POS-terminallara tələb şərtləşir: stimullaşdırıcı tədbirlərə də ehtiyac var...

POS-terminallara tələb şərtləşir: stimullaşdırıcı tədbirlərə də ehtiyac var...
16:28 04-12-2019 | icon 54

Pərviz Heydərov yazır...

Məlum olduğu kimi, artıq başa çatmaqda olan bu il ərzində ölkə əhalisinin sosial-iqtisadi mənafeyini gücləndirmək, müdafiəsini təşkil etmək məqsədilə biri-birinin ardınca həyata keçirilən iki mühüm və çoxşaxəli sosial paketin icrası həm də iqtisadiyyatda aparılan vergi və digər islahatların, xüsusən də onun kölgədə qalan hissəsini tədricən üzə çıxartmaq təşəbbüslərinin hesabına mümkün olub.

Belə ki, məhz kölgə iqtisadiyyatına qarşı start götürən inqilabi addımların sayəsində sosial sahədə indiyədək görülməmiş addımlar atıldı. Bunu nəzərə almaq lazımdır. Minimum əməkhaqqı yaşayış minimumu səviyyəsinə bu il çatdırıldı.

Halbuki dövlət gəlirlərimiz 2015-2016-cı illərədək indikindən yüksək idi. Sözügedən bərabərləşməni isə yalnız bu il əldə etdik. Niyə və nəyin hesabına? Son bir il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində...

Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə kölgə iqtisadiyyatının səviyyəsini azaltmaq istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındığı aşkarlanaraq, büdcəyə daxil edildi. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxdı.

Ümumiyyətlə, vergi sahəsində yanvarın 1-dən qüvvəyə minən dəyişiklikləri də nəzərə alsaq bu il iqtisadi və sosial baxımdan əhəmiyyətli işlərin məhz qeyd olunanların sayəsində həyata keçirildiyinə dair izaha xüsusən ehtiyac qalmır.

Belə ki, ilin əvvəlindən iqtisadiyyatın bir sıra sahələrində tətbiq olunmağa başlanılan, mahiyyətcə güzəştli xarakter daşıyan vergi islahatları nəticəsində dərəcələrdə və yığımda inzibatçılıq xeyli təkmilləşdi.

Başqa sözlə, yayınma azaldı, uçot bazasının və mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergitutma rejimi kimi məsələlər yeniləndi və vergi güzəştlərinin optimallaşdırılması hesabına iqtisadi səmərə artdı. 

Və bütün bunların sayəsində də dövlət büdcəmizə istər vergi, istərsə də, rüsumlar sarıdan ödənənlərin həcmi nəzərdə tutulduğundan milyonlarla manat artıq vəsait daxil oldu və daxil olmaqda da davam edir.

Lakin bütün bu proses fasiləsiz xarakter daşımalıdır. Bu mənada, vergidə inzibatçılığı artırmağın bir yolu da nağdsız ödənişlərin genişlənməsindən keçir. Hansı ki, nağdsız hesablaşma özü də dəqiq vergi ödənişi deməkdir. Və bunu yaddan çıxarmaq lazım deyil.

Nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri isə POS-terminallardır. Bütün xidmət və ticarət obyeklərində bunların sayı çox təşkil etməklə yanaşı, durmadan artmalıdır.

Ancaq bizdə bu sahədə vəziyyət necədir? Təəssüf ki, qeyri-qənaətbəxş...

Hələ 3-4 ay öncə yazmışdım ki, POS-terminalların sayı artmaq əvəzinə, azalır. 2016-cı illə müqayisədə 16% azalma var. Halbuki istər dövlət, istərsə də özəl sektorda bütün əməkhaqları, sosial və digər ödənişlər kartlar vasitəsilə həyata keçirilir.

Bu baxımdan, vergidən yayınma hallarına qarşı mübarizəni gücləndirməklə bağlı növbəti ildən tədbiq olunacaq dəyişikliklər sırasında vergi qanunvericiliyinin sərtləşdiriləcəyi daha çox yerinə düşür. Və bu, yüksək qiymətləndirilməlidir.

Belə ki, dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onları quraşdırmaqdan və nağdsız ödənişləri qəbul etməkdən imtina hallarına görə maliyyə sanksiyalarının tətbiq edilməsi məsələsi yer alıb ki, bu hal ilk dəfə baş verdikdə 1000, ikinci dəfə olduqda 3000, növbəti ildə təkrarlandıqda isə 6000 manat alınacaq.

Hələ bu ilin ortasında bir sıra xidmət-ticarət şəbəkələrində POS-terminalların olmaması və yaxud mövcud olub işləməməsinə münasibət bildirərkən Vergilər naziri Mikayıl Cabbarov (hazırda İqtisadiyyat naziri - red.) qeyd etmişdi ki, rəhbərlik etdiyi Nazirlik nağdsız hesablaşmaların genişlənməsi üçün digər qurumlarla sıx əməkdaşlıq edir.

“Ancaq bununla belə, qeyri-nağd hesablaşmaların genişlənməsində daha çox hansı tərəfin maraqlı olduğunu da nəzərə almaq lazım gəlir”, - deyən nazir əlavə etmişdi ki, bu məsələdə sahibkarlar 1,29-2,37% arası komissiya haqqı ödəyirlər.

“Ən mühüm məsələ cəzasızlıq şəraitidir. Belə ki, mövcud qanunvericilik POS-terminalların quraşdırılmamasına görə heç bir məsuliyyət nəzərdə tutmur. Bu isə vergi ödəyicilərinə bəhanələr irəli sürmək üçün şərait yaradır”, - deyə hazırkı İqtisadiyyat naziri M.Cabbarov vurğulamışdı.

Yeri gəlmişkən, Azərbaycanda plastik kartların sayının 1 sentyabr 2019-cu il tarixində bir qədər də artmaqla 7 milyon 209 min ədədə çatdığı qeydə alınıb. Plastik kartların 2 milyon 693 min ədədi sosial kartlar, 2 milyon 182 min ədədi əməkhaqqı kartları, 1 milyon 563 min ədədi digər və 771 min ədədi isə kredit kartları olub. Plastik kartlarda azalma yalnız kredit kartlarda müşahidə edilib.

Sual yaranır ki, kartların sayı artdığı halda, POS-terminalların sayı niyə azdır? 

Bu paradoks nədən irəli gəlir?

Odur ki, nağdsız hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün hələ çox işlər həyata keçirmək lazım gəldiyi əyani görünür. Bunların sırasında müvafiq inzibati metodların da tədbiqinə və qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac vardır ki, bilavasitə POS-terminallarla bağlı buna mütləq baxmaq lazım gəlirdi.

Çünki bu olduqca məqsədəuyğundur. Ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılıb addımlar atılsa da, istənilən səviyyədə nailiyyət qazanılmayıb. Birincisi, bu, qısa müddət ərzində böyük uğurlara imza atılacaq iş də deyil.

İkincisi isə, vətəndaşların buna marağı olmalı - onlar marifləndirilməli, üçüncüsü, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, dördüncüsü də, əhalinin gəlirləri də tələb olunan səviyyədə olmalıdır. Bunlar məsələnin ümumi tərəfləridir. Ancaq şübhəsiz ki, hər şeydən öncə, hər cür praktik şərait də mövcud olmalıdır.

Sözüm bunda deyil. Lakin sonda bir məqama da toxunmaq istərdim. Xatırladım ki, bu ildən büdcə-vergi siyasətində həyata keçirilən müvafiq tədbirlər sırasında ƏDV üzrə cəlb olunan dövriyyəni tədricən genişləndirmək (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətləri və sair), bu sahədə mövcud vergi güzəştlərini azaltmaq istiqamətində addımlar atmaq, o cümlədən, nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri vermək, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ƏDV-in müəyyən hissəsini istehlakçılara qaytarmaq tədbiri nəzərdə tutulurdu.

Belə ki, 2019-cu il yanvarın 1-dən fiziki şəxslərdən ibarət istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət və ya ictimai iaşə obyeklərindən alınmış mallara görə ödənilmiş ƏDV-in nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılmalı idi. 

Neft və qaz məhsulları istisna olmaqla...

Bu yenilik cari ildən Vergi Məcəlləsinə edilən 300-ə yaxın dəyişikliklər sırasında ən mühümlərdən biri idi. Dəyişikliklər yanvardan qüvvəyə minsə də, vergilərin geri qaytarılması, daha dəqiq desəm, ticarət və iaşə müəssisələrində alver zamanı tutulan ƏDV-nin POS-terminallar və kassa çeki ilə edənlər üzrə uyğun olaraq 15 və 10% hissəsinin müştəriyə geri ödənişi hələ də işə salınmayıb.

Bəli, təkrar edirəm: inzibati metodları gücləndirmək lazımdır. Ancaq eyni zamanda, stimullaşdırıcı vasitələrin tətbiqi də yaddan çıxarılmalı deyil və buna da diqqətlə yanaşılmalıdır.