Nazir Muxtar Babayev meşələrimizin məhv edilməsinə niyə seyrçi qalır?

Nazir Muxtar Babayev meşələrimizin məhv edilməsinə niyə seyrçi qalır?
12:54 22-05-2020 | icon 651

İslahatların birinci dalğası ilə vəzifəyə gətirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri ümidləri dorğultmur

 

2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən kadr islahatları nəticəsində bəzi nazirlər öz vəzifələri vidalaşdılar.

Onlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Səlim Müslümov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) başçısı Hüseynqulu Bağırov da var idi. Ancaq təəssüf ki, islahatların birinci dalğası ilə eyni vaxtda vəzifəyə gətirilən eyni soyadı daşıyan hər iki nazir – Sahil Babayev və Muxtar Babayevin fəaliyyətləri ümidləri dorğultmur, əhalinin dövlətdən, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevdən narazı salırlar.


Azərbaycanda illərdir meşələrin qırılması problemləri aradan qalxmır

Konkret olaraq ekologiya və təbii sərvətlər naziri təyin edilən keçmiş deputat Muxtar Babayevin ona bəslənilən ümidləri doğrultmadığı ortadadır. Belə ki, Muxtar Babayev nazir təyin edildikdən sona qurumda aparılan islahatlar meşələrdəki “yaşıl soyqırım”ların qarşısının alınmasına kifayət etmədiyi ortaya çıxıb. Çünki meşə ərazilərinə nəzarət sisteminin gücləndirilməsinə baxmayaraq, yenə də ETSN-nin əməkdaşlarının havadarlığı ilə ağacların məhv edilməsi hesabına biznes və alver baş alıb gedir.

Bununla da elə bri vəziyyət yaranır ki, Azərbaycanda illərdir meşələrin qırılması ilə problemlər aradan qalxmır. Mütəxəsislər bildirirlər ki, meşələrin qanunsuz qırılmasının qarşısı vaxtında alınmazsa, ölkədə ağır ekoloji fəlakətlər, eroziya proseslərinin genişlənməsi, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər.

Ortada belə bir təhlükəli və ciddi problem ola-ola mayın 21-də Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında ETSN rəhbəri Muxtar Babayev həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə olan yaşıllıq zonaları və meşə sahələrinin necə qorunmasından yox, ona dəxli olmayan son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilməsindən bəhs edib.

Onun müavini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə etiraf edib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycan meşəsi az olan ölkədir. Xidmət rəisi etiraf edib ki, ölkəmizdə meşələrə qarşı arzu etdiyimiz münasibət yoxdur.

Eyni zamanda H. Əlizadə meşə ərazilərində qırıntıların aparılması, ağacların kəsilməsini daha çox regionlarda yaşayan vətəndaşların və meşə gözətçilərinin üzərinə atmaqla Nazirliyin məsuliyyətini kənara çəkmək istəyib.

Düzdür Xidmət rəisi nazirliyin neqativ hallarla qətiyyətlə mübarizə apardığını və ən ciddi tədbirlər görüldüyünü, üstüörtülü nazirliyin əməkdaşı olsalar, onların işdən azad edildiyini və əməllərinə hüquqi qiymət verildiyini deyib. Bu yanaşma təqdirəlayiqdir. Amma reallıq nə deyir?

 

Muxtar Babayev əksər rayonlarda direktor və müdirləri dəyişməklə işini bitmiş hesab edir

Reallıq isə onu deyir ki, son illərdir bütün ölkəboyu meşələrin məhv edilməsi prosesi davam edir. Lakin Muxtar Babayev bu prosesin qarşısını almaqda acizlik nümayiş etdirir. Onun işi bu iki ildə Regional Meşə Təsərrüfatı İdarələrinin, digər əlaqədar qurumların rəhbərlərinin yerini dəyişməkdən başqa heç nə ilə nəzərə çarpmır.

Belə ki, ölkənin meşə zonalarının yerləşdiyi şimal və cənub rayonlarının sakinləri meşələrin qanunsuz şəkildə məhv edildiyi barədə dəfələrlə həyəcan təbili çalsalar da, bu qanunsuzluqların qarşısı alınmır. Sakinlər bildirirlər ki, edilən şikayətlərə ETSN heç bir reaksiya vermir. Buradan belə nəticə çıxarmaq mükündür ki, bu qanunsuz əməllərin başında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayon icra hakimiyyəti başçıları və ağac emalı ilə və satışı ilə məşğul olan yerli işbazlar dayanır.

Məsələn, ötən ili mediada yayılan məlumatlara inansaq, onların birgə fəaliyyəti nəticəsində Qəbələ rayonunda meşə fondunun ərazisi ayrı-ayrı fiziki şəxslərə satılıb. Belə ki, Qəbələ rayon sakinlərinin mediada səslənən şikayətlərində dəfələrlə bildirilir ki, Vəndam meşəbəylinin meşə sahəsində fərdi evlər tikilir. Sakinlərin sözlərinə görə, icra başçısının evinin sözügedən meşə sahəsinə yaxın olduğu üçün qoz ağaclarının əkildiyi meşə sahəsi vətəndaşlara baha qiymətə satılıb. Şikayətçilər qeyd edir ki, Qəbələ rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı qanuna müvafiq addımlar atmır. Əksinə həmin ərazidəki çoxillik agaclar kəsilib, geniş sahədə qoz meşəliyi məhv edilib.

Qəbələdə meşə ərazisinin satılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şəhər sakinlərinin şikayətləri səbəbindən Vəndam meşəbəylinin 2 saylı dolayda tikinti işləri dayandırılsa da, daha sonra yenidən intensiv şəkildə tikintiyə başlayıblar. Həmin məlumatlarda, həmçinin qeyd olunurdu ki, İcra Hakimiyyəti Qəbələ şəhərinə yaxın olan meşə ərazisində çoxillik ağacları da məhv edib. Amma bu qanunsuz fakta qarşı ETSN hansısa səbəbdən səssiz qalmaqda davam edir.
Xatırladaq ki, Azərbaycanın şimal rayonlarından olan Oğuz və Şəkidə də eyni vəziyyət hökm sürür.

Cənub meşələrinin məhvinə göz yuman Muxtar Babayevin “qızıl axtarışı” macərası

Qeyd olunmalıdır ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin elan olunması fonunda cənub rayonlarında meşələrin məhv olunması prosesi daha da geniş miqyas alıb. Cənub regionunda yerləşən Lerik, Yardımlı, Cəlilabad və Masallı meşələri Lənkəran Regional Meşə İdarəsi tərəfindən intensiv şəkildə məhv edilməkdədir. Rayon sakinlərinin, hətta ekologiya işçilərinin verdiyi məlumatlardan aydın olur ki, meşələrin məhvindən ETSN-ə məlumat verilsə də, Muxtar Babayevin heç vecinə də deyil.

Belə ki, hələ ötən il Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayındakı meşə zolağı ağır traktorların tırtılları altına salınıb, “Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerləbir edib, 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb. Məlumatda bildirilir ki, Masallıda viran qoyulan meşələrin yaxınlığında ağac emal edən sexlər artmaqdadır. Rayonun Xocavar və Binə Xocavar kəndləri ərazisində onlarla sex fəaliyyət göstərir.

AzToday.az xəbər verir ki, Masallı Meşəbəyliyinin 18 saylı meşə dolayında qanunsuz olaraq yol çəkilməsinə razılıq verib. Həmin yerdə kommersiya məqsədi ilə obyekt yeri verilib. Belə ki, rayonun Əhmədli kəndi yaxınlığında meşə zolağı qırılaraq obyekt inşa olunur.
Qeyd edək ki, sakinlər və media orqanları cənub rayonlarının meşələrinin məhv edilməsi ilə bağlı davamlı olaraq Muxtar Babayevin rəhbərlik etdiyi ETSN-ə şikayətlər etsələr də, heç bir tədbir görülmür.

Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında ETSN rəhbərliyinin “xəzinə” axtarışı Lerikdə də davam edib. Yerli sakinlərin dediyinə görə, bu ilin əvvəlində ETSN rəhbərliyinin Lerik meşələrində qızıl axtarmaq cəhdlərinin qarşısı alınıb. Belə ki, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin Lerik rayonu Gürdəsər Meşəbəyliyinin 11-ci meşə dolayında qızıl axtarırmış. Məlumatda bildirilir ki, İdarənin bir-neçə əməkdaşı başda olmaqla Lerik sakinləri sözügedən meşə ərazisinin qazılmasına etiraz edib. Amma bu işi görənlər qazıntı işlərinin nazir Muxtar Babayevin tapşırığına əsasən aparıldığını bildirərək, meşə ərazisində qazıntı işlərini davam etdirib. Lerik Polis Şöbəsinin məsələyə müdaxiləsindən sonra qızıl axtarışları prosesi dayandırılıb. Yeri gəlmişkən, xatırladaq ki, meşə ərazisində müvafiq qurumların icazəsi olmadan hər hansı bir qazıntı işlərinin aparılması qanunvericiliklə qadağandır və cinayət əməli kimi qiymətləndirilir.

Bu axtarışın həqiqiliyinə gəlincə, yerli sakinlərin dediyinə görə, Lerikin Gürdəsər Meşəbəyliyinin 11 saylı dolayında qızıl gizlədilməsi ilə bağlı söz-söhbətlər 100 ildən çoxdur ki, davam edir. Meşə ərazisində bir-neçə dəfə qızıl axtarmaq cəhdləri göstərilib, amma qızıl tapa bilməyiblər. Görünür, Muxtar Babayev də bu söz-söhbətlərə inanıb və rəhbərlik etdiyi Nazirliyin məkdaşlarına gizli şəkildə qızılı axtarıb tapmaq göstərişi verib, amma cəhdlərinin qarşısı alınıb. Belə çıxır ki, keçmiş deputat oxumuş adam olsa da, özü də ovaxtkı ittifaqın nühfzulu ali məktəblərinin məzunu olsa belə, qızıldan emal edilmiş materialın “təbii sərvət” olmadığını hələ dərk edə bilmədiyindən “xəzinə” axtarışı naminə təbii sərvətlərimizi məhv etməyi məqbul hesab edir.

Qeyd edək ki, ETSN rəhbərliyinin Lerik meşələrini məhvi bununla bitmir. Hər gecə ən azından 40-50 kub metr işlik materiallar yük maşınları ilə Lənkəran-Masallı istiqamətinə daşınır. Kötüklərin bir qismini yandırırlar ki, guya bunlar köhnədir. Amma izləri tamamilə itirə bilmirlər. Bir neçə ay ərzində daşınan bu qədər materialın pulu yüz minlərlə manat edir və bunu müəssisə rəhbərləri təkbaşına həzb-rabedən keçirə bilməz. Yox, əgər ETSN rəhbərliyinin bu dövləti cinayətdən xəbəri yoxdursa, o zaman niyə susur? Niyə yuxarıda bəhs edilən hüquqi addımlar atılmır?

Halbuki meşə təsərrüfatını mühafizə etməli olan qurumların rəhbər şəxsləri nadir ağac növləri ilə zəngin olan cənub meşələrini məhv edirlər. Lerikin Razvondaband Meşəbəyliyinin 17 saylı meşə dolayında ağaclar kütləvi şəkildə qırılır. Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsi və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxsləri tərəfindən hamının gözü qarşısında meşələrimiz məhv edilir. Masallı Regional Meşə Təsərrüfatının nəzarətində olan meşələrdəki ağaclar da tez-tez qırılır, torpaq sahələri isə istismar edilərək qanunsuz şəkildə satılır. Son günlər Yardımlı meşələrində mindən çox ağac kəsilib. Masallı və Cəlilabad meşələrində də eyni vəziyyətin hökm sürdüyü deyilir. Cəlilabad rayonunun Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında isə görünməmiş ekoloji cinayət baş verib. Sakinlərin əldə etdiyi faktlardan məlum olur ki, ekologiyanı qorumalı olan səlahiyyətli şəxslər minlərlə ağacı qurudub, yay aylarında satmaq istəyirlər.

 


ETSN rəhbərliyinin kecirdiyi yoxlamalar şəxsi maraqlarının təmin olunması məqsədi daşıyır

Qeyd edildiyi kimi, Azərbaycanda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ayrı-ayrı media orqanları və sosial şəbəkə istifadəçiləri dəfələrlə yazsalar da, bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini, onun rəhbəri Muxtar Babayevi narahat etmir, əksinə nazirlik nümayəndələrinin son çıxışlarında da ölkəmizdə yaşıllıq sahələrinin qırılmasına haqq qazandırmaq, bir çox hallarda günahı yerli sakinlərin üstünə atmağının şahidi oluruq.

Ən dəhşətli məqam isə cənub regionlarında meşə qırıntıları ilə bağlı şikayət edən vətəndaşlara hədə-qorxu gəlinməsi ilə bağlıdır. Belə ki, ETSN rəhbəri Muxtar Babayevə və aidiyyəti dövlət qurumların edilən müraciətlərdən sonra şikayətçilərə təzyiqlər olunub.

Nə deyir şikayətçilər? Onlar faktlara əsasən bildirirlər ki, Lerik, Lənkəran, Yardımlı, Cəlilabad və Masallı meşələrindən mebel sexlərinə də işlik materiallar daşınır. Cəlilabaddan daxil olan məlumatlarda bildirilir ki, Cəlilabad Meşəbəyliyinin 9, 11, 12, 13 saylı meşə dolaylarının hamısında bu günlərdə də qırıntılar davam edir.

Onu da qeyd edək ki, bu ilin əvvəlindən Lerik, Yardımlı, Masallı və Cəlilabad meşələrində minlərlə ağac kəsilib. Kəsilən ağacların əksəriyyəti də yerdə qalıb. Məqsəd kəsilən agacların materiallarını yayda satmaqdır. Məlumatda iddia olunur ki, baş verən “yaşıl soyqırım”ın arxasında Lənkəran və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin rəhbər şəxsləri durur. Cənub rayonlarında baş verən meşə qırğınları ilə bağlı ETSN rəhbərliyinə çoxlu sayda şikayətlər edilməsinə baxmayaraq, ancaq direktorları işdən çıxarmaqla işini bitmiş hesab ediblər. Maraqlı odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrdə baş verən cinayət faktlarına münasibət göstərmir, ya da meşələrin məhv edilməsindən şikayət edənlərin işdən çıxarışmış meşə gözətçiləri olduğunu bəhanə göstərərək faktlara göz yumur.

Sonda xatırladaq ki, indiyə qədər on minlərlə ağacın kəsilməsi faktı aşkarlanıb və bununla bağlı ETSN-ə məlumat verilib. Lerik rayon meşə sahələrinə nazirlikdən yoxlama təyin edilib. ETSN Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gürdəsər meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb. Meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub. Amma kimlər cəzalandırılıb? Bilnmir.

Əksinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yoxlamalarına baxmayaraq, cənub rayonlarının meşələrində ağacların kütləvi qırılması halları prosesi davam edir. Elə bu ilin may ayında Lerikin meşələrində yenidən ağacların qırılması qeydə alınıb. Belə çıxır ki, Muxtar Babayevin işçiləri yoxlama zamanı öz şəxsi maraqlarını təmin ediblər, yaxud da Muxtar Babayevin adına xələl gəlməsin deyə məsələnin üstün sakitcə ört-basdır etmək istəyirlər…

Müəllif Orxan Məmmədli

Mənbə AzToday.az