Əri ilə bal ayına çıxandan sonra İŞİD-çi oldu - FOTO

Əri ilə bal ayına çıxandan sonra İŞİD-çi oldu - FOTO
15:21 03-12-2019 | icon 46

İŞİD terror təşkilatına qoşulan irlandiyalı qadın Türkiyə hərbçiləri tərəfindən ələ keçirilərək ölkəsinə ekstradisiya olunub. 38 yaşlı Lisa Smit suriyalı qaçqınların yaşadığı kampların birində tapılıb.

“Hürriyet” xəbər verir ki, İrlandiyanın sabiq Prezidenti Mary Robinson və Baş nazir Bertie Ahernin mühafizə qrupunda xidmət edən L.Smit İŞİD-ə qoşulmamışdan əvvəl imkanlı təbəqəyə mənsub olub. 

2012-ci ildə ordudan istefa verən qadın iraqlı həyat yoldaşı ilə Türkiyəyə bal ayına yollanıb. Lakin qısa müddətdən sonra həyat yoldaşından ayrılıb. 

2013-cü ildə L.Smit ilk dəfə Suriyaya yollanıb. Burada qadın növbəti evlilik həyatına başlayıb, Tunisdən olan terrorçu ilə izdivaca girib. 2014-cü ildə doğulduğu ölkəyə geri dönən L.Smit gizli yolla həmfikirlərini Suriyada gedən hərbi əməliyyatlara cəlb edib. 

İŞİD-ə qarşı başlanılan hərbi əməliyyatlar nəticəsində yaxalanan qadın ilk əvvəl YPG-nin kamplarında qalıb. Türkiyə hərbçilərinin Suriya ilə sərhəddə keçirdiyi əməliyyatlar zamanı qadın terrorçu həbs edilərək mühakimə üçün İrlandiya dövlətinə təhvil verilib.

Lisa Smitin azyaşlı qızı baxılması üçün qohumlarına verilib. İrlandiya qanunvericiliyinə əsasən, onu yeddi ilə qədər həbs cəzası gözləyir.