DMX rəisi əcnəbilərlə işləyən Komissiyanın fəaliyyət qaydalarını dəyişdi

DMX rəisi əcnəbilərlə işləyən Komissiyanın fəaliyyət qaydalarını dəyişdi
17:35 04-12-2019 | icon 44

Dövlət Miqrasiya Xidmətinin (DMX) Kollegiyası “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nda dəyişikliklər edib.

milletinsesi.info-ın məlumatına görə, bununla bağlı DMX rəisi, Kollegiyanın sədri Vüsal Hüseynov qərar imzalayıb.

Qərarla sənədin 1.2-ci bəndində “çatmamış” sözündən sonra “uşaqlar, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə)” sözləri əlavə edilib.

3.2-ci bənddə “əvvəlcədən” sözü “Dövlət rüsumu haqqında” qanuna əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən on gün sonra” sözləri ilə əvəz olunub.

Həmin bənd Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbilərlə bağlıdır.

Belə əcnəbilərə Azərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s.) “Dövlət rüsumu haqqında” qanuna əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən on gün sonra şifahi və ya yazılı qaydada məlumat verilir. 

Qeyd edək ki, qərar dekabrın 3-də qüvvəyə minib.