Roza Zərgərli: Müğənnilər plastik əməliyyat etdirirlər ki, mənə bənzəsinlər - VİDEO

Roza Zərgərli: Müğənnilər plastik əməliyyat etdirirlər ki, mənə bənzəsinlər - VİDEO
12:28 03-12-2019 | icon 85

“Əkbərin oxuduğu “Məndən ayrılma” mahnısına aşiq olmuşam. Bəlkə də, mənim kimi. o mahnını Əkbərin özü belə reklam etməyib. 24 saat bu bəstəni paylaşmışam. Yoldaşımla ayrılırdıq, artıq boşanmaq üçün məhkəməyə gedirdim. Son anda Əkbər mənə bu mahnını göndərib dedi ki, “Buna qulaq as, bəlkə, fikrindən daşındın”.

Bu sözləri müğənni Roza Zərgərli duet həmkarı Əkbər Əliyevlə yeni kliplərinin təqdimatı zamanı milletinsesi.info-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Roza həyat yoldaşı ilə münasibətlərinin pozulmasından, hətta məsələnin boşanmaya kimi gəlib çıxmasından danışıb:

“Məndən ayrılma”ya qulaq asdım, fikrimdən daşındım. Boşanmaq fikrimdən daşındığımı ərimə çatdıranda Əkbəri “Instagram”da tapıb işarələdim, o da başa düşdü ki, barışdım. Sonra Əkbərlə mahnı yazdırıb, klip çəkdirdik. Hər şey əladır”.

“Həyat yoldaşınızla aranızda Əkbərlə oxuduğunuz duetə görə problem yaşamısınız?” sualını vermişdik ki, Zərgərli gülə-gülə gizlinləri gün üzünə çıxardı:

“Nə mənim ərim, nə də Əkəbrin sevgilisi bizi bir-birimizə qısqanır. Məni ərimlə barışdıran Əkbər olub, hara qısqanacaq ki?” (gülür)

Günay İbrahimlinin “Xanım müğənnilər plastik əməliyyat etdirib “kuvşin”ə bənzəyirlər” sözünə Roza belə münasibət bildirdi:

“Günay o sözləri mənə deyə bilməz. Amma o qızın sözlərində həqiqət var. Xanım müğənnilər qabardılmış şəkildə platik əməliyyatlar etdirirlər. “Kuvşin” mədəni çıxır, mən başqa söz deyərdim... (gülür). Fevral ayında ağır əməliyyata girəcəyəm. Omba sümüyümdə problem var. “Endoprotez” qoyduracam. Mənim kimi bir yerdə durmayan, hər zaman fəaliyyətdə olan insan üçün “endoprotez”i qoydurmaq şikəst olmaq kimi bir şeydir.

İnsan sağlam olmayanda xoşbəxt olmur. Ona görə də mən tam xoşbəxt deyiləm. Çünki sağlamlığımda problemlər var. Əməliyyatdan sonra iki ay efirlərə çıxmayacağam. Fəaliyyətimə bir az ara verəcəyəm. Bu da mənə xoşbəxtlik gətirmir. Nə ailəmə, nə də, yaxınlarıma zaman ayıra biləyəcəyəm. Müğənnilər bu əməliyyatı ona görə edirlər ki, mənə bənzəsinlər.

Əvvəllər də mənimlə bəhsə-bəhsə girirdilər. İlhamə Quliyeva yoxdur, ona görə onlar özlərini mənə oxşadırlar. Qısa ətək geyinməyi çox sevirdim. Amma bilirəm ki, qısa ətək geyinəndə vulqar görünürəm. Çünki bədən ölçülərim qısa ətək üçün uyğun deyil. Arıq qızlar geyinəndə kənardan daha cazibədar görünür. Qısa ətəyi Röya geyinəndə cazibədar görünür, mən geyinəndə isə biədəb, çünki “kuvşin” məsələsi var. Əynimə geyindiyim libaslar seksual görünür”.

Roza müsahibəsində növbədənkənar parlament seçkiləri ərəfəsində Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkələrdə başlanılan aksiyanı bu cür qiymətləndirib:

“Əgər nəsə yaxşı olacaqsa, olsun. O qədər insanlar var ki, onlara yaxşılıq etmişəm, əvəzinə pislik görmüşəm. Sizə bir sadə misal çəkim. Televiziya kanalına rəhbər vəzifəyə gələn insana dəstək durmuşam, onun yerinə çox sevinmişəm, elə birinci vurulan da məhz mən olmuşam. Ona görə bəzi şeylərdə kiməsə dəstək çıxmaqdan qorxuram. Allah bilən məsləhətdir. Ən əsası orada bizim sözümü çatdıran olsun. İncəsənət sahəsinə canı yanan insan lazımdır”.

Zərgərli bəzi müğənnilərin “Proqrama gəlirəmsə, qonaq tək mən olacağam” tələbinə sərt cavab verib, həmin ifaçıları sözləri ilə yıxıb-sürüdü:

“Bir dəfə belə bir hal yaşanıb. Payını alıb, çıxıb gedib. Adını demirəm ki, reklam olmasın. Mənim efirimə tək çıxmaq mümkün deyil. Verilişim korifey sənətkarlara aiddir. Mənim efirimə tək çıxmaq üçün isə korifey olub ölmək lazımdır. Amma indi bir-iki nəfər adam var ki, proqramıma tək çıxacaq. Bu, müğənni Elton Hüseynəliyevdir. Çünki mənim üçün Elton korifey sənətçidir.

Halbuki mən onunla real həyatda 5-6 dəfə görüşmüşəm. İrəliləyən aylarda Əkbər də verilişimə tək çıxacaq. Amma elə müğənnilər var ki, mən zamanında onlara çox dəstək çıxmışam. Onlar qulağının dibini görəndə, “Bakı vaxtı ilə” proqramını görərlər”.

Roza ilə Əkbər “Milyon şanslar” duetlərindən danışıb, Tükiyənin İstanbul şəhərində və “Böyük adada” lentə aldıqları klip haqqında danışdılar. 

Roza Zərgərli: “20 il dostluğumuzun nəticəsi olaraq qərara aldıq ki, mahnı lentə alıb klip çəkdirək. Mahnı özəl sifariş olunub. Bir hadisə danışmışdıq və bu hadisənin üzərində Hakan və Leyli Erollar mahnının musiqisini və sözlərini yazdılar. Klip sentyabr ayında çəkilib. İstanbul şəhərində payızı çəkməli idik.

Məhz bu səbəbdən çəkilişlər bir az uzun çəkdi. Klipin süjet xətti “love story”-dir. Klip hazırlanarkən mahnını “Youtube”da təqdim etdik. İzləyicilərdən xoş rəylər alırıq. Klip hər ikimizin “Youtube” hesabında yayımlanıb. Xərcləyən Əkbərdir, qazanan isə mən. Klipdə sevgi də var, ehtiras da, amma fərqli formada”.

Əkbər Əliyev: “Roza xanımı dürüst bir insan kimi tanıyıram. Həm də çox gözəl rejissordur. Klipdə olan bütün işləri Roza özü etdi. Mən də kənardan baxıb, heyrətə gəlirdim ki, bir insanda nə qədər güc, nə qədər informasiya ola bilər. O məni çox təəcübləndirdi”.

“Duet çıxardığınız zaman hər ikinizə digər həmkarlarınızdan “Gəl mənimlə duet oxu” kimi təkliflər gəldi?” sualına isə tərəflər bu cür münasibət bildirdilər: 

“Hər ikimizə belə bir təkliflər oldu. Doqquza yaxın duetim var. Amma “Hə, gəl oxuyaq” deyən olmayıb. Olub ki, gənc ifaçı ilə ödəniş müqabilində duet ifa etmişəm. Gəncin adı Valeh, bəstənin adı isə “Biri sənsən, biri mən”.

Çox da gözəl alınıb. Mahnını yazan bəstəkar özü həmin gəncə deyib ki, “Yaxşı olar ki, bu mahnını duet şəklində Roza Zərgərli ilə ifa edəsən”. Amma Valeh mənim tərəf müqabilim kimi deyildi. Hiss var idi, amma mahnı hissi. Əkbərlə biz planlı şəkildə duet oxuduq”.

Sənətçi pul təklifində sənət yoldaşları ilə duet oxumadığını bildirərək, tərəf müqabili Əkbəri təriflədikcə, təriflədi:

“Gənclərdən başqa sənət yoldaşlarımla pul müqabilində duet oxumağı qəbul etmərəm. Heç istəmərəm də olsun. Məsələn, bizim Əkbərlə duetimizin yaranması mənim böyük istəyimdən irəli gəlib. Boy və görkəm cəhətdən bir-birimizə uyğun gəlirik.

Zövqümüz də eynidir. Klipin maliyyə məsələlərinə gəldikdə isə, düşünmüşdük ki, ikimiz öz aramızda bölüşdürəcəyik. Amma orada elə bir abu-hava yarandı ki, Əkbər imkan vermədi mən nəsə öz cibimdən xərcləyim. Klipə 15 min dollardan bir az çox pul xərclənildi”.

Əkbər Əliyev efirlərə gec-gec çıxmasını bu cür izah etdi:

“Mən hansısa qapını döyəcək müğənnilərdən deyiləm. Efirlər mənim üçün o qədər də miqyaslı deyil. Həmişə kölgədə olmağa çalışıram. Çünki, şou-biznes həyatı mənə o qədər də yaraşmır, orada mənim işimə müdaxilə edəcək insanlar var. Adları açıqlaya bilmirəm. Şou-biznesdə belələri daha çoxdur. Buna görə də istədiyimi etməyə çalışıram. Lazım olduqda susmuram, sözümü deyirəm. Mən çox həssas bir insanam”.

Rəşad Əliyev