“Forbes” azərbaycanlı milyarderlə bağlı sensasiyalı yazını niyə çıxardı?

“Forbes” azərbaycanlı milyarderlə bağlı sensasiyalı yazını niyə çıxardı?
12:22 04-12-2019 | icon 436

Dekabrın 1-də nüfuzlu “Forbes” jurnalında Azərbaycan əsilli iş adamı, milyarder İlqar Hacıyevin uğurları haqda material dərc olunub. Lakin yazı bir gün sonra saytdan çıxarılıb.

"MillətinSəsi.info"nun məlumatına görə, sözügedən yazının müəllifi afrikalı jurnalist Mfonobonq Nsehe isə “former contributer” (keçmiş kənar müəllif) olaraq adlandırılıb.

Mfonobonq Nsehe

Saytda səbəb kimi yalnız bu sözlər qeyd olunub:

“Redaktor qeydi: “Bu səhifə artıq aktiv deyil. Narahatlığa görə təəssüflənirik””.

Belə bir məqamda İlqar Hacıyevin kimliyi və fəaliyyəti yönündə suallar ortaya çıxıb. “Qafqazinfo.az” yerli KİV-də biznesmenlə bağlı yer almış bir neçə önəmli məlumatı toplayıb.

Məlumata görə, 1973-cü il təvəllüdlü Hacıyev İlqar Əlləz oğlu 2005-2009-cu illər ərzində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub. O, sonralar korporasiyadakı payını digər ortaqlarına sataraq əsas fəaliyyətini Rusiyaya keçirib və 2011-ci ildə orada “SDI Group”u yaradıb. 

İlqar Hacıyev KİV-ə açıqlamasında sahibi olduğu “SDI Group”un qısa müddətdə bir sıra böyük layihələrə imza atdığını, Moskvada və Moskvaətrafı vilayətdə 50-dən çox infrastruktur obyektini inşa etdiyini açıqlayıb. Onun sözlərinə görə, şirkətləri Rusiyadakı işi dövründə 8 milyard rublluq dövlət podratı yerinə yetirib.

Mətbuatda gedən yazılarda qeyd olunur ki, Hacıyev Rusiyada ələ keçirilmiş tikinti biznesi uğrunda Quba rayonunun, Qırmızı Qəsəbəsindən olan iş adamları German Raşbiloviç Zaxaryayev və Qod Semyonoviç Nisanova (əvvəllər işgüzar tərəfdaşlıq barədə anlaşmaları olub) qarşı mübarizə aparır. Bildirilir ki, iş adamı ailə üzvlərinin həyatından narahat olaraq Rusiyanı tərk etmək məcburiyyətində qalıb və hazırda xaricdə fəaliyyət göstərir.

Qod Nisanov - German Zaxaryayev

O, baş verənlərlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə və Rusiya hüquq-mühafizə orqanlarının rəhərlərinə müraciət ünvanlayıb. Hacıyev müraciətlərində Qod Nisanov başda olmaqla onun ətrafında olan yaxınlarının bütün fəaliyyətini darmadağın etdiklərini iddia edib.

Hacıyevin sözlərinə görə, sözügedən şəxslərin tikinti şirkətlərinə müdaxiləsi nəticəsində bütün tikinti meydançalarında işləri iflic vəziyyətinə düşüb. Eyni zamanda, kontragentlərə ödənişlərin edilməsi, həmçinin vergilərin ödənişi, əməkdaşlara əməkhaqqının verilməsi, materiallara görə təchizatçılara, yerinə yetirilmiş işə görə podratçılara ödənişlər mümkün olmayıb.

“Şirkətim zorla əlimdən alındıqdan sonra mənim ünvanıma Qod Nisanovun nümayəndələri tərəfindən bir sıra hədə-qorxular, o cümlədən fiziki cəzalandırma, həmçinin mənim şirkətlərimin fəaliyyətinin Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər nəzarət orqanları tərəfindən yoxlanlmasının təşkili ilə bağlı təhdidlər daxil olub, pul qoparma yolu ilə təzyiq göstərilib”, -deyə İ. Hacıyev deyib.

Başqa bir məlumatda isə İlqar Hacıyevin 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulu dələduzluqla ələ keçirdiyinə görə barəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində 04 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlandığı və ibtidai istintaq aparıldığı vurğulanıb.

Eyni zamanda, İlqar Hacıyev tərəfindən Rusiya Federasiyasının ərazisində digər dələduzluq əməllərinin törədilməsi ilə bağlı barəsində cinayət işləri istintaq olunmaqla yoxlamalar aparıldığına dair də məlumat yayılıb.

Belə ki, Hacıyev İlqar Əlləz oğlu tərəfindən dələduzluq yolu ilə “Asfaltbetonservis CDS” və “Betas” məhdud məsuliyyətlərinə məxsus 341.000.000 (üç yüz qırx bir milyon) rubl məbləğində pulun ələ keçirilməsi faktına görə, barəsində 30 aprel 2019-cu il tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Qərb İnzibati Dairəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin Daxili İşlər İdarəsinin İstintaq idarəsində Rusiya Federasiyası CM-nin 159-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.