Azərbaycanlı qadın idmançı ilə moldovalı döyüşçü arasında münaqişə - FOTO/VİDEO

Azərbaycanlı qadın idmançı ilə moldovalı döyüşçü arasında münaqişə - FOTO/VİDEO
10:56 15-02-2020 | icon 77

Bu gün Moldovanın paytaxtı Kişinyovun Çoresku qəsəbəsində MMA üzrə “Eagles: Next Level” yarışı keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, “Futzal Arena”da keçiriləcək yarışda Azərbaycanın üç idmançısı mübarizə aparacaq.

İki qələbəsi və iki məğlubiyyəti olan Elçin Hüseynov Özbəkistan təmsilçisi Müzəffər Rəcəbovla qarşılaşacaq. Ağır çəkidə baş tutacaq döyüşdən öncə özbək döyüşçünün daha təcrübəli olduğu görünür: 16 qələbə və üç məğlubiyyət. Hər iki idmançı “Eagles” döyüş çempionatında debüt edəcək.

Mehman Məmmədov isə bu çempionatda üçüncü döyüşünə çıxacaq. Üç qələbəsi və üç məğlubiyyəti olan Mehmanın rəqibi dəyişdirilib. Əvvəlcə daha təcrübəli, “Halk” ləqəbli finlandiyalı Mikael Silander rəqib olsa da, indi Məmmədovla döyüşə əfqanıstanlı Nurəddin Həzrət çıxacaq. Mehmanın yüngül çəkidə baş tutacaq döyüşdəki rəqibinin cəmi bir qələbəsi və iki məğlubiyyəti var.

Azərbaycanın bu yarışda üçüncü döyuşçüsü qadın idmançımız Tünzalə İmanlıdır. Üç qələbəsi və bir məğlubiyyəti olan Tünzalənin rəqibi 20 yaşlı yerli idmançı Donna Keldir. Üç qələbəsi olan Kel son iki görüşdə məğlub olub. Bu görüş gecənin yeganə qadın döyüşüdür.

Döyüş gecəsindən bir gün əvvəl idmançıların təqdimatında Tünzalə İmanlı ilə Donna Kel arasında münaqişə baş verib. Kel Sevgililər günü ilə bağlı Tünzaləyə bağlama təqdim edib. Lakin azərbaycanlı idmançı bunu onun üzərinə atıb.

Qeyd edək ki, döyüş gecəsi bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Səbuhi Musayev