Mikayıl Cabbarov: Strateji sənədlərin DİM-lərə uyğunluğu 70 faiz müəyyən edilib

Mikayıl Cabbarov: Strateji sənədlərin DİM-lərə uyğunluğu 70 faiz müəyyən edilib
10:56 16-01-2020 | icon 418

2001-ci ildə ölkədə 49 faiz olan yoxulluq səviyyəsi bu gün 4,9 faizə qədər aşağı enib. 

milletinsesi.info xəbər verir ki, bunu qtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında çıxışında deyib. 

O bildirib ki, DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb:

“2016-cı ildə Azərbaycan prezidenti tərəfindən imzalanmış müvafiq fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurası tərəfindən Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici qarşıya qoyulub.

Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib.

DİM-lərin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün aparılan kompleks qiymətləndirmə və onun nəticələrinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluğu 70 faiz müəyyən edilib”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, 2019-cu ildə ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. 

O bildirib ki, qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb: “Bildiyiniz kimi, ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib. Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. 

Nəticədə, əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əməkhaqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır”.

Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib ki, aksizli malların istehsalçılarının 2018-ci ilin 11 ayı ilə müqayisədə, 2019-cu ilin müvafiq dövriyyələrinin və aksiz vergilərinin tempi artıb. 

Bildirilib ki, alkoqollu içkilərin istehsalçılarının dövriyyə artımı 39,3 faiz, aksiz ödənişlərinin dövriyyə artımı isə 1,9 dəfə artıb. Tütün məmulatlarının dövriyyəsinin artımı 15,4 dəfə, aksiz ödənişlərinin artımı isə 19,1 dəfə təşkil edib.

Mikayıl Cabbarov onu daqeyd edib ki, hazırda nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin ən mühüm mərhələsi başa çatmaq üzrədir. M.Cabbarov bildirib ki, yaxın zamanlarda 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi əlavə dəyər vergisinin (ƏDV) məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesinə də başlanılacaq:

“Bu, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Qeyri- rəsmi ödənişlərin edilməsi dövriyyənin gizlədilməsindən ibarətdir. Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlər ictimai nəzarəti gücləndirməklə prosesləri daha şəffaf edəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Fəlsəfə və konseptual baxış odur ki, artıq özəlləşməyə açıq elan olunmuş müəssisələrə yenidən baxılaraq özəlləşdirmə perspektivləri təhlil edilməlidir.

O bildirib ki, özəlləşmə məsələsində yanaşmalar, qiymətləndirmələr zaman alan prosesdir: “Bu məsələdə vaxt mühüm amillərdən biridir. Paralel olaraq biz geniş özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlakının istifadəsinin səmərəliliyini də gözdən keçirməliyik. 

Çünki artıq kifayət qədər zaman keçib. Bu müddət imkan verir ki, biz sonrakı dövrdə əmlakın iqtisadi səmərəliliyinin qiymətləndirilməsini həyata keçirək”.

M.Cabbarov bu istiqamətdə ölkə başçısı tərəfindən nazirliyin qarşısına qoyulan məsələlərdən də danışıb:

“Prezidentin qarşımıza qoyduğu iqtisadi diversifikasiyanı, dövlətin iqtisadiyyatda rolunu nəzərə alaraq bu istiqamətdə bir sıra fəlsəfi yeniliklər olacaq”.