Əməkdar artist: Filmlərə çəkilən “aktyorlar” bizim böyük bəlamızdır

Əməkdar artist: Filmlərə çəkilən “aktyorlar” bizim böyük bəlamızdır
14:35 04-12-2019 | icon 42

Aktyorların teatrı birdəfəlik tərk edib, seriallara getmələrini qəbul etmirəm. Sənətçilərimiz həm seriallarda, həm də tamaşalarda oynayırlar.

Bunu milletinsesi.info-a Əməkdar artist Anar Heybətov teatrlardakı son vəziyyətə münasibət bildirərkən deyib.

Əməkdar artist son vaxtlar çəkilən kommersiya filmlərini bəyənmədiyini bildirib:

“Düzdür, hazırda yeni gənc aktyorların teatrlara axını yoxdur. Amma istedadlı gənclər teatra cəlb edilir. Əslində aktyor olmadığı halda seriallara və filmlərə çəkilən “aktyorlar” bizim böyük bəlamızdır. Ancaq bunun qarşısını necə almağı bilmirəm. Pis-yaxşı, hamı film çəkir. Hətta bizim bəyənmədiyimiz film xalq tərəfindən daha çox baxılır. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Bəlkə də tamaşaçının zövqünü dəyişmişik.

Hazırda çəkilən filmlərin çoxuna baxmamışam. Amma baxdığım bir neçə kommersiya filmlərindən narazıyam. Aralarında yaxşıları da ola bilər, təəssüflər olsun ki, mən deyə bilməyəcəm. Serialların dəyişməsi üçün isə zaman lazımdır”.

“Təklif gələn kommersiya filmlərindən imtina etdiyiniz olub?” sualına aktyor belə bir hadisənin olduğunu açıqlayıb:

“Bu yaxınlarda kommersiya filminə dəvət etmişdilər. Amma özümü o filmdə görmədim. Təklif edən dostlarıma da bunu açıq şəkildə dedim. Yəqin ki, məndən incimədilər”.

“Özünüzü bir çox sənət dostlarınız kimi deputat görürsüz” sualına Anar Heybətov belə bir fikrinin olmadığını qeyd edib:

“Buna normal baxıram. Amma özümü deputat kimi görmürəm. İşimlə məşğul olsam, daha yaxşı olar”.

Son günlər Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ) konfransı ilə bağlı yaranan qalmaqala münasibət bildirən Əməkdar artist ittifaqın fəaliyyətini normal qiymətləndirib:

“Dostumuz aktyor Elnur Kərimov həmin konfransa dəvət olunmamışdı. Elnur ora dəvətsiz gəlmişdi. Elnurun xətrini çox istəyirəm. Amma mən olsaydım, dəvətsiz yerə getməzdim. İnanın ki, Elnur kimi çox aktyor həmin konfransa gəlmək istəyir. Ümumiyyətlə, ittifaq tam normal fəaliyyət göstərir”.

Sevinc Yasinqızı