İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün - Video

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün - Video
17:44 22-05-2020 | icon 273

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir. 

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”. Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. 

Məlumatda o da bildirilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onun özəlləşdirərək özünə ev edib. 

“Sözügedən Peşə Liseyinin pəncərələrinin mənim göstərişimlə hörülməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bu barədə milletinsesi.info-a eksklüziv olaraq Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov açıqlama verib.

O bildirib ki, 96 saylı Tərtər Peşə Liseyi uzun müddətdir ki, tam istifadəyə yararsız vəziyyətdədir:

“Tərtər Peşə Liseyinin binasında 1993-ci ildən 2018-ci ilə qədər Kəlbəcərdən, Laçından, Ağdamdan olan məcburi köçkünlər yaşayıb. 2018-ci ildə ölkə başçısının tapşırığı ilə Tərtər rayonu, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün 1176 ailəlik qəsəbə salınıb.

Peşə Liseyində yaşayan məcburi küçkünlər həmin qəsəbəyə köçürülüb. Peşə Liseyinin binası isə Təhsil Nazirliyinin balansına verilib.

Binanın rənglənən və hörülən hissəsi isə sanitar qovşaqların yerləşdiyi pəncərələrdir. Həmin binada bu gün heç bir yaşayış yoxdur, bina tam yararsız vəziyyətdədir. Binada 27 il məcburi köçkünlər yaşayıb və hazırda əsaslı təmir-bərpa işlərinə ehtiyac var.

Bütün bu işlər şəhərdə ictimai yaşayış binalarının təmir-bərpa işləri aparılarkən həyata keçirilib. Məqsəd köhnə görünüşlü binanın şəhərdə xoş olmayan görüntüsünün qarşısını almaqdır. Bəzi saytlarda bunun icra başçısının qərarı ilə həyata keçirildiyi yazılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu istiqamətdə mənim heç bir göstərişim olmayıb”.