“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər

“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər
16:53 15-01-2020 | icon 861

Bu gün səhər saatlarında “Salyan OİL” Əməliyyat Şirkətinin 200 nəfərə yaxın fəhləsi qurumun Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçiriblər.

MillətinSəsi.info-nun xəbərinə görə, fəhlələr bütün əməliyyat şirkətləri arasında ən az əmək haqqı aldıqlarının bildirərək maaşlarının qaldırılmasını tələb ediblər. 2 saata yaxın davam edən aksiyadan sonra etirazçı fəhlələrin 7 nəfər nümayəndəsi rəhbərlik tərəfindən qəbul edilib. Müzakirələr nəticəsində əldə olunmuş razılığa görə, şirkət rəhbərliyi 2 gün ərzində fəhlələrə görə biləcəyi tədbirlər barədə məlumat verəcək. 

Aparılan araşdırmalar nəticəsində məlum olur ki, şirkətdə işçilərin hüquqları kobud surətdə pozulur. İşçilərə qarşı sanki qul münasibəti bəsləyən şirkət rəhbərliyi hər fürsətdə onların haqqını tapdalayır: «Əməliyyat şirkəti demək olar ki, Azərbaycan qanunlarını tanımır. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təmin olunmur.

Halbuki, ölkəmizin Konstitusiyasının 35.4-cü maddəsində qeyd olunub ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ var. Bundan başqa, Əmək Məcəlləsinin 207-ci maddəsində isə təsbit olunub ki, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var.

Həmin qanunun 215-ci maddəsində isə müəssisənin işçilərin iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu göstərilir. Amma qanunun tələblərinə baxmayaraq, sözügedən şirkətdə insan amilinə xüsusi önəm verilmir. Məhz bunun nəticəsidir ki, iş prosesində indiyə kimi onlarla fəhlə ciddi xəsarət alıb, hətta ölüm işləri baş verib. Şirkət rəhbərliyi isə hansısa vasitələrlə həmin bədbəxt hadisələri ört-basdır etməyi bacarıb».

Araşdırmalar göstərir ki, «Salyan Oil» şirkətində işçilər normadan artıq işə cəlb olunsalar da, bu saatların məbləğləri az göstərilir və ya ikiqat ödənilmir. Şirkətdə yerli işçilərlə xarici işçilər arasında əməkhaqqı sahəsində kəskin fərqlər var. Belə ki, yerli işçilər xarici işçilərdən qat-qat aşağı əmək haqqı alırlar.

Qeyd edək ki, hazırda müəssisədə 900 nəfərə yaxın işçi çalışır, sutkalıq neft hasilatı 600-700 ton, fəhlələrin orta aylıq əmək haqqı isə 450-500 manatdır.

Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlanıb.

Mənbə Virtualaz.org