Xanəndələrdən Elzaya cavab: Muğam haqqında başqa bir şey demək absurddur

Xanəndələrdən Elzaya cavab: Muğam haqqında başqa bir şey demək absurddur
18:49 03-12-2019 | icon 46

Əməkdar artist Elza Seyidcahan muğam ifaçıları ilə qalmaqal yaradaraq onların ifalarına qarşı sərt ittihamlar səsləndirib.

milletinsesi.info xəbər verir ki, Elza Seyidcahan “Atv maqazin onlarla” verilişində xanəndələri eyni mahnıları oxumaqda günahlandırıb:

“Nə qədər qışqırarlar? Nə qədər eyni zənguləni vurarlar? Muğamı həddindən artıq çox oxuyurlar. Artıq onlara qulaq asa və ya baxa  bilmirəm, məni yorurlar. Xanəndələrə eyni mahnını nə qədər oxutdurarlar? Səsləri mənim üçün adiləşib. Hətta onların arasında əməkdar artist və xalq artistləri də var”.

milletinsesi.info-a danışan Xalq artisti Mənsum İbrahimov muğam haqqında başqa söz deməyin absurd bir şey olduğunu bildirib:

“Onun dediklərinə fikir bildirmək artıq şeydir. Muğamımız bizim sənətimizin şahı və tacıdır.  Bundan sonrası yoxdur. Çünki muğamımız bizim sənətimizin əsasını təşkil edir. Bütün sənətimiz muğam üstündə qurulub.

Azərbaycan muğamı bütün dünyada sevilir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələri və tədbirlər muğamımızın tanınmasına şərait yaradır. Milli Opera və Balet Teatr səhnəsində belə, muğamlar səsləndirilir.

Bununla bağlı nəsə demək mənasız bir şeydir. Dünya bizi muğamımızla tanıyır. Ola bilər ki, Elza xanım gənc xanəndələrimizin hələlik muğamlarımızı tam qavraya bilməməsi ilə bağlı o fikirləri deyib. Amma bütün dünyada bizi təmsil edən böyük sənətkarlarımız var. Muğam haqqında başqa söz demək absurddur. Onu müzakirəyə çevirmək belə, mənasızdır.

Yaxşı muğam  ifaçılarımız isə sənətimizin daşıyıcılarıdır. Onların hər biri yüksək mükafatlara layiq görülən sənətçilərimizdir. Alqışa layiq insanlardır. Onlar haqqında kimsə nəsə deyə bilməz”.

Xalq artisti Səkinə İsmayılova isə milletinsesi.info-a açıqlamasında qeyd edib ki, Allahın bizlərə belə bir xəzinənin verməsinə görə sevinməliyik:

“Bu, Elza xanımın fikridir. Mən nə deyə bilərəm? O elə düşünür deyə, elə də danışır.  Amma muğam mənim ülvi xəzinəmdir. Milli xəzinəm əsrlərdən bəri gəlib bizə çatıb. Biz də onu gənclərimizə ötürürük. Sevinməliyik ki, Allah belə bir xəzinəni bizə bəxş edib. Bundan artıq bir şey demək istəmirəm”.

Sevinc Yasinqızı