Uşaq baxçalarına qəbul zamanı ciddi nöqsanlar var

Uşaq baxçalarına qəbul zamanı ciddi nöqsanlar var
16:13 16-01-2020 | icon 117

Xəbər verdiyimiz kimi, 2020-ci ilin əvvəlində Bakının Nizami rayonunda uşaqların uşaq bağçalarına qəbulu üçün elektron sistemin tətbiqini nəzərdə tutan pilot layihə start götürür. Toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır. Bəs, görəsən, sözügedən layihənin icrası uşaq bağçalarını korrupsiya amilindən azad edəcəkmi? 

Eyni zamanda yerlərin məhdud olması səbəbindən Bakı şəhərindəki dövlət uşaq bağçalarına qəbul ənənəvi olaraq bir sıra çətinliklərlə (qeydiyyat məsələsi, ailənin yaşadığı coğrafiyanın uşaq bağçasının yerləşdiyi ərazi ilə üst-üstə düşməsi) müşayiət olunur, bütün bunlar isə uşaq bağçalarının rəhbərliyi tərəfindən sui-istifadə üçün geniş meydan yaradır. Bu layihənin aztəminatlı və çoxuşaqlı ailələr üçün mühüm sosial əhəmiyyəti nə dərəcədədir?

Bu suallarımıza cavab tapmaq üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O, “Yeni Sabah.az”a açıqlamasında bildirib ki, layihənin həyata keçirilməsi əsasız şəkildə pul tələblərinin qarşısını alacaq:

“Hazırda ölkəmizdə 1672 uşaq baxçası var. Ümumi körpələr evinə 123 min uşaq qəbulu həyata keçirilir. Təəssüflər olsun ki, bu qədər uşaq baxçasının 320-ə yaxını paytaxtımızın payına düşür. Amma burada qəbul zamanı kifayət qədər neqativ hallar yaşanır. Yəni, ilk növbədə buraya qəbul edilməli olan yaxın ərazidə yaşayanların, sosial statusu olan şəxslərin övladlarının baxçaya qəbulu zamanı onlardan əssasız pul tələbləri olur. 

Həmin baxçaların rəhbərliyi qeyd edirlər ki, uşaq baxçalarında yer yoxdur. Amma müəyyən vəsait, məbləğ ödəndikdən sonra həmin baxçalarda uşağa yer tapılır. Təəssüflər olsun ki, bu gün uşaq baxçalarında çalışanların böyük əksəriyyəti qanunvericiliyin tələblərinə zidd olaraq, orta təhsillidir. 

Halbuki, 2017-ci ildə qəbul edilmiş “Məktəbə qədər təhsil haqqında” qanun layihəsində tələb kimi qoyulub ki, uşaq baxçalarına rəhbərlik edən şəxslər ilk növbədə bu sahədə ali təhsilli olmalıdırlar. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şəxslər bu sahə üzrə ixtisaslı kadr olmalıdır. Bu proses işə qəbul zamanı, fəaliyyət zamanı qeydə alınmır. Bu gün uşaq baxçalarına qəbul zamanı ciddi nöqsanlar var. Bunun aradan qaldırılması üçün elektron resurs olmalıdır. Şəffaflığın həyata keçirilməsi üçün ilk növbədə həmin baxçanın yerləşdiyi mikroərazidə yaşayanların qəbulu üçün elektron sistem olmalıdır. Təəssüf ki, bu pilot layihə olaraq, həyata keçirilir. Gələcəkdə də bütün məktəbə qədər hazırlıq yerlərində də tətbiq edilməlidir. Bu, olduqca uğurlu addımdır. Hesab edirəm ki, təkcə şəffaflığı yox, eyni zamanda həmin müəssisələrin keyfiyyətinin artırılmasına imkan verəcək”.

Ekspert baxçaların sayının azlığından və onların məktəbəqədər təhsil alacaq uşaqların yalnız 25 fazirini əhatə etdiyindən də danışıb:

“2019-cu ilin yay aylarında Bakı şəhər İcra Hakimiyyəti 300 min manat məbləğlik baxçalarda elektron xidmətin həyata keçirilməsi ilə bağlı tender elan etmiş və bir şirkət orada qalib gəlmişdi. Maraqlıdır ki, bu qədər çox vəsait üçün hələ pilot layihə hazırlanır. Çünki büdcədən bunun üçün böyük məbləğ ayırılmışdı. Bu proses şəffaflığın həyata keçirilməsi, baxçaların əlçatımlılığı, imkansız, əlil şəxslərin uşaqlarının, şəhid övladlarının təmin olunması üçün həyata keçirilməlidir. 

Bu gün bizim ölkəmizdə ciddi şəkildə uşaq baxçalarının çatışmazlığı var. Daşkəsən, Qax, Gədəbəy, Neftçalanın özündə belə ciddi şəkildə baxça çatışmazlığı var. Məhz elektron qaydada bu həyata keçiriləndən sonra məlum olacaq ki, hazırda biz azyaşlı uşaqların yalnız 20 faizini baxçalara cəlb edə bilmişik. Ümumilikdə isə 1 yaşdan 5 yaşa qədər ollan uşaqlar baxçanın tabeliyində olmalıdır. Amma məlum olur ki, baxça yaşında olan uşaqların yalnız 25 faizini əhatə edəcək baxçalarımız var. Bu da olduqca azdır. Düşünürəm ki, həm Bakıda, həm regionda baxçaların sayı artırılmalıdır. Əlbəttə ki, bu layihə aztəminatlı, çoxuşaqlı ailələr üçün də əhəmiyyət daşıyır. Amma təəssüf ki, prosesdə şəffaflıq olmadığına görə, həmin valideyinlər uşaqlarını baxçaya qoya bilmirlər. Çünki qanunsuz pul yığımı və digər neqativ hallar var”.