“Dedi ki, ata, səni bütün Azərbaycana tanıdacam...” - Nərminin Nərminsiz qalan evi və məktəbi - VİDEO

“Dedi ki, ata, səni bütün Azərbaycana tanıdacam...” - Nərminin Nərminsiz qalan evi və məktəbi - VİDEO
00:14 16-01-2020 | icon 732

Bakıdan Tovuza, Dondar Quşçuya gedən yol... Hansısa bir ünvana aparan yolda heç bir zaman bu yanğını yaşayacağımı düşünməzdim. Bu yanğı 10 yaşlı Nərminin yanğısı yanında nədir ki... Bu yanğı o qızcığazın yaşamasına, nəfəs almasına belə nifrət etdiyi 47 günün hər saniyəsində, hər dəqiqəsində keçirdiyi qorxu hissləri, ağrıları yanında nədir ki... Tez bitməyini istəyirdim yolun, Nərmin ölümünü gözlədiyi kimi...

Tovuzda, Dondar Quşçuda – bəlkə də bu günə kimi adını belə çoxlarının eşitmədiyi, bu günün ən tanınmış kəndindəyik. Nərminin faciəvi ölümüylə bütün kəndə tanıtdığı, elə tanıtmaq istədiyi doğma torpağında uyuyan Nərminin kəndində... Məhz Nərminin kəndində... Dondar-Quşçu Nərminin kəndidir artıq, 10 yaşlı Nərmin balanın...

“İtməzdən bir neçə gün qabaq mənə dedi ki, ata, məni karateyə qoy. Mən hamıdan daha cəldəm. Karateni yaxşı öyrənib, səni bütün Azərbaycana tanıdacam. Tanıtdı. Balam məni də, kəndini də yanan cəsədi, başına açılan müsibət, yarıda qalan ömrüylə hər kəsə tanıtdı...”

Çox kədərli cümlələrdir. 10 yaşlı Nərminin atası Şərif Quliyev hələ ötən ilin avqust ayında Nərminin bu istək və arzuyla ona yaxınlaşdığını deyir. Ailə hələ də başına gələnlərə, yaşadıqlarına inana bilmir... Bu kənddə baş verən Nərmin faciəsi ölkə gündəmini zəbt edib. Balaca qızcığazın ölüm xəbərini eşidən hər kəs onun üçün ağlayıb göz yaşı tökür. Yaşanan qorxunc hadisə hər kəsin yaddaşında dərin iz buraxıb.

İlk olaraq Nərminin doğulub-böyüdüyü evə üz tutduq. Bizi həmin evə Nərminin əmisioğlu apardı. Çünki ailə Nərmindən sonra həmin qapıdan içəri girməyib. Nə balaca Şəbnəm, nə valideynləri o evə ayaq basmağa ürək eləməyib... Dağın döşündəki evin soyuqluğu bizi Nərminin yoxluğu ilə də üşütdü. Oyuncaqları, paltarları, dərslikləri, bacıları ilə olan şəkilləri, məktəb venetkası... Hər şey Nərmindən danışırdı...

Bütün kənd sakinləri Nərmini sakit, mülayim qızcığaz kimi xatırlayır. Onun xatirələri sanki hər kəsin yaddaşına həkk olunub.

10 yaşlı Nərmini daha yaxından tanımaq üçün isə onun oxuduğu məktəbə getdik. Lakin qarşılaşdığımız mənzərə bizi dəhşətə gətirdi. Azyaşlının oxuduğu kənd məktəbi o qədər şəraitsiz idi ki, deməyə söz tapmırıq. Bu məktəb 1986-ci ildə tikilib. Amma bu illər ərzində təhsil ocağı bir dəfə də olsa, əsaslı təmir edilməyib. Uşaqlar toz-torpağın, sallanan elektrik kabellərinin içərisində, sınıq-salxaq partalarda oturub dərs öyrənirlər. Bunun səbəbini soruşanda isə müəllimlər bildirdilər ki, məsələylə bağlı dəfələrlə aidiyəti orqanlara müraciət ediblər. Hər dəfə də eyni cavabı - “təmir olunacaq” cavabını alıblar. Amma illərdir bu vədə əməl olunmayıb. Yalnız son məlum hadisələrdən sonra məktəb əlaqədar qurumların yadına düşüb.

Məktəbdə ilk olaraq Nərmini rus dili müəllimi Kəmalə Həsənovadan soruşduq. Müəllimə mərhum şagirdindən ağrı, təəssüflə danışdı. Dedi ki, bu dəhşətli hadisə hər bir övladın başına gələ bilər, bu isə çox qorxuncdur:

“Uzun illərdir, bu məktəbdə çalışıram. Nərmin çox sakit, çalışqan və ünsiyyətcil qız olub. Mən onu cəmi iki aydır tanıyırdım, amma çox sevmişdim. Heç vaxt nadinc, yanlış hərəkətini görməmişəm. Bu hadisəyə görə hər birimiz narahatıq. Səhər bu cür Nərminlərin sayı arta bilər. Şagirdlərə hər zaman başa salıram ki, sizin hər biriniz, bir Nərminsiniz. Bu cür qorxunc hadisələrin təkrarlanmamısını istəyirik”.

Balaca Nərmini məktəbdə hər kəsdən daha çox sinif rəhbəri Rəna Yusibova tanıyır. Amma pedaqoq xanım nədənsə balaca qızcığaz haqqında danışmaqdan çəkindi. Öncə bizimlə həmsöhbət olmağa razılıq versə də, sonradan fikrindən daşındı: “Mənə danışmağa icazə vermirlər”, dedi. 

Məktəbdən məyusluqla ayrılıb cinayətdə şübhəli bilinən İlkin Süleymanovun evinə tərəf yollandıq. İlkinin ailəsi, valideynləri ilə görüşmək niyyətindəydik. Amma İlkinin evinin qarşısında polislər keşik çəkirdi. Nəinki İlkinin evini, heç mənzilin yaxınlığındakı ərazini, onun yaxınlıqda alış-veriş etdiyi mağazanı belə çəkməyə icazə vermədilər. Dedilər ki, kənd camaatı bir neçə dəfə İlkinin evinə hücum edib. Bu səbəbdən də onların təhlükəsizliyini təmin etmək üçün əraziyə kimsənin yaxınlaşmasına icazə vermirik.

Yenidən Nərminin baba evinə qayıtdıq. Həyətdə mərhum azyaşlının yeddi mərasimi keçirilir. Nərminin anası Aynurə İsmayılova tezliklə övladının qatilinin cəzalandırılmasını istəyir:

“İstəyirəm ki, tezliklə balamın qatili cəzalandırılsın. O, ən ağır cəzaya layiqdir. Yandırılıb edam olunmalıdır. O, yoldaşımın sinif yoldaşı olub. Atası yoldaşımın müəllimi olub. Təəccüb içindəyik, inana bilmirik. Elə ailədən o cür insan çıxarmı?! İlkin tez-tez yoldaşımla evin qabağında oturub söhbət edirdi. Onun əmisi oğlu Murad qızımın yandırıldığı gün mənə təsəlli verirdi, hələ cibindən pul da çıxarıb verirdi. Almadım. 

İndi başa düşürəm ki, bu ailə hər şeyi bilirmiş. Hətta qızım bir dəfə oradan qaçıb, qonşulardan da bunu eşidiblər, amma bizə deməyiblər. Oğulları hər gün evə pampers alırdı, bacıları da anaları da, bunu görürdü. Bəs, onu görəndə qayıdıb niyə soruşmayıb ki, “ay bala, bizdə uşaq yoxdur, kimə almısan bu pampersi?”

Deyirlər, anası qızımı tapıb geriyə otağa salıb. Özü də, buz kimi otağa. Belə zülm olar? Öldürmüşdünsə, icazə verərdin öz gözəlliyi ilə torpağa tapşırardıq onu, niyə mənim gözümün qabağında yandırırsan? Onun polis əmisi oğlundan da sübhələnirəm. Yoldaşıma bir dəfə deyib ki, bəlkə yandırılan uşaq heç sənin qızın deyil. Elə şey olar? Heç bizi onların evinə girməyə də qoymadılar. Önlərinə “Quran” qoydum, amma and içmədilər”.

Bir sözlə, Nərmini unutmaq mümkün deyil. Və bütün cəmiyyət var gücü ilə çalışmalıdır ki, Nərminlərin sayı çoxalmasın.