Musa Quliyev deputatı seçildiyi Kəpəz rayonunun icra başçısı ilə qohumudur?

Musa Quliyev deputatı seçildiyi Kəpəz rayonunun icra başçısı ilə qohumudur?
13:19 15-02-2020 | icon 436

Sabiq nazir müavininin oğlu: "Ümid edirəm ki, bunu edənlər sərt şəkildə cəzalandırılacaq”
 

1993-cü ildən 2005-ci ilə qədər Daxili İşlər nazirinin müavini və birinci müavini vəzifələrində işləmiş, mərhum Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev də 9 fevralda keçirilən parlament seçkilərindəki qanunsuzluqlardan şikayətçidir.
40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən namizəd olmuş V.Dünyamalıyev bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına şikayət edib. Əlindəki faktları, o cümlədən videogörüntüləri də şikayətə əlavə edib. Bu barədə Meydan TV-yə V.Dünyamalıyev özü danışıb.
O bildirir ki, 9 fevralda 40 saylı dairənin seçki məntəqələrində kütləvi qanunsuzluqlar baş verib. Müşahidəçilərin məntəqələrdən qovulmasından tutmuş, seçki qutularının götürülüb aparılması, səs verməyə gələn seçici saylarının şişirdilməsi, qutulara topa bülletenlərin atılmasına qədər müxtəlif pozuntular qeydə alınıb. V.Dünyamalıyevin sözlərinə görə, dediklərini təsdiqləyən video-görüntülər də var:
"O dairədə 30 məntəqə var, 4-5-ni çıxmaqla, qalan məntəqələrin hamısında kütləvi saxtakarlıq olub. Səhər saatlarından məntəqələrə səs verməyə gələn seçici sayı ilə bağlı yanlış məlumatlar verməyə başladılar, rəqəmlər şişirdildi. Saat 10.00-a müşahidəçilər məntəqələrdə 999-1000 nəfər qeydə almışdı, MSK o saata olan məlumatında 5560 nəfər dedi. MSK-nın "Qaynar Xətt”inə nə qədər zəng eləsək də, danışa bilmədik. DSK sədri ilə də danışa bilmədim. DSK-nın katibi Rauf müəllimə dedim. Xeyri olmadı. Saat 12.00-a MSK yenə 40 saylı dairədə seçici fəallığı haqda məlumatında səsverməyə gələnlərin sayını 7179 nəfər göstərdi. Halbuki, cəmi 2970 nəfər idi”.
V.Dünyamalıyevin sözlərinə görə, müşahidəçilər baş verən pozuntuları qeydə alırdı deyə, Məntəqə Seçki Komissiyasının üzvləri onlara da təzyiq göstərməyə başlayıb. Həm onun, həm də bir sıra başqa namizədlərin müşahidəçiləri kütləvi məntəqələrdən polis gücüylə uzaqlaşdırılıb. Elə məntəqə olub ki, bir aktla 9 müşahidəçini çıxarıblar: "Əsasən müəllimlərdən ibarət bir qrup müşahidəçilər də vardı ki, onlar əksinə, mənim və digər bir neçə namizədin müşahidəçilərinə mane olmağa, pozuntuların lentə alınmasının qarşısını almağa çalışır, bəzi hallarda qutulara bülletenlər də atırdılar. Bunları da çəkmişik və MSK-ya təqdim etmişik”.
V.Dünyamalıyev deyir ki, bəzi komissiya sədrləri və üzvləri müşahidəçilərdən, çəkilişdən də çəkinməyərək, açıq şəkildə saxtakarlıq edirdilər. Bir sıra məntəqələrdə komissiya sədri seçki qutusundakı bülletenləri torbaya boşaldıb, sonra da polis vasitəsilə torbaları maşına qoyub, çıxıb gedib: "Bu videoları da şikayətlərimizə əlavə eləmişik. Biz 24 məntəqədən protokolları ala bilməmişik. Komissiya sədrlərinin biri deyirdi ki, "yorulmuşam, dincəlməyə gedirəm”, o biri deyirdi ki, "yemək yeyib, çay içməliyəm”, başqa biri deyirdi ki, "24 saatdan sonra açıqlayacağam”. Görünür, bunların Seçki Məcəlləsindən xəbəri yoxdur. Orada yazılıb ki, səsvermə başa çatandan sonra dərhal səslərin sayımı başlamalıdır. 24 saat ərzində başa çatmalıdır. Bunlar 24 saat məsələsini səhv anlayıblar. Bəzi məntəqələr var ki, səsvermənin nəticələri barədə komissiya üzvlərinin şifahi şəkildə elan etdiyi rəqəmləri lentə almışıq. İndi həmin o deyilən rəqəmlərlə rəsmi nəticələrdə göstərilən rəqəmlər üst-üstə düşmür”.
40 saylı Kəpəz İkinci Seçki Dairəsindən V.Dünyamalıyev də daxil olmaqla, 7 nəfər namizəd birgə bəyanat yayıb. Onlar bu dairədə seçki saxtalaşdırıldığına görə nəticəni tanımadıqlarını bəyan ediblər. "Bu cür addımlar dövlətə qarşı təxribatdır. Biz fevralın 12-də MSK-ya şikayət etmişik, pozuntu faktlarını göndərmişik. İndi cavab gözləyirik. Ümid edirəm ki, bu cür qanunsuzluqlara yol verənlərin sərt şəkildə cəzalandırılması təmin olunacaq”, - deyə V.Dünyamalıyev bildirib.
Birgə bəyanata imza atanlardan biri də seçkidə "Real Cümhuriyyətçilər İttifaqı”nın namizədi kimi iştirak etmiş Toğrul İsgəndərlidir. O, Meydan TV-yə deyib ki, 40 saylı dairənin məntəqələrinin əksəriyyətində hətta seçki qutuları da standartlara cavab vermirdi. Bəzi məntəqələrdə müşahidəçilər elə yerdə idi ki, onların önündə divar vardı, heç nə görə bilmirdilər.
T.İsgəndərli onu da əlavə edib ki, bu dairədən qalib elan olunan namizədin xeyrinə səslər əksər məntəqələrdə 10-15 dəfə şişirdilib. 40 saylı Kəpəz İkinci Seçki Dairəsindən Musa Quliyev qalib elan olunub. 59 yaşlı M.Quliyev bununla 5-ci dəfədir ki, deputat olur. Kəpəz rayonunun icra başçısı Eldəniz Xudiyev M.Quliyevin qohumudur. İcra başçısı M.Quliyevin bacısı Gülsüm Fətəliyevanın kürəkənidir.