İsfar Sarabski “Warner Music Group”la müqavilə imzalayan ilk azərbaycanlı oldu - FOTO

İsfar Sarabski “Warner Music Group”la müqavilə imzalayan ilk azərbaycanlı oldu - FOTO
17:49 04-12-2019 | icon 51

Azərbaycan Respublikasının Əməkdar artisti, dahi pianoçu və bəstəkarı İsfar Sarabski “Böyük üç səsyazma şirkətləri”nə daxil olan üçüncü böyük səsyazma studiyası “Warner Music Group”la müqavilə imzalayıb. 

milletinsesi.info xəbər verir ki, Sarabski - “Warner Music Group”la müqavilə imzalamış ilk azərbaycanlı caz və elektron musiqiçidir.

Belə bir səsyazma nəhəngi ilə imzalanmış müqavilə nəinki 30 yaşını qeyd etmiş musiqiçimiz üçün, həmçinin, Azərbaycan musiqisi üçün yeni perspektivlər açan qapı deməkdir.

“Warner Music Group”la imzalanmış müqaviləyə əsasən, İsfar Sarabskinin iki albomu bu leybldə işıq üzü görəcək.

İlk albom caz janrında olacaq. Albomun çıxışı 2020-ci ilin iyun ayına planlaşdırılır. Albomdan öncə iki sinql parça gözlənilir. Fevral ayından başlayaraq İsfar müxtəlif festivallarda iştirak edəcək və Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxışlar edəcək. İyun ayının 11-12-i ərəfəsində Hamburq şəhərində musiqiçinin caz janrında albomu təqdim ediləcək.

İkinci albom isə elektron musiqi janrındadır, ilk sinqllar 2020-ci ilin avqust-sentyabr aylarında çıxacaq. İkinci albom 2020-ci ilin sonunda təqdim ediləcək.

Azərbaycanlı caz və elektron musiqiçi, pianoçu və musiqiyə elektro-muğam adlı yeni stil gətirmiş İsfar Sarabski musiqimizi yeni səviyyəyə qaldırır. Onun klassik və proqressiv caz, həmçinin, elektron soundda etdiyi təcrübələr tək tənqidçiləri və mütəxəssisləri deyil, eyni zamanda, nəhəng musiqi leybıllarının da diqqətini cəlb edib.

Daha dəqiq desək, dünya səsyazma biznesinin üç aparıcı şirkətindən biri sayılan “Warner Music Group”un geniş artist siyahısına İsfarın adı da əlavə olunub. Beləliklə, Sarabski “Warner Music Group”la əməkdaşlıq müqaviləsi imzalamış ilk azərbaycanlı caz musiqiçi olub.

Məlumat üçün qeyd edək ki, bu səsyazma leyblının artist siyahısında Areta Franklin, Edit Piaf, “The Doors”, Bred Mehldau, Neil Yanq, Michael Buble, Phil Collins, Avishai Cohen, David Guetta, JAZ-Z, Muse,“Deep Purple”, “Bee Gees”, Devid Boui, Alis Kuper, Erik Klepton, “Blur”, “Liam Gallagher”, “Daft Punk”, “Gorillaz”, “Green Day”, Bruno Mars və yüzlərlə digər tanınmış isimlər var. Artıq Respublikamızın Əməkdar musiqiçisi İsfar Sarabski də bu siyahıya daxildir.

Könül Cəfərli