Pensiyaçılara şad xəbər - Yanvar ayının ödənişləri bu tarixdə veriləcək

Pensiyaçılara şad xəbər - Yanvar ayının ödənişləri bu tarixdə veriləcək
14:35 15-01-2020 | icon 1174

“Pensiyaların gecikməsilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Bunu Modern.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pensiyaların gecikdirilməsilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

O, bildirib ki, əslində pensiya ay bitənədək qrafikə uyğun verilməlidir: “Lakin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu bunu ayın əvvəli və ortaları həyata keçirir. Yeni büdcə ilinin başlanması ilə əlaqədar olaraq, həmçinin yanvar ayının ilk iş günü 7 yanvara təsadüf etdiyinə görə, dərhal bu proses başlandı.

Artıq ödəmələr həyata keçirilib və pensiyaçılarımızın hesabına gün ərzində vəsait tam olaraq oturacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, bu il ötən illərlə müqayisədə yanvar ayının pensiyası daha tez ödənildi.

Fazil Talıbov bildirib ki, pensiyaların artırılması istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyaları indeksləşdirilərək artırılacaq. 

O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.

Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ay ərzində təqdim olunacaq rəsmi məlumatda 2019-cu il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2020-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Artım cari ilin əvvəlindən tətbiq ediləcək və yanvar ayının pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə veriləcək.

Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 93-94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplardır (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.

Qanunvericiliyə uyğun olaraq, bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə inflyasiya göstəricisinə uyğun indeksasiya edilərək artırılması təmin ediləcək.