AZAL-a 86,9 milyon, 22.682 vergi ödəyicisinə cəmi 69 milyon…

AZAL-a 86,9 milyon, 22.682 vergi ödəyicisinə cəmi 69 milyon…
14:51 22-05-2020 | icon 655

“AZAL indiyə qədər uçuşları təxirə salınan sərnişinlərin biletlərə görə ödədiyi vəsaitləri də qaytarmayıb”. Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib.

Dövlət AZAL-a 86,9 milyon manat dəstək verib: “Bu pulla 469 min 473 nəfərə 190 manat birdəfəlik ödəniş etmək olardı. Maliyyə Nazirliyinin məlumatına görə, dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan AZAL-a 86,9 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi, ilk növbədə, AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib. İndiyədək 22.682 vergi ödəyicisinə 199.449 nəfər muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün 69,12 mln. manat vəsait ödənilib”.

Qubad İbadoğlu qeyd edib ki, AZAL-a 86,9 milyon manat, amma 200 minə qədər muzdlu işçi olan 22.682 vergi ödəyicisinə 69,12 milyon manat verilib: “Fərqi görürsünüzmü? AZAL-a verilən pulla 469 min 473 nəfərə əlavə olaraq 190 manat birdəfəlik ödəniş etmək olardı. Hələ mümkündür ki, AZAL-a əlavə dəstək də göstərilsin və bu ilkin dəstək olsun”.

Bundan başqa, keçmiş telejurnalist Rüstəm Əbülfət oğlu AZAL-la bağlı qeydlərini qələmə alıb. Jurnalistin həmin yazısını oxuculara təqdim edirik: 

"Ümid edirəm AZAL pandemiya ilə əlaqədar BÜDCƏDƏN ayrılmış 86.9 milyon manat yardıma görə, zərurət yaranarsa, ölkə Prezidentinə xərclərin dəqiq hesabatını təqdim edə biləcək.
 
Maraqlı statistik uyğunsuzluq müşahidə edilir. Rəsmi məlumatlara əsasən, Azərbaycan Hava Yolları bütünlüklə 2017 ci ili (12 ayı) 41 milyon 568 min manat zərərlə başa vurub. 2018 ci ildə bu göstərici daha 20.8% artıb (12 ay üzrə). 2019 cu il üçün məlumat hələ açıqlanmır (?). İndi isə uçuşların dayandırıldığı 16 mart 2020 ci il tarixindən başlayaraq, aprel və may ayları üzrə (cəmi 75 gün üçün) AZAL-a 86.9 milyon manatın ayrılması tələsik və qeyri-dəqiq qərar təəssüratı bağışlayır.
 
Qərardan sanki, həm də neftin qiymətinin 90 dollar olduğu çoxşaxəli maraqlar dövrünün ağır qoxusu gəlir. Baxmayaraq ki, zaman fərqlidir və indi hətta 1 manat ianə üçün sıravi vətəndaşa təşəkkür edən dövlət bundan sonra bütün sahələr kimi hava məkanını da aydın, qoxusuz və təmiz görmək istəyir.
 
Sözümün canı odur ki, bir az ehtiyatlı olun, cənablar! Büdcənin yükgötürmə gücünü nəzərə alın!
 
Deyilənə görə, həm də DTX karantin dövrü ən son model müasir yüksək keyfiyyətli kameralarla birlikdə hətta təhlükəli qoxunu belə aşkar edən xüsusi texnoloji vasitələrlə təhciz edilib…"
 
P.S. Xatırladım ki, düz 1 ay əvvəl cari xərclərin şişirdildiyini və buna ciddi nəzarətin vacibliyi bəyan edən Prezident İlham Əliyev yanacağı özümüzdən, təyyarəsi büdcədən alınan, hava limanı dövlət hesabına tikilən, saxlanılan və 1992- ci ildən bazarın müstəsna və dominant oyunçusu olmaqla, 28 ildir zərərlə işləyən (?) AZAL-ın fəaliyyətini bir neçə dəfə sərt tənqid edib.