləri misal çəkirlər. Qərb ölkələrindən birində bizim diplomatik əməkdaşımıza tibbi xidmət göstərilməsi məsələsində ciddi problem yaranmışdı. Bizim tərəfimizdən rəsmi qaydada nota göndərildikdən sonra ona tibbi xidmət göstərildi. 

Ümumilikdə hər şey müqayisədə gözəldir. Amma Azərbaycanda test, xəstəliyin erkən təsbit edilməsi və müalicə prosesi kifayət qədər yaxşı vəziyyətdədir. Azərbaycan səhiyyəsinin zəhmətini, fədakar həkimlərimizin zəhmətini də itirmək olmaz”.