Qubada alma bağının sahibini daşla öldürdü - MƏHKƏMƏ

Qubada alma bağının sahibini daşla öldürdü - MƏHKƏMƏ
13:42 03-12-2019 | icon 49

Ali Məhkəmədə qətl törətməkdə ittiham edilən Samir Mahmudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. 

milletinsesi.info xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, S.Mahmudovun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Mahmudov Eldar Əhmədovun Qubadakı alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. E.Əhmədov S.Mahmudovu və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıblar və dəfələrlə mübahisə ediblər.

Sonuncu mübahisə zamanı S.Mahmudov alma bağında E.Əhmədova daş atıb. Daş onun baş nahiyəsinə dəyib. S.Mahmudov alma bağını tərk edib və bir neçə dəqiqə sonra E.Əhmədov ölüb.

S.Mahmudov ittihamla razılaşmır və özünü günahkar bilmir. Deyir ki, E.Əhmədov ağacdan yıxılaraq xəsarət alıb və vəfat edib.

Qeyd edək ki, S.Mahmudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.