Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR

Azərbaycanda bu şəxslərin maaşları beş dəfə artırıldı - QƏRAR
19:49 25-03-2020 | icon 13995

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.

Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini beş gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim emək tapşırılıb.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib.

Bunan başqa, ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də, tələbi ödəməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska üç günə satılır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir. 

2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub. Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır. Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq. Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub. Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.