Zakir Fərəcov, həmkarın Elmar Vəliyevin yolunu getmə...

Zakir Fərəcov, həmkarın Elmar Vəliyevin yolunu getmə...
13:10 13-02-2020 | icon 317

“Gəncə ilə bağlı son illər ölkə mətbuatında nələr yazılmadı, nələr deyilmədi. Daha doğrusu, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin harınlaması, yekəbaşlığı, iş adamlarına qan uddurması, özündən müştəbehliyi və s barəsində mediada kifayət qədər yazılar dərc olundu.

Təəssüf ki, müvafiq dövlət orqanları vaxtında bu məsələyə ciddi yanaşmadı. Və sonda ölkəmizin ünvanına, millətimizin adına yaraşmayan faciəli, həm də rüsvayçı olay baş verdi. Axı, bunun qarşısını zamanında almaq, harınlamış və quduzlaşmış məmuru vaxtında başa salmaq olardı. Və problem son həddə çatmazdı”. Bunu Nuh.az saytının baş redaktoru Kamran Məhərrəmli yazıb.  

O məqaləsində qeyd edir ki, eyni məmur özbaşınalığı bu gün Sumqayıtda baş verir. “Neçə illərdi adi vətəndaşlar, iş adamları, sahibkarlar Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bütün instansiyalara şikayət edirlər, mediaya müraciət edirlər, amma Mirzə Cəlil demişkən, “Haman göl, haman qurbağa “. Bəli, neçə ildir iş adamları, fəhlələr, sahibkarlar Zakir Fərəcovdan Sumqayıtın abadlığı ilə bağlı gördükləri işin halal haqqını tələb edir. Zakir Fərəcov isə onlara hədə-qorxu gəlir, bəzilərini həbs etdirir, təhdid edir, özünü hakimi mütləq kimi aparır. Yəni keçmiş həmkarı Elmar Vəliyev kimi hələ duza gedir. Adamlar şikayət etməkdən, etiraz bildirməkdən bezib, yorulublar. Nə qədər Prezident Adminstarsiyasına şikayət etmək olar”.

Məhərrəmli yazır ki, Zakir Fərəcov Sumqayıt şəhərindəki özəl nəqliyyatı, yəni Qarabağ veteranlarına məxsus nəqliyyat marşrutlarını ələ keçirmək üçün hansı oyunlara əl atmayıb?

“Sonda Qarabağ veteranlarının qazandığı çörəyi əllərindən alan Zakir Fərəcov Sumqayıtın nəqliyyat sistemini, marşrutlarını öz qohumlarına verib. Hələ bu harasıdır? Sumqayıtda daşı daş üstünə qoymaq üçün mütləq Zakir Fərəcovu, daha doğrusu, onun sağ əli, şəhərin baş memarı Adil Xudadatovu görmək lazımdır. Elmar Vəliyevin də qarnı ağrıyanda Tərtərin icra başçısı Müstəqim müəllim öz evindəki “medsestra”nı göndərirdi. Yeri gəlmişkən, yaxın günlərdə Adil Xudadatovla bağlı müvafiq orqanlar lazımi tədbirləri görəcək”.

Nuh.az-ın baş redaktoru yazısında iddia edib ki, Zakir Fərəcov indi də seçkini batırmaq istəyir. Onun sözlərinə görə, Zakir Fərəcov Hicran Hüseynovaya dəstək verərək, onun deputat seçilməsi üçün şəhərdəki bütün icra orqanlarına, hətta dairə sədrinə təzyiq edir. “Buyurun, mediada yayılan məlumata baxın: Sumqayıt şəhər icra hakimiyyətinin binasında şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakıyla iclas keçirilib.

Iclasda şəhərdəki seçki dairələrinin, habelə məntəqə sədrləri iştirak edib. Sədrlərlə fikir mübadiləsi aparılandan sonra 41 saylı DSK-nın sədrinə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri, 41-ci dairədən deputatlığa namizəd Hicran Hüseynovanın dəstəklənməsi tələb olunub.

Bu vaxt çıxış edən 41 saylı DSK-nın sədri Vaqif Məmmədov icra başçısına sərt təpgi göstərib. O bildirib ki, seçkilərin şəffaf və demokratik keçirilməsinin tərəfdarıdır və heç kimə heç cür kömək edə bilməyəcək. Məlumata görə, onun bu sözləri isə Fərəcovu qəzəbləndirib. Amma DSK sədri sözündən dönməyəcəyini deyib. “Mən dini-imanı olan adamam. Buna getməyəcəm. Həbsdə də yatmaq istəmirəm”, deyə o bildirib”. 

Kamran Məhərrəmli sonda qeyd edir: “Zakir Fərəcov! Nə qədər gec deyil, papağını qabağına qoy, düşün. Bu doğru yol deyil. Prezident İlham Əliyev də sizlərə dönə-dönə deyir ki, düz yola qayıdın, xalqa yuxarıdan aşağı baxmayın, xalqdan qorxmursunuz, BARI ALLAHDAN QORXUN, cənab Fərəcov!”