Rüfət Dadaşov rəsmən ABŞ klubunda - FOTO

Rüfət Dadaşov rəsmən ABŞ klubunda - FOTO
13:42 14-01-2020 | icon 137

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ-ın I divizion klubu “Finiks Rayzinq”ə keçib.

milletinsesi.info xəbər verir ki, o, 2020 mövsümü üçün müqavilə bağlayıb. Futbolçu yeni klubu haqda xoş sözlər deyib:

“Mənim üçün “Finiks Rayzinq”də oynamaq arzumun reallaşmağıdır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ-a qarşı oynayandan mən Amerikada futbolu yaxından izləyirəm və burdakı böyük inkişafı görməkdən çox təsirlənmişəm. Bu komandanın bir hissəsi olmağı çox istəyirdim. 

Baş məşqçi Rik Şantsla danışdıqdan sonra 100 faiz “Finiks”də oynamaq istədiyimi dəqiqləşdirdim. Məşqlərə başlamağımı, komanda yoldaşlarımla, fanatlarla görüşməyi, Arizona ştatını görməyi gözləyə bilmirəm. Ən mühüm şey “Finiks Rayzinq”ə oyunların qələbəsində kömək etməyimdir”.

Baş məşqçi Riçard Şants isə 19-cu transferləri olan 28 yaşlı Rüfəti tərifləyib:

“Rüfətin ölçüsü, çəkisi və dəqiqliyi “Finiks Rayzinq” üçün çox xeyirli olacaq. Onun topu qəbul etmək bacarığının bizim vingerlərə və hücumameyilli yarımmüdafiəçilərə çox köməyi dəyəcək. Rüfət Almaniyada çox yaxşı çempionatda oynayıb. Onun ABŞ futbol çempionatına olduqca tez uyğunlaşacağına inanıram”.

Qeyd edək ki, Almaniya doğumlu Dadaşov son iki mövsümü Münster “Proyssen”ində çıxış edib. O, Almaniya II divizionunda keçirdiyi 52 matçda (3466 dəqiqə) 14 qol vurub və iki məhsuldar ötürmə edib. Ötən mövsüm vurduğu səkkiz qolla klubda üçüncü ən yaxşı futbolçu olub.

Rüfət Dadaşov millimizdə 24 dəfə çıxış edib və beş qola imza atıb. Onun millimizdə debütü 2013-cü ilin fevralın 1-də Özbəkistanla yoldaşlıq oyununa təsadüf edib.

Səbuhi Musayev