Pandemiyanın qazandırdıqları: Koronavirus nələri dəyişdi? – TƏHLİL

Pandemiyanın qazandırdıqları: Koronavirus nələri dəyişdi? – TƏHLİL
11:28 25-03-2020 | icon 57

Hazırda bütün dünya bu günə qədər görünməyən bir şəkildə planeti bürümüş koronavirusa qarşı səfərbər olunub. Bir çox ölkələrdə karantin elan olunub, xəstəxanalar, dövlət qurumları xüsusi rejimdə çalışır, hətta bəzi ölkələrdə virusa qarşı ordudan istifadə edilir. Mübaliğəsiz demək olar ki, İkinci Dünya müharibəsindən sonra planet indiki qədər bir mövzu ətrafında cəmləşməyib.

Hökumətlər iqtisadi xilas üçün qanunvericilik zərfləri hazırlayır, karantinin yetirə biləcəyi maddi zərərləri minimuma endirmək, insanların həyatına təsir edəcək problemləri aradan qaldırmaq, həmçinin paralel olaraq xəstəliyin yayılmasının qarşısını almaq, onu lokallaşdırmaq, daha çox insanın yoluxmaması üçün təcrid tədbirləri həyata keçirir.

Hazırda qlobal pandemiyanın yaratdığı bir neçə əsas narahatlıq var.

Birincisi, xəstəliyin yayılmasının və daha çox insan ölümünün qarşısını almaq, başqa sözlə, pandemiya ilə mübarizədir. 

İkinci əsas xətt pandemiyanın dünya iqtisadiyyatına vurduğu və vuracağı zərərlərdir, hansı ki, artıq milyardlarla dollarla ölçülür.

Üçüncü məqam sosial-psixolojidir. İnsanların karantin səbəbilə üzləşəcəyi psixoloji problemlər, həmçinin ərzaq və digər zəruri məhsulların tükənməsi təhlükəsi ilə bağlı narahatlıqlar.

Azərbaycanda hələlik bu sahədə təlaş doğuran məqamlar olmasa da, dünyanın bir sıra ölkələrində ajiotaj hiss olunmağa başlayıb. 

Bütün bunların təsiri altında hazırda dünya mediasında və internet üzərindən əsasən “qara” xəbərlər tirajlanır. Bu, bir tərəfdən təbiidir, çünki insanlar, adətən, narahatlıq doğuran mövzulara daha çox diqqət ayırırlar. 

Digər tərəfdən isə, nəzərə almaq lazımdır ki, vəziyyət heç də həddən artıq “qara” deyil, hadisələr müəyyən qədər də süni olaraq dramatikləşdirilir. Əvvəla, dünyada istehsal, xüsusən də, gündəlik tələbat məhsullarının istehsalı və tədarükü prosesində hər hansı azalma və ya dayanma yoxdur. 

İkincisi, xəstəliyin daha böyük təhlükəyə çevrilməsi riski azdır, ən azı qorxu yaradacaq qədər deyil. Çünki mütəxəssislərə görə, xəstəliyin yayılma sürəti havaların isinməsi ilə (virus isti havada çox “yaşaya” bilmir) azalacaq. Üstəlik, inkişaf etmiş tibb elmi hazırda bu virusa qarşı peyvəndin tapılması üzərində işləyir. Çin, Cənubi Koreya, hətta İranda sağalma göstəriciləri sübut edir ki, vəziyyət qorxulu deyil, xəstəlikdən xilas olmaq faizi yüksəkdir.

Nəhayət, “hər ziyanda bir xeyir” prinsipi koronavirus mövzusunda da qüvvəsindədir. Hazırkı vəziyyətin müsbət tərəfləri yox deyil. 

Birinci müsbət məqam atmosferdəki zəhərli qazların azalmasıdır. Çində və dünyanın bir çox yerlərində aparılan müşahidələrə əsasən, karantin nəticəsində havada zəhərli qazların sıxlığı əhəmiyyətli dərəcədə azalıb. Xüsusən də, iri zavodların fəaliyyətinin dayandırılması və böyük şəhərlərdə karantin nəticəsində avtomobillərin küçələrdə azalmasından sonra hava əhəmiyyətli dərəcədə təmizlənib. Məsələn, İstanbulda yanvar ayı ilə müqayisədə hava çirkliliyi 40 faizə qədər azalıb. Belə ki, havadakı partikul maddəsi 50 mikroqramdan 30-a enib.

Nyu-Yorkda isə keçən ilin bu günləri ilə müqayisədə havadakı karbon qazında 50 faiz azalma var.

İkinci müsbət məqam su kanallarının təmizlənməsidir. Məsələn, BBC-nin məlumatına görə, xəstəliyin sürətlə yayıldığı İtaliyanın Venesiya şəhərində su kanallarında əhəmiyyətli dərəcədə təmizlənmə müşahidə olunur. Hətta qayıq və katerlərin dayanması ilə sudakı durulma nəticəsində balıqlar belə görünməyə başlayıb.

Hər nə qədər mənfi tendensiyalar sosial şəbəkələrdə yayılsa da, koronavirus insanlar arasında anlayış və qarşılıqlı yardıma müsbət təsir edib. İnsanlar könüllü yardım kampaniyaları təşkil edir, ehtiyacı olanlara kömək etmək, onlar üçün bazarlıq etmək məqsədilə könüllülər qrupları yaradılır.

Pandemiya daha böyük təhlükələrin mövcudluğunu, xüsusən də insan həyatının və sağlamlığının dəyərli olduğunu xatırlatdı. 

Bu da bir tərəfdən irq, din, məzhəb ayrılığı və digər düşmənlik yaradan amillərin əslində, süni olduğunu göstərdi. Xəstəlik qeyd olunan fərqlərin heç birini ayırmadan, maddi durumuna, sosial vəziyyətinə və statusuna fərq qoymadan hər kəsi təhdid etdiyi üçün insanları bir-birinə daha da yaxınlaşdırdı və onlara İnsan olduqlarını xatırılatdı. 

Bu səbəbdən də, bir çox ölkələrdə sosial birlik fəaliyyətləri artdı. İnsanlar birgə mahnı oxuyur, eyvandan konsert verməklə, idman məşqləri etməklə bu bərabərliyi yaşayırlar.

Hələlik geniş şəkildə olmasa da, karantin insanların yeni yaradıcılıq imkanlarını ortaya çıxardı.

Evlərdən internet üzərindən canlı konsertlər, idman və digər məşğələlərin təşkili sürətlə artır.

Həmçinin, əksər ölkələr artıq virtual dərslərə keçib. Bu, distant təhsili daha da inkişaf etdirəcək.

Mütəxəssislərə görə, ən pis halda bir aydan sonra virusun yayılma sürəti əhəmiyyətli dərəcədə azalacaq və bir neçə aydan sonra tamamilə nəzarət altına alınacaq.

Bütün epidemiyalar kimi, koronavirus da keçəcək, insan oğlu bu xəstəliyi “ram edəcək”. Sadəcə, indi daha çox səbr və düşüncəli yanaşma göstərib, tibbin tələblərinə əməl etmək, xəstəliyin yayılmasının qarşısını almaqda hər kəs üzərinə düşəni etməlidir. 

Rəşad Quliyev