Salyanlılar Fəzail Ağamalının yenidən namizədliyini irəli sürməsinə etiraz edir - Prezidentə müraciət

Salyanlılar Fəzail Ağamalının yenidən namizədliyini irəli sürməsinə etiraz edir - Prezidentə müraciət
14:07 14-01-2020 | icon 454

Salyan rayon ictimaiyyətinin nümayəndələri adından redaksiyamıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti daxil olub. Müraciətdə Salyan rayon sakinləri 60 saylı seçki dairəsindən deputat olmuş Fəzail Ağamalının yenidən bu dairədən namizədliyini irəli sürməsinə etiraz edirlər. Həmin müraciəti olduğu kimi oxuuların nəzərinə çatdırırıq.


Hörmətli, cənab Prezident!

Son illər müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı üçün gördüyünüz işlər, xüsusilə kadrların yenidən seçilməsi, yerləşdirilməsi, gənclərə önəm verilməsini bütün xalqımız kimi biz salyanlılar da böyük ümid yaradıb.

Ölkəmizin sürətli inkişafı, yeni kadrların önə çəkilməsi hamı kimi bizdə də fərəh hissi yaradır, sabaha inamımızı daha da artırır. Lakin, təəssüflər olsun ki, bu islahatlarla ayaqlaşmaq istəməyən, özünü iqtidara yaxın hesab edərək, bundan yararlanaraq, öz şəxsi mənffəəti üçün çalışan qüvvələr hələ də var.

Son vaxtlar Sizin apardığınız uğurlu kadr islahatların da əminik ki, bu cür narahatlıqdan irəli gəlir. Köhnəlmiş, heç bir işə yaramayan qüvvələrin ictimai-siyasi proseslərdən uzaqlaşdırılması, Milli Məclis üzvlərinin yeni tərkibdə seçilməsi də ölkəmiz üçün yenilik vəd edən parlamentin formalaşması yalnız ölkəmizin yararına ola bilirdi.

Əslində, biz salyanlılar da yeni proseslərdən, məhz bunu gözləyirdik. Başladığınız islahatlara çox böyük ümid bəsləyirdik ki, yeni seçiləcək millət vəkillərinin xalqa, millətə yaxın olan, onun problemlərinin həll olmasına ürək yanğısı ilə yanaşan şəxslər əvəzləyəcək. Lakin 60 saylı Salyan-Neftçala seçki dairəsində yenidən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının namizədliyini verdiyini görəndə, təzəcə cücərən ümid işığı yenidən söndü, sabaha olan inamımızı sarsıtdı.

Bu baxımdan üçüncü dəfədir 60 saylı seçki dairəsinə yalnız seçkidən seçkiyə yaxınlaşan Fəzail Ağamalı əhalidə, sözün həqiqi mənasında, emosional mənfi qəzəb yaradır, salyanlılar özlərini təhqir etmiş hesab edir. Çünki Fəzail Ağamalı deputat kimi, vəzifə borcunu minimum səviyyədə belə, yerinə yetirməyib, əhalinin rəğbətləndirən heç bir iş görməyib, seçicilərlə görüşüb, onları narahat edən problemlərlə maraqlanmayıb.

Bu gün cəmiyyətimizdə gedən proseslər onu göstərir ki, xalq onu sayan, sevgisinə qarşılıq verən millət vəkillərinə dəstək verir. Xalqı yalan və boş vədlərlə aldadan millət vəkilləri təbii olaraq rəğbət qazana bilmir. 60 saylı Salyan-Neftçala seçki dairəsinində üç dəfə millət vəkili seçilmiş və növbəti seçkidə də iştirak etməyə cəhd göstərən Fəzail Ağamalı, məhz belə deputatlardandır.

Onun seçicilər arasında nüfuzdan düşməsinin ən böyük səbəbi isə, bir dəfə də olsun seçicilərlə görüş təşkil etməməsi, onların problemləri ilə maraqlanmamasıdır. Bu gün Salyanda və Neftçalada Fəzail Ağamalının adı eşidiləndə uşaqdan böyüyə hamı dodaq büzür, onun ünvanına təhqiramiz ifadələr işlədilir.

Bu günlərdə yenidən bizim dairədə peyda olan bu arzuolunmaz şəxs, Sizin adınızdan istifadə edərək, özünü yenidən Milli Məclisin tərkibinə salmaq üçün dəridən-qabıqdan çıxır, yeni yalanlar uydurmaqla məşğuldur.

Cənab Prezident!

Fəzail Ağamalı yenidən Salyan rayonunda millət vəkilliyinə namizədliyini irəli sürməklə, bu dairədən məhz Sizin xeyir duanız əsasında gəldiyini bildirir, xalq arasıda çaşqınlıq yaradır, özünü Sizin islahatçı komandanızın üzvü kimi təqdim etməyə çalışır. Biz Fəzail Ağamalının yalanlarına əsla inanmırıq. Düşünürük ki, bu cür köhnə təfəkkürə malik, xalq içərisində nimdaş siyasi avanturist kimi tanınan şəxs sizin komandanın üzvü ola bilməz.

Millət vəkili hər kəsə nümunə ola bilən şəxslər sırasında olmalıdır, xalq ona inanmalı, ona etimad göstərməlidir. Biz salyanlılar neçə illərdir ki, Fəzail Ağamalıya nə inanmışıq, nədə ki, etimad göstərmişik. Çox üzücü haldır ki, salyanlılar öz deputatlarına hörmət əvəzinə nifrət edirlər. Salyanlıların heç zaman səs vermədiyi və bu dəfə də səs verməyəcəyi bəlli olan Fəzail Ağamalı isə bu reallıqdan utanıb nəticə çıxarmır.

Möhtərəm, cənab Prezident!

Sizin yeni dövrə uyğun parlament formalaşdırılmaq təşəbbüsünüzlə bağlı tapşırıqlarınız hər kəsdə böyük ümid yaradlr və düşünürük ki, indiyədək xalqın adından yalan danışan, fəaliyyətsizliyinə görə xalqla öz arasında dərin uçurum yaratmış belə siyasi dəllalar bir daha xalqı parlamentdə təmsil etməyəcək.

Hesab edirik ki, xalq arasında nüfuzdan düşmüş adamların yenidən parlamentə düşməsinə yol vermək olmaz, onların əlinin yenidən xalqın yaxasından yapışması arzuolunmazdır.

Salyanlılar 09 fevral parlament seçkilərinin, məhz belə bir ruhda keçməsinə inanmaq istəyirlər.

Salyan ictimaiyyətinin nümayəndələri adından:

1. Məhəmməd Əliyev
2. İltifat Quliyev
3. Əhməd Bəşirov 

P.S. Məsələ ilə bağlı Fəzail Ağamalıyla əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı. Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.