Vilyam Hacıyev İmişlidə Çingiz Qənizadənin təbliği  ilə məşğuldur?

Vilyam Hacıyev İmişlidə Çingiz Qənizadənin təbliği  ilə məşğuldur?
16:32 05-01-2020 | icon 3187

Bu günlərdə redaksiyamıza bir qrup İmişli rayon sakinləri tərəfindən məktub daxil olub. Həmin məktub sakinlərin problemi ilə bağlı deyil, qarşıdan gələn 9 fevral parlament seçkiləri ilə bağlı rayonda baş verən seçki qanunsuzluqları ilə bağlıdır.

Sakinlərin məktubunda bildirilir ki, İmişli rayon icra başçısı Vilyam Hacıyevin rayonun iki dəfə deputat seçdirdiyi Çingiz Qənizadə ilə birgə rayon mədəniyyət evində, digər yerlərdə təşkil olunan yığıncaqlarda fəallıq göstərməsi rayon sakinlərində ciddi narazılıq yaradıb.

Həmçinin sakinlər bildirir ki, həmin yığıncaqlara məcburi şəkildə rayonun icra nümayəndələrini, bələdiyyə sədrlərini, məktəb direktorlarını, baxça müdirlərini və həkimləri gətizdirib, onların arasından seçki günü səsvermə məntəqələrinə məcburi şəkildə adam gətirmələri üçün "on baş", "yüz başı" və "min başı" seçirlər.

İmişlinin icra başçısı Vilyam Hacıyev isə hər görüşdə Çingiz Qənizadəni yenidən deputat kimi təqdim edərək bildirir ki, bəs İmişli rayonu üçün, yəni 80 saylı İmişli-Beyləqan seçki dairəsinə ən layiqli şəxs budur.

İcra başçısı yığıncaqlarda rayon icra nümayəndələrinin rəhbərlərinə, bələdiyyə sədrlərinə və hər kəsə açıq aşkar deyir ki, kim seçkidə bizim namizədin seçilməsinə köməklik etməsə işi ilə vidalaşmalı olacaq.

Sakinlər məktublarında onu da bildirirlər ki, artıq rayon icra başçısı Vilyam Hacıyevin qanunsuz tapşırıqı ilə rayon icra nümayəndələrinin və bələdiyyə sədrlərinin cənfəşanlığı nəticəsində Çingiz Qənizadənin qeydiyyat üçün lazımi imzalar yığılaraq, 80 saylı İmişli-Beyləqan seçki dairəsinə təqdim edilib və bir günün içində də Çingiz Qənizadənin namizədliyi qeydə alınıb.

Sakinlər onu da məktublarında qeyd edirlər ki, Çingiz Qənizadə icra başçısı ilə birgə iştirak etdiyi tədbirdə hər dəfə çıxışında qeyd edir ki, "Sizinlə hər görüşə gələndə bildirdiyim kimi mənə seçki günü səsvermənin nəticələr maraqlı deyil, çünki məni seçən çoxdan seçib, sadəcə bəzi işlərimi yekunlaşdırmaq üçün gəlmişəm."

Sakinlər onu da bildirirlər ki, Çingiz Qənizadə iki dəfə İmişlinin deputatı olsa da, onlar üçün heç bir köməklik etməyib, əksinə hər dəfə gələndə İmişli Şəkər zavoduna aid olan oteldə dincəlib, öz şəxsi işləri ilə məşğul olub.

Qeyd edək ki, seçki haqda təsdiq olunan qanunvericiliyə görə, hər hansı deputatlığa namizədliyin vermiş şəxsin və ya şəxslərin təbliğat və təşviqat işlərinə vəzifəli şəxslərin qoşulması qadağandır, cinayət məsuliyyətinə cəlb edilə bilər.

İmişli rayon sakinlərinin bu məktubu ilə bağlı İmişli rayon icra hakimiyyəti ilə və millət vəkilliyinə namizədliyi qeydə alınmış Çingiz Qənizadə ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərin də münasibətin ictimailəşdirməyə hazırıq.

Milletinsesi.info




1.9814801216125